ANA SƏHİFƏ / MƏMLƏKƏT

“İçərişəhər”lə bağlı şikayət məktubuna rəsmi reaksiya

3944    |   2017-08-11 12:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"10 avqust 2017-ci il tarixində bir sıra kütləvi informasiya vasitələri tərəfindən və sosial şəbəkələrdə İçərişəhərin bir qrup sakini tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış məktubun mətni dərc edilib. Məktubda İçərişəhər, 2-ci Kiçik Qala döngəsi, ev 8 ünvanında yerləşən binada "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin icazəsi ilə təhlükəli tikinti işlərin aparıldığı və nəticədə ətrafdakı binalara zərər vurulması barədə həqiqətə uyğun olmayan, qeyri-dəqiq informasiya qeyd edilib”

Bu barədə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir, İdarə tərəfindən qəzalı binaların davamlı monitorinