adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Avqust 2017 00:13
19802
LAYİHƏ
A- A+

Laçınım... Laçınım mənim

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


(əvvəli ötən saylarımızda)

Ermənistan SSR-nin sərhədlərində qonşu olan kəndlərdə də sakinlər birləşərək dayaq məntəqələri (postlar) yaratdılar. Bir nəfər də olsun "erməni dığasının" icazəsi olmadan Laçın rayonunun ərazisindən Xankəndinə, Qarabağa gedib-gələ bilmirdi. Göydə uçan hərbi vertolyotlar, təyyarələrin uçması məhdudlaşdı. Qırxqız dağlarında, Kotan qayanın üstündən uçan təyyarə dağa dəydi və qəza nəticəsində məhv oldu.
"Köhnə poçt" adlanan məhəllə ən hündür yerdə 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində həlak olan laçınlıların xatirəsini əbədiləşdirmək üçün Xatirə kompleksi inşa edilmişdi. Gözəl mənzərəli bu yerdən baxanda şəhərin hər yeri görünürdü. Ağaclar, bəzək kolları və güllər hər bir mənzərə, gözəllik bəxş edirdi. Yüz pilləkəni addımlamaq adamları daha da qürrələndirirdi. İkinci Dünya müharibəsində yüzlərlə laçınlılar öz qanı, öz canı ilə Böyük Qələbəni yaxınlaşdırmışdılar. Neçə-neçə həmkəndlilərimiz yaralanaraq əlil olmuşdular, neçə-neçə həryerlimizin hələ də ölüm haqqında "qara kağızı" gəlməmişdi. Onun yolunu gözləyənlərin gözləri yollara dikili qalmışdı. Yüz pilləkənə çatmamış sağ tərəfə dönüb baxmasan, Ana abidəsini ziyarət etməsən, heykəlləşmiş, daşadönmüş Ana və onun qucağındakı körpə səndən küsər, səni bağışlamaz...
Hər gün sübhdən Günəş Laçın dağlarının başı üstündən boylanıb mürgülü gözlərini ovuşdurur. Şəfəqlərini darayıb Ana abidəsini yuxudan oyadır. Sonra onu salamlayır.
- Salam, ana. Necəsən? Bu gecə necə rahatlanmısan, günün ağrılarına necə tab gətirmisən?
Ana abidəsi də analar kimi günün acısını, şirinini qəbul edir, dinmir, danışmır. Gecələr ağlayır, sızlayır ki, eşidən olmasın.
Özünü o yerə qoymur, başını aşağı salıb körpəsini oxşaya-oxşaya sevməyinə davam edir, dizi üstə əyləşdirir. Ana həmişə Günəşin üzünə şax baxır, körpəsinin gözləri qamaşmasın deyə onun yerini dəyişdirir, bu dizinin üstündən alıb o birisinə qoyur.
Ana abidəsi analara olan hörmət, məhəbbət, sədaqət, etiqad rəmzidir. Üzündə ismət hissi olan analar övlad, vətən, torpaq yolunda hər cür əzab-əziyyətə qatlaşıb, möhkəmləşib, axırda da heykəlləşib Laçında qaldı.
31 iyul 1989-cu il. Günəş bu gün küskün idi. Ana abidəsini oyatdısa da içində bir göynək, yanğı vardı. Ona baxıb gülümsədi, ancaq bu elə gülümsəmə deyildi, elə bil ürəyinə nə isə dammışdı. Buna baxmayaraq ana körpəsini yenə adəti üzrə yuxudan oyatdı, sevə-sevə oxşadı. Körpə gözlərini açdı. Ana yenə körpəsinin gözləri qamaşmasın deyə onu əks tərəfə çevirdi. Körpə bu gün Günəşə baxmaq istədi, artıq gec idi. Ana onun yerini çoxdan dəyişmişdi, çevrilib arxaya, Günəşə baxmaq istədi, başını çevirib baxdı, amma o da hiss etdi ki, bu gün Günəş hərgünkü Günəş deyildi. Küskün idi, rəngi də dəyişmişdi. Sanki bu gün Laçında, Ana abidəsinin başına nə isə bir hadisə gələcəyi ürəyinə dammışdı.
Bu günü həyəcanlı adlandıraqmı, yoxsa dəhşətli desək daha dəqiq olar? Bəli, həmin günün axşamı Laçında olan vəziyyəti dilə gətirmək belə dəhşətdir.
Uzun aylardan bəri Dağlıq Qarabağla əlaqədar hadisələrin təşvişi ilə yatıb-duran, daim əsəbi gərginlik keçirən, bu münaqişələrin nə ilə qurtaracağını bilməyən adamlar yenə də həyəcanlı, narahat idilər.
Hadisələr Zabuk dərəsindən, Həkəri çayından Laçına doğru avotmat atəşlərinin tükürpərdici səsindən başladı. Erməni ekstremistlərini müşahidə edən Sovet Ordusunun hərbçiləri patrona qızırğanmırdılar. Ermənistan SSR-nin Gorus rayonu istiqamətindən 15-20 yük dolu maşınlar guya Xankəndi şəhərində yaşayan ermənilərə humanitar yardım, tikinti-inşaat materiallarını çatdırmaq üçün Laçından keçməli idilər. Yük maşınları saxlanarkən müəyyən olmuşdur ki, yükün altında hərbi sursatlar vardır. Bundan Sovet ordusunun əsgərlərinin xəbəri olmamışdı. Adamlar bu səs-küyə görə küçələrə tökülüşmüşdülər. İlk yaralanan Gürcüstan SSR-nin Bolnisi rayonundan olan inşaatçı tələbə, ADU-nun fizika fakültəsinin tələbəsi Məhəmməd qıçından, başından, ümumiyyətlə üç yerdən yaralanmışdı. Tələbənin "günahı" bu idi ki, atəş səsinə yaşadığı Əvəz Verdiyev adına Laçın şəhər orta internat məktəbinin həyət qapısına yaxınlaşıb qarışıqlığın, atəşin səbəbi ilə maraqlanmışdı.
12 uşaq anası Ayna Quliyeva Laçın şəhərinin "Köhnə poçt" adlanan məhəlləsində yaşayırdı. Ana küçəyə çıxmaq istəyirdi ki, körpə balalarından bir xəbər bilsin, onları bu qorxulu yerdən uzaqlaşdırsın. Lakin elə bu vaxt namərd gülləsi onun qıçını parça-parça etdi.
Bu vaxt Ana abidəsi öz balasını bağrına basdı, o da Ayna ana kimi istəmirdi ki, güllə onun balasına dəysin. Anaların fəryadı, günahsız adamlara atılan güllələrin səsini eşidilməz etdi.
Balaca Hikmət Abbasova, müəllim Heydər Cəfərova güllə öz həyətlərində dəyib, yeniyetmə Faiq Əlbəndova isə şəhərarası avtobus gözlədiyi yerdə. Yaralananların siyahısında Abuzər Bayramovu, Vahid Bağırovu, Zakir Məmmədovu, Taleh Bayramovu və başqalarını da əlavə etmək olar. S.M.Kirov küçəsi, 3 nömrəli evin 18-ci mənzilinin (sahibi Firəngiz Həşimovadır) pəncərəsini deşən güllə pərdəni yandırıb keçib tavana, evdə yanğın hadisəsi baş vermişdi. Neçə mağazanın şüşəsi çilik-çilik olub, bufetçi Yaqub Şükürovun, "QAZ-24" markalı avtomaşını, milis mayoru Rafiq Novruzovun "Niva" markalı avtomaşınını, şose yolu üstündəki təbii qaz xəttinin boruları güllələrdən xəlbir kimi deşik-deşik edilib, Bayram Baxışovun "Zaporojets" avtomaşını zirehli hərbi maşın konserv qutusu kimi yoğurub yığmışdı bir yerə.
SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə Ayna Quliyevaya "Qəhrəman ana" adı verilmişdi. Ayna ananın taleyində qara və zülmlü günlər başlamışdı. O, həyat yoldaşı Məhyəddin ata ilə əbədi olaraq ayrılmalı olmuşdur. Qara torpağın üzü yaman soyuqdu, onu öz qoynuna almışdı. O vaxtdan Ayna ana saçının birini ağ hördü, birini də qara. İqtisadi cəhətdən dolanışığı çətin olan Laçın şəraitində 12 övladına həm ana oldu, həm də ata. Böyük oğlu Afətin ilk qazancını əlinə alandan gözləri yaşla doldu. Ürəyində taleyindən bərk gileyləndi, demək uşaq vaxtında balam qazanc gətirdi, yəqin ki, Məhyəddin ata sağ olsaydı, heç qoyardı Afət işləsin bu vaxtında. Sonra bu fikirlərindən daşındı, Allah-təalaya çox şükür, Afət kişi olub, atasını əvəz edir.
Erməni ekstremistləri tərəfindən qızışdırılmış saqqallı "əsgərlərin" gülləsinə nə üçün ana hədəf olmalı idi? Bu bir yana, Laçın və onun sərhəd kəndlərinə basqın edən saqqallı erməni terrorçuları Sovet Ordusu üçün istehsal olunan müasir silahlarla yaraqlanmışdılar. Onlara silah verən hərbçilərin fikri nə idi görəsən? Bunu kimdən soruşmalıyıq, görəsən bu suallara kim və nə vaxt cavab verəcəkdir?
Budur, analar əziz övladlarını Silahlı Qüvvələrdə xidmət etməyə yola salmağa belə qorxurlar. Qorxurlar ki, balalarını son zamanlar orduda baş verən qanunsuzluqlar, özbaşınalıqlar əllərindən ala bilər.

Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Qarabağ müharibəsinin veteranı