adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Avqust 2017 00:50
11518
ƏDƏBİYYAT
A- A+

Götür ürəyini gəl bizə sarı...

Hörmətli Elçin müəllim, əziz dostumuz, Sizi, Azərbaycanın tanınmış simalarından birini, həmkarımızı 50 yaşınız tamam olması münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayırıq.
Əziz dostumuz, Siz bir qəzet redaktoru, bir siyasət adamı kimi günümüzün reallıqlarını cəsarətlə ifadə edir, öz fikirlərinizlə Azərbaycan ictimai mühitində fərqlənirsiz. Bundan başqa həm də gözəl şairsiniz. Şeirləriniz, ümumiyyətlə, bədii yaradıcılığınız oxucular tərəfindən həmişə böyük sevgi ilə qarşılanır. Şəxsiyyətinizlə yaradıcılığınız bir-birini tamamlayır. Ömrünüzün bu gözəl çağında, yəni 50 yaşınızın tamam olduğu bir gündə Sizi - yubilyar dostumuzu ürəkdən təbrik edir və bir daha deyirik: 50 yaşınız mübarək!
Hörmətlə: Millət vəkili Aqil Abbas
və "Ədalət" qəzetinin kollektivi


Sən hardan bilirsən
tənhalıq nədir?

Səng
heç üşüdünmü
İsti yay günündə?
Alovu saçlarını qarsan soba dibində
Barmaqların soyuqdan
titrədimi?
Sahibsiz köpəklərlə bölüşdünmü
Əllərinin hərarətini?
Rühün süzüldümü
Nəhəng ticarət mərkəzlərinin
Basırıq dəhlizlərindən?
Reklam lövhələrində
Alın yazını oxudunmu heç,
Qızcığaz?g
Sən hardan bilirsən tənhalıq nədir?

Səng
Heç
Sevgiylə qətl edildinmi?
Ruhunu asdılarımı
Özgə istəklərinin
dar ağacından...
Gözlərini açdınmı
Alnından süzülən
Soyuq tər damlalarının
Titrəyişinə?
Yas tutdunmu heç
Sevdiklərinin gəlişinə?
Sevə-sevə zorladılarmı
İçindəki məsum sevdaları?...
Doğmalar arasında özgə oldunmu?
Kölgə oldunmu
Ruhunu zorla daşıyan
Soyuq bədəninə?
Milyonların arasında
Tək qalmayasan deyə
Ruhunu
Zərrələrə
böldünmü heç?
Öz içində
Gündə yüz yol doğuldunmu,
öldünmü heç,
Qızcığaz?
Sən hardan bilirsən tənhalıq nədir?...

***
İçindəki kimsəsizliyin
ən son nöqtəsinə çəkilməkdi...
Tənhalıq...
Ayrılığa,
Yalnızlığa,
Ölümə,
tərk edilmək deyil,
Sevgiyə tərk edilməkdi...
Tənhalıq...

Gəl sükutda susaq...

Üşüyür yastığa sarılan qolların,
Qıvrılır qoynunda şaxta, boran, sazaq.
Rəsmini çəkirsən gözünə yolların...
Bütün rənglər qara,
Bütün yollar uzaq...

...Bir ömür kimsəsiz...
Doğmalar içində,
Doğmalar sevgini yağmalar içindən...
Bu sayaq sıxmalar, boğmalar içində
Bütün qəlblər məhbəs,
bütün eşqlər yasaq...
Ay ötdü, il keçdi...
Çiləmiz dolmadı,
Sən dedin: Ümid var,
Sən deyən olmadı...
Daha deyiləsi sözümüz qalmadı...
Qoy sükut danışsın -
Gəl sükutda susaq...

Götür ürəyini gəl bizə sarı...

Üşüyür bu gecəm Ay işığında
Yürü, çək yükünü gündüzə sarı.
Baxışım açılmış yumaq kimidi
Di al, bir ucunu...
Ulduza sarı...

Alışdım yuvamda dərd böyütməyə,
Sonra dən-dən ovub...
dərd üyütməyə...
Bir ocaq çatmışam dərdi ütməyə,
Götür ürəyini gəl bizə sarı...

Çarəsizliyin peyzajı

...Qarağac gölgəsində
Üşüyür dualar...
Üşüyür göz yaşları...
Sükuta keşik çəkir
Soyuq məzar daşları...
Bir ovuc torpaq...
Soyuq bir salavat çırpılır üzümə...
Allahın mərhəməti kimi...
Başdaşları üzərində saralır fotolar...
Saralır...
Tanrının ədaləti kimi...

Bağışla...

Sənə sarıldığım yerdə
Qırdığın qolu bağışla
Ver, ruhumu döyəcləsin,
Yağış ver,
Dolu bağışla...

Dərd çəkdim...
Bilən olmadı...
İz çəkdim...
gələn olmadı.
Tək sənin kölən olmadı...
Bu aciz qulu bağışla...

Bu yol sənə aparmasa,
Bu eşq -
İzini sarmasa
Ölüncə...
Sənə varmasa -
Getdiyim yolu bağışla...

Sən qoyduğun küncdə...

