adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Avqust 2017 00:47
20235
ƏDƏBİYYAT
A- A+

Poetik düşüncələrin payız ovqatı

Çağdaş poeziyamızda məxsusi yaradıcılıq manerası, orijinal dəst-xətti, həmçinin poetik təfəkkürünün təravəti ilə seçilən istedadlı şeirlərdən biri Mehman Göytəpəlidir. Onun poetik düşüncələrinin fəlsəfi tutumu, yaradıcılıq fərdiyyətinin rəngarəngliyi sənət müstəvisində bədii özünütəsdiq faktoru kimi çıxış edir. Zəngin söz aləmi, bədii predmetə yanaşma özəlliyi, cəmiyyətə münasibət, duyğu və düşüncələrin təbiiliyi şairin poetik istedadının məxsusiliyini şərtləndirir.
Mehman Göytəpəlinin şeirlərində İnsanın daxili aləminin bədii-psixoloji mənzərələri, Zamanın, Vaxtın poetik-fəlsəfi qatları, həyatın sosial-ictimai təbəddülatları, həmçinin milli-mənəvi dəyərlərin müqəddəsliyinin poetikası obrazlı ifadələrlə, dolğun bədii təfəkkür işığında misraların səbatına çevrilir.
Onun son dövrlərdə sosial şəbəkələrdə paylaşdığı poetik nümunələr ciddi ədəbi axtarışlardan doğan uğurun səciyyəsidir. "İndidən durmuşam o daşın altda", "Haçan baxdım bircə söyüd ağlayır", "Qoxusundan tanıyıram bu dərdi", "Elə bil içimdən bir payız keçib", "İçimdə pünhan ağlayım", "İlləri qoydum qumara", "Səni ürəyimdə dəfn etdim bu gün", "Dəniz, mənim balamı ver" və s. şeirlər poetik təravəti, bədii ümumiləşdirməsi və müasirlik ruhu, çağdaşlığı ilə diqqəti cəlb edir. Sadaladığım bu şeirlərin hər birinin özünəməxsus poetik sanbalı var.
Şeir - duyğuların dilində danışan adam kimidir. Onunla danışmaq, yaxud onu danışdıra bilmək hər iki müsahibin məharətindən, daxili aləminin zənginliyindən asılıdır. Mehman Göytəpəlinin şeirləri çox maraqlı, kövrək ruhlu, səmimi müsahibdir.
"Elə bil içimdən bir payız keçib" şeiri bədii məziyyətləri ilə seçilir. Bu poetik nümunənin hər misrasında duyğuların nəbzi döyünür. 4 bənddən ibarət naqis qoşma formasında qələmə alınan şeirdən poeziya ətri gəlir. Poetik çəkisindən asılı olmayaraq, şeir səmimi və ürəyəyatımlı olmalıdır. Bu şeirin uğurunu şərtləndirən cəhətlər sırasında öncə səmimi ovqat, kövrək duyğular diqqəti cəlb edir. Bununla yanaşı, bu səmimiyyəti poetik məzmun, bədii-fəlsəfi düşüncə, dolğun sənət nümunəsi səviyyəsinə qaldıran amillər - obrazlılıq, təfəkkür zənginliyi və yenilik axtarışlarıdır. Şeir - həyat həqiqətlərinin, duyğuların, düşüncələrin bədii-fəlsəfi, poetik həqiqətə çevrilməsi hadisəsidir. Və bu bədii-fəlsəfi məqam misralarda əyaniləşir.

Xərclədi ömrümü hədərə illər,
Bükdü hər günümü kədərə illər.
Gör məni gətirdi nə yerə illər,
Elə bil içimdən bir payız keçib.

Bu gələn bəxtimdi, ya yol azandı?
O yolçu yubandı, bu yol uzandı.
Bağrımın hər yeri xəzan-xəzandı,
Elə bil içimdən bir payız keçib.

