ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanın hazırkı “sovet mətbuatı” – Baş redaktorların fikirləri HAÇALANDI

4284    |   2017-08-12 09:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərirdi. Lakin müstəqilliyin ilk illərində cəmiyyət tədricən ideoloji buxovlardan azad oldu və mətbuat yeni şəraitin üstünlüklərindən yararlana bildi.

Buna baxmayaraq bu gün rəsmi mətbuatın hələ də sovet ənənələrini davam etdirdiyini düşünənlər az deyil.

Maraqlıdır, bu fikirlər nə dərəcədə doğrudur?

APA-nın baş direktoru Vüsalə Mahirqızısəsləndirilən fikirlərlə razı deyil. O, rəsmi mətbuatın sovet ənənələrini davam etdirdiyini düşünmür:

"Hesab edirəm ki, rəsmi mediada işləyənlər də bizim həmkarlarımızdırlar və onlar da müasir dövrün prinsiplərini bilirlər. Amma dünyanın hər yerində, o cümlədən Azərbaycanda rəsmi mətbuatın müstəqil mediadan, özəl media təşkilatlarından əlbəttə ki, ciddi fərqi var. Rəsmi mətbuatın üzərində olan məsuliyyət özəl media qurumlarından bir neçə dəfə çoxdur. Rəsmi media qurumları hər şeyi mütləq dəqiqləşdirməlidirlər. Bəzən buna görə onlar operativlikdə gecikə bilirlər. Rəsmi media qurumlarının qoyduğu xəbər başlıqları ciddi və konstruktiv, hətta müəyyən qədər mühafizəkar olmalıdır. Çünki onlar oxucu cəlb etmək xatirinə başlıqlarla oynamırlar.

Buna görə bəzən kimlərəsə elə gələ bilər ki, rəsmi mətbuat hansısa dövrün ənənələrini davam etdirir. Amma mən belə hesab etmirəm. Eyni zamanda nəzərə almaq lazımdır ki, rəsmi mətbuat dövlət büdcəsi hesabına fəaliyyət göstərir. Bu səbəbdən dövlət ideologiyasını daha çox təbliğ etməlidirlər.

Onların bu cür təbliğatla məşğul olması, rəsmi elanlar, qanunları dərc etdirməsi son dərəcədə normaldır. Özəl media öz biznes maraqlarını nəzərə alır və məhsullarının satılması üçün əlindən gələni edir. Rəsmi mətbuatda isə bu, belə deyil”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputatHikmət Babaoğlubildirib ki, bu cür fikirləri səsləndirənlər boş enerji sərf edir:

"Azərbaycan milli mətbuatı çox böyük inkişaf yolu keçib və biz böyük fəxrlə müstəqil mətbuatımızdan danışa bilirik. Milli mətbuatın fəaliyyəti çoxşaxəlidir. Bu gün Azərbaycan mediası öz mümkün funksiyalarının demək olar ki, hamısını layiqincə yerinə yetirir.

Düşünürəm ki, bunu qiymətləndirməmək ədalətsizlik olar. Çünki hazırkı mərhələdə Azərbaycan mətbuatı öz fəaliyyətinin cazibə mərkəzi kimi məhz milli dövlətçiliyimizi müəyyənləşdirib. Nəzərə alsaq ki, informasiya vasitəsi kimi mətbuat hazırda məhz informasiya cəmiyyətində fəaliyyət göstərir, bu zaman milli medianın fəaliyyətinin nə qədər təqdirəlayiq olduğunu bir daha görmüş olarıq.

Fikrimcə, Azərbaycan mediasının bu uğurları, xüsusən milli maraqların qorunması üçün xidməti kimlərisə narahat edir. Ona görə də media haqqında danışanda bəzən onu sovet mətbuatı ilə müqayisə edirlər. Ancaq sovet mediasından fərqli olaraq bu gün Azərbaycan mediası tamamilə azaddır, senzura yoxdur. Bu mühüm fərqi görmək lazımdır. Ancaq əlbəttə ki , mətbuat ənənələri baxımında hazırki milli mətbuatımız həm də sovet mətbuatının xələfi kimi çıxış edir”.