Bir bilsən nə qədər yorğunam. Allah,
Alan yox bu yükü çiynimdən mənim...
Ruhum əzab çəkir bu dar bədəndə,
Soyundur bu ömrü əynimdən mənim...

***
Quruyub dodağım, quruyub dilim...
Qalmısam kimsəsiz, tək, ayaq üstə.
Daha zamanın da əyilib beli
Di götür...
Şəklini çək ayaq üstə.

Verdiyin ömrü də yormuşam, Allah,
Vaxtın qələmini qırmışam, Allah.
Sən qoyduğun küncdə durmuşam, Allah,
Əlləri havada, tək ayaq üstə.


Bircə kəlmə payız...

Sən demə heç yoxmuş həsrətin sonu,
Sən elə tənhaydın, mən elə təkdim...
Nə çəkdin, nə çəkdim,
Bilirəm bunu -
Sən eşqi, mən eşqin şəklini çəkdim...

Sil mənim adımı,
Sil...
Yenidən sil...
Sevgi qatarının son biletindən.
Qəlbimdə ilməsiz bircə yer qalıb
Dur as gözümdəki portretindən...

Son sözüm nə oldu?
"Uzaqmı yollar?...
Bircə kəlmə... susma, burcə kəlmə yaz".
Dilimin ucunda iki fəsil var -
Bircə kəlmə payız, bircə kəlmə yaz...

Sənə nə göndərim,
Payız, yoxsa yaz?...
Mənimçün fərqi yox, elə xəzandı!
Daha içimdəki ocaq alışmaz,
Sən öz gözündəki çırağı yandır.

...Düşdün ayrılıqlar köçünə, yenə
Yol deyil qayıdıb gələ biləsən...
Dərd deyil çəkəsən içinə, yenə...
Yurd deyil...
Uğrunda ölə biləsən...

Gedəsən

Qurtulub bu qul köçündən
Nəyin var alıb gedəsən.
Milyonlarla yol içindən
Yolunu bulub gedəsən.

İlhamın yorulan yerdən,
Bulanıb durulan yerdən,
Son dəfə qırılan yerdən
Qələmi yonub gedəsən.

Yol bitsə də dönməyəsən,
Dünya qopsun...
Dinməyəsən...
Təkcə...
Dizə enməyəsən...
Çatlayıb, sınıb gedəsən.

Tapdalayıb tabuları,
Bu qondarma yapıları...
Çırpıb bütün qapıları
Cəhənnəm olub gedəsən!
Qış nağılı
Getdin,
Ümidlərin yol ayrıcında
Nə qərib göründü bu şəhər sənsiz...
Üşüdü gecənin tənhalığında...
Qışa təslim oldu bu səhər, sənsiz...

Soyudu havalar...
ürəyim kimi,
Yollar buz bağladı baxışlarımda...
Titrəyən nəfəsim çəkdi rəsmini,
Çəkdi yağan qarın naxışlarında...

Alnıma yazılan yazı əriyib

Dərdimin üstündə kirşə çəkən qız
Çəkmə, dərdlərimin buzu əriyib.
Sənin duz basdığın köhnə yaradı
Üstündə min ilin duzu əriyib...

Yenə aramıza səd düşüb, Allah,
Düşüb, toxum kimi...
Dərd düşüb, Allah...
İçimə elə bir od düşüb, Allah,
Alnıma yazdığın yazı əriyib...

Susduq göz yaşında xatirələrin,
İçində, dışında xatirələrin...
Gecdi...
Yaddaşımda xatirələrin
Ləpiri ovulub, izi əriyib.

Sənsizlik

Gəl, gülüm...
Yetimdi bu qapı sənsiz...
Ayaq səslərinə təşnə dəhlizim.
Bəlkə bir an öncə getmisən, amma
Mən yenə sənsizəm...
Yenə sənsizəm.

Mən yenə sənsizəm...
Bu sənsizliyin
əvvəli ayrılıq, sonu ayrılıq...
Bir sevda böyütdük göz yaşlarıyla -
Nəfəsi ayrılıq, qanı ayrılıq...

Azdıq bu sevdanın dolanbacında?
Sola hellənəndə
Sağa çıxmışiq.
Bir nəfəs çəkmişdik ah çıxarmağa
Demə...
çəkdiyimiz aha çıxmışıq...

Qoy olsun...
Sevgidən doğan bir ahsa
Təpədən dırnağa bu aha bataq.
Sevilmək gunahsa,
Sevmək günahsa
Gəl gülüm...
Birlikdə günaha bataq...

Kədərimi öp bir az...

Qop yerindən...
Yürüyüb gəl
Yolum səni gözləyir.
Dəhlizdə göydən asılıb
Qolum, səni gözləyir.

Həsrətindən alovlanır
Yanır...
Yanır nəfəsim.
Sənsizliyin havasına
Havalanır nəfəsim.

...Qop yerindən
Qop...
Qapımın
Küləyini qucaqla...
Qapım ilə bir açılan
Ürəyimi qucaqla ...

Gecəmi al ağuşuna,
Səhərimi öp bir az.
Nisgilimlə qolboyun ol,
Kədərimi öp bir az...