Bu şeirin əsas leytmotivini İnsan və Zaman komponentləri təşkil edir. "Ömür", "il", "gün", "payız" sözləri müstəqim mənada zamanı, vaxtı ehtiva edir. Lakin eyni məna komponentini daşıyan sinonim xarakterli sözlərə şair düşüncəsi poetik verərək, misralara bədii-fəlsəfi sanbal qazandırmışdır. El deyimində ömrün illərinin səmərəsiz xərclənməsinə aid fikirlər çoxdur. Şeirdə şair bu fikri əksinə deyir və bədii həqiqətində haqlıdır. "Ömür" və "illər" sözü şeirdə müstəqim mənasından fəlsəfi məzmuna keçir və inversiya hadisəsi baş verir. Misradakı "ömür" sözü şairin "lirik mən"ini, "illər" sözü isə zaman, tale anlamını daşıyır. "Bükdü hər günümü kədərə illər" misrası da poetik-fəlsəfi mündəricəlidir. Fəlsəfi düşüncədə "sadədən mürəkkəbə", "adidən aliyə" doğru mətləblər mövcuddur. Yaxud, "zərrədə küllü", "damlada ümmanı" ehtiva etmək bacarığı təfəkkür hadisəsi kimi səciyyələnir. Bu misrada isə məlum fəlsəfi düşüncənin əksini görürük, yəni, "ümmanda damlanı" görmək məharətini. Bu da "əksliklərin vəhdəti" adlanan fəlsəfi qanuna əsaslanır.
Şairin poetik əsərlərinin lirik qəhrəmanı öz müşahidə qabiliyyəti ilə diqqət çəkir. Onun fərdi poetik siması, yalnız qələmə aldığı nümunələrin üslub cəhətlərində deyil, həm də hadisələrə yanaşmasında, onları seçməsində və dəyərləndirməsində, lirik "eqo"nun əhval-ruhiyyəsini təravətli, həmçinin səmimi çalarlarla ehtiva etməsidir.
Mehman Göytəpəlinin şeirlərində "vəhdəti-vücud" fəlsəfəsindən doğan təsəvvüf elementləri də mövcuddur. "Məni hayana atdın" şeiri bu baxımdan səciyyəvidir.

"Bədən ət, ürək taxta,
Sevinc də, qəm də saxta.
Çox aradım, nə "yox"da,
Nə də "var"dayam, Allah..."

və yaxud

"Rəhminə əl uzatdım,
Yaman dadıma çatdın.
Məni haraya "atdın",
İndi hardayam, Allah?!"

Şairin ədəbi uğurunu şərtləndirən xüsusiyyətlərdən biri də onun qələmə aldığı mövzuların mahiyyətinə dərindən vaqif olması, gördüyü problemlərin səbəbini sənətkar kimi araşdırmasıdır. Milli-mənəvi dəyərlərimizə, islam fəlsəfəsinə bağlılığı, milli özünüdərk mövzularına bələdliyi diqqətdən yayınmır. Onun şeirlərində yalnız milli ağrılarımız göstərilmir, həm də bu bəlaları doğuran səbəblər bədii sənət güzgüsündə işıqlandırılır.

"Qara günlərdən keçib, günlərini ağ etdi,
Neçə təpəcikləri birləşdirib dağ etdi.
Kəfənini qanıyla boyayıb bayraq etdi,
Məzlumların başına məlhəm əlin çəkdi bil,
Türkün başqa dostu yox, türkün dostu türkdü, bil".

Milli birlik, yurd sevgisi, Turan eşqi onun yaradıcılıq kredosunun əsasını təşkil edir. Mehmanın şair kimi səciyyələndirən önəmli cəhət onun vətəndaşlıq qayəsinin səmimi və dolğun olmasıdır. Müxtəlif mövzularda yazılan şeirlərini səmimi ovqat, həyat hadisələrinə fəlsəfi baxış, xeyirxahlıq duyğuları, saf sevgi hissləri birləşdirir. Bütün bu məziyyətlər Mehmanın bədii sözə məsuliyyətlə yanaşmasının nəticəsi olmaqla yanaşı, həm də yetkin sənətkarlıq məharətinə yiyələnməsinə zəmanət verir.
O, dilimizin rəngarəng və zəngin təhkiyələrdən, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, mövzuların poetik həllini, bədii ümumiləşdirməsini özünəməxsus dəst-xətlə təqdim edə bilir. Sevgi mövzusunda yazdığı şeirləri də poetik təravəti, səmimi ruhu və orijinal deyimləri ilə maraq doğurur.

"Səsini çayların zümzüməsindən,
Ətrini yellərdən alıb qoxladım.
Bu gecə yanıma gələrsən deyə,
Yuxumun qapısın açıq saxladım".

Yaxud:

"Sən "şah əsər", mən "yarımçıq sətir"dim,
Hər günümü sənsiz yanıb bitirdim.
Heç bilmədim harda "salıb itirdim",
Ürəyimin "tən yarısı" çatışmır".

Mehman Göytəpəlinin orijinal, dolğun poetik deyimləri könül açır. Maraqlıdır ki, şairin bütün şeirlərində, mövzusundan asılı olmayaraq obrazlı düşüncə, lakonik fikirlər kifayət qədərdir. O, hər bənddə orijinal poetik lövhələr canlandıra bilir.
Mehmanın şeirlərində milli kolorit qüvvətli olduğu üçün böyük maraq doğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi müraciət olunan qoşma və gəraylı janrının ahəng və ritmində, bədii təsvir vasitələrin dolğunluğunda nəzərə çarpır.

Bu nə dərddi dəydi sənə? -
O dərdlə dayan, ağlayım.
İndiyəcən yaş tökmüşəm,
Qoy bir az da qan ağlayım.

Sən - qəm dadım, sevinc - dadım,
Yedim, qəmindən doymadım.
Həmişə göznən ağladım,
İndi qoy cannan ağlayım...g

Duyğularım damar-damar,
Bir qıy vursam, qəm oyanar.
Qorxuram yuxun islanar, -
Aç gözün, oyan, ağlayım.

Hər misrasından həsrət qoxulu sevgi duyğuları boylanan belə səmimi və obrazlı deyimlərlə süslənmiş poeziya nümunələrini yaradır şair Mehman Göytəpəli. Bu şeirin ruhundakı intonasiyanın təravəti poetik düşüncənin, bədii fikrin ifadəliliyinə məxsusi ovqat aşılayır.
İnsan canlı varlıq olaraq təbiətin bir parçasıdır, digər canlılardan fərqi odur ki, onun içində də bir təbiət mövcuddur. Xarakter, iradə, emosionallıq, düşüncə, arzu, sevinc, kədər, ümid və s. psixoloji komponentlər insanın daxilindəki təbiətin bizə məlum olan coğrafiyasıdır. Ancaq vizual təbiətdəki saysız-hesabsız sirlər kimi, virtual təbiətin də kifayət qədər sirləri var. Bu sirlərin bəzi nüansları müxtəlif üsul və vasitələrlə üzə çıxır.
Poetik mənanın sözlə işlənmiş vizual tablosuna baxaq. "Mən insan payızıyam" şeiri poetik məna çalarları ilə diqqəti cəlb edir.

"Onun gözü yaşlıdı,
Onun gülləri solub.
Mənim başım daşlıdı,
Mənim əllərim solub".

Yaxud:

"Ömrümün sızıldayan
Kökdən düşən sazıyam.
O - təbiət payızı,
Mən - insan payızıyam".

Payızda havalar soyuyur, soyuq yağışların intensiv həyatı başlayır. Bu vəziyyət təbiətdə baş verən ənənəvi fəsil əlamətidir.
Bu vizual təbiət hadisəsi, həm də "ömrün payızı"na varmış insanın içindəki virtual təbiətdə də baş verir. Hər iki təbiətdə baş verən fəsildəyişmə hadisəsinə şair ictimai-fəlsəfi məna vermişdir.
Bu qənaətdəyəm ki, Mehman Göytəpəlinin poeziyası ədəbi təhlil müstəvisində geniş araşdırılmağa layiqdir. Poetik enerjisi, zəngin məna çalarları, yetkin sənətkarlıq səriştəsi ilə diqqətçəkən bu poeziya ədəbiyyatımızı zinətləndirən sənət nümunələri sırasındadır.
İstedadlı şair dostum Mehman Göytəpəliyə yeni yaradıcılıq uğurları arzulayıram.