adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Avqust 2017 23:00
15045
ELM VƏ TƏHSİL
A- A+

Ən çox maraq hansı peşələrədir?

İlk peşə-ixtisas təhsili müəssisələrinə ən çox maraq azpaz ixisasınadır. Bu ixtisaslar arasında kompüter operatoru, veb-dizayner, kompüter ustası, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi var.

Bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili "Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.

A.Əlili bildirib ki, Təhsil Nazirliyinin "ASAN xidmət”lə birgə həyata keçirdiyi layihə çərçivəsində avqustun 1-dən bu günə qədər 5 minə yaxın vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.
"Gözlənildiyi kimi, peşə-ixtisas təhsili müəssisələrinə qəbula böyük maraq var. Valideynlər "ASAN xidmət” mərkəzlərinə gələrək ixtisaslarla maraqlanır, mütəxəssislərimizin köməyindən istifadə edərək müvafiq ixtisasları seçirlər. Bəzi ixtisaslara böyük maraq olduğu halda tamamilə diqqətdən kənarda qalan ixtisaslar da var”. A.Əlilinin sözlərinə görə, bu vəziyyət qəbulun növbəti mərhələsində daha çox namizədin kənarda qalmasına səbəb ola bilər: "Bəzi ixtisaslara həddən artıq böyük maraq var, bəziləri isə yeni olduğundan seçən yoxdur. Vətəndaşların məlumatsızlığı, standart ixtisas seçmələri, yalnız bir ixtisasa və ya bir peşə təhsil müəssisəsinə üstünlük verməsi növbəti mərhələdə onların özləri üçün problem yarada bilər”.

A.Əlili ötən günlər ərzində müşahidə etdikləri problemlərə də toxunub: "Maraqlıdır ki, valideynlər "ASAN xidmət” mərkəzlərində qeydiyyatdan keçdikdən sonra məktəblərə gedir və sonradan qayıdıb ərizələrini dəyişdirirlər. Ümumiyyətlə, müşahidə edirik ki, bəzi valideynlər yenə də yaradılan şəraitdən yararlanmır, gənclərin sahəyə olan maraqlarını dəyərləndirmirlər”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin mütəxəssislərinin mütəmadi olaraq reydlər, qəbul mərkəzlərinə baxış keçirdiyini vurğulayan A.Əlili aşkar etdikləri hər hansı nöqsanın dərhal aradan qaldırıldığını və belə hallar olduğu halda vətəndaşların Agentliyə məlumat verməsinin vacibliyini də vurğulayıb.(publika.az)