adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Avqust 2017 21:38
14997
MƏDƏNİYYƏT
A- A+

Monqolustanda qədim türk məbədi aşkarlandı

Beynəlxalq Türk Akademiyasının (TWESCO) Monqolustan Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutu ilə birlikdə "Şivvet Ulan” ayinlər abidəsi yerləşən ərazidə 2017-ci il iyunun 15-də başladıqları arxeoloji qazıntılar başa çatıb.

Ekspedisiyada iştirak edən arxeoloqlar və alimlər ötən əsrlərdən qalan qədim kitabələr və daşlar,eyni zamanda məbədin ətrafında təmizləmə işləri aparıblar. Qədim daşlar torpaq qalıqlarından təmizlənib. Və məbədin içərisinə gedən üç yol açılıb.

Arxeoloji qazıntılar zamanı məlum olub ki, səkkizguşəli dördkünc türk məbədi daşdan tikilib. Məbədin ortasında daş insan heykəli də aşkar edilib. Adətən ayinlər keçirilən zaman istifadə olunan belə bir daş abidə ötən ilki arxeoloji qazıntılar zamanı da üzə çıxarılmışdı.

Məbədin əsas meydançasında itilənmiş bıçaq, bəzəkli daş qırıqları, dəmir ox ucluqları, əqiq və yaqutdan düzəldilmiş muncuqlar, dəmir bel kəmərləri və dəmirdədn düzəldilmiş düymələr də tapılıb.

Məlumdur ki, qədim türk dövründə dünyadan köçən yüksək mərtəbəli şəxslərin və hakimiyyət nümayəndələrinin, imperiya rəhbərlərinin-xaqan, yaqbu, şad, tərxan, teginlərin şərəfinə, onların xatirəsinə hörmət əlaməti olaraq, ruhları ilə əlaqə yaratmaq, ayinlər keçirilməsi üçün məbədlər tikilirdi. Bütün Mərkəzi Asiya regionunda Göy türklərin hakimiyyəti dövründən yadigar qalan "Şivyet Ulan” məbədi də belə ayinlər keçirilən məskənlərdən biri kimi bu günümüzə qədər gəlib çıxan yeganə və təkrarolunmaz abidədir. Akademiya qədim türk abidələrini gələcəkdə də axtarmaqda və tədqiq etməkdə davam edəcək.

Xatırladırıq ki, Türk Akademiyası ötən il də Monqolustanda yerləşən "Şivyet Ulan” ayinlər məbədinə ekspedisiya təşkil etmişdi. Ekspedisiyada Azərbaycan, Qazaxıstan, Monqolustan, Türkiyə və Rusiyadan gəlmiş jurnalistlər də iştitak edirdilər.(modern.az)