H.Babaoğlunun fikrincə, bu cür tənqidi fikirlərlə media icmamızın birliyini pozmağa çalışırlar:

"Təəssüf edirəm ki, bəzi hallarda xaricdən mənfi impluslar Azərbaycan cəmiyyətinə ötürülür. Bu impluslar həm sosial şəbəkələrdə, həm də media səviyyəsində bizim ictimai-siyasi gündəmimizi müəyyənləşdirir. Bütün bunlar boşuna enerji sərfidir. İstər qonşu ölkələrdə, istər keçmiş postsovet məkanında çoxsaylı media qurumları dövlətin Azərbaycan mediasına qayğısını qısqanır. Bu, anlaşılandır. Çünki bu gün Azərbaycan mediası dövlət tərəfindən çox böyük diqqət və qayğı ilə əhatə olunub. Medianın inkişafı üçün dövlət başçısı İlham Əliyev əlindən gələn hər şeyi edir. Bu da medianın milli maraqlar ətrafında birləşməsinə və fəaliyyət göstərməsinə çox mühim təsir göstərir. Belə olanda bəzi xarici qüvvələr də narahat olur. Nəyə görə Azərbaycanın informasiya məkanı milli maraqlar ətrafında bu qədər sıx və prinsipial şəkildə birləşib?...

Ona görə də müxtəlif, qeyri-obyektiv, tənqidi fikirlər söyləməklə bir növ bizim media icmazımızın birliyini, milli maraqlar ətrafındakı fəaliyyətini gözdən salmağa çalışırlar. Belə qüvvələr Azərbaycan daxilində də, xaricdə də ola bilər. Rəsmi mətbuat haqqında səsləndirilən fikirlər doğru deyil və bunlar milli mətbuatın inkişafını qısqananların icadıdır”.

"Ayna"-"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlıisə həmkarından fərqli olaraq, rəsmi mətbuatın sovet ənənələrini davam etdirdiyini düşünür:

"Dövlət mətbuatı sovet ənənələrini onun ən əcaib formalarında davam etdirir. Sovet dövrünün jurnalistikasında bu qədər təbliğat, təşviqat və yalan olmamışdı. Ümumiyyətlə, dövlət mətbuatı məfhumu olmamalıdır. Dünyanın heç bir normal ölkəsində dövlət mətbuatı yoxdur.

Mən ərəb ölkələri, Çin, Rusiya və ya Orta Asiyadan danışmıram. Dövlətin xüsusi olaraq maliyyələşdirdiyi hər hansısa media strukturu ola bilər. Məsələn, Amerikada olanda biz xanım redaktorla görüşdük. Bu redaktor tək fəaliyyət göstərirdi və redaksiyası da yox idi. Dünyada, Amerikada nə baş verirsə, hamısına etiraz edirdi. Amma hökumət onu maliyyələşdirirdi. Çünki o da öz sözünü demək istəyir. Amerikada sözün hətta hərfi mənasında belə söz azadlığı mövcuddur.

Deyilənə görə hansısa Skandinaviya ölkələrində bizim Kütləvi İnformasiya vasitələrinə Dəstək Fonduna (KİVDF) bənzər bir şey var. Lakin müəyyən şərtlər daxilində fəaliyyət göstərirlər.

Məsələn, BBC ictimai media qurumudur və dövlət büdcəsindən maliyyələşdirilir. "Amerikanın səsi”, "Azadlıq” radiosu da belədir. Bu media qurumları ilə dövlət arasında müqavilələr imzalanıb. Həmin müqavilələrə əsasən dövlət yaxud onları maliyyələşdirən struktur etik normaları pozar və ya buna cəhd edərsə, müqavilə ləğv edilir, media qurumunun yerinə başqası gəlir və iş davam edir”.

E.Şıxlı rəsmi mətbuatın başdan-ayağa təbliğat və təşviqatdan ibarət olduğunu qeyd edib:

"Bizim anlamımızda dövlət mətbuatı inkişaf etmiş ölkələrdə yoxdur. Düşünürəm ki, bizdə də olmamalıdır. "Azərbaycan” qəzeti tipində qəzetlər çap oluna bilər, amma sırf bülleten şəklində olmalı, qanunlar, fərmanlar göstərilməlidir. Məsələn, hansısa qanun müzakirəyə çıxarılıbsa, onun ilkin mətni müzakirəyə çıxarıla, çap edilə bilər.

Amma təsəvvür edin ki, Səhiyyə Nazirliyinin öz qəzeti var və qəzetini saxlamaq üçün bütün tibb işçilərini abunə olmağa məcbur edir. Bunu digər nazirliklərə, dövlət qurumlarına aid etmək olar. Lakin bu, jurnalistika deyil. Ona görə həqiqətləri öyrənə bilmirik. Dövlət mətbuatının hamısı başdan-ayağa təbliğat və təşviqatdır”.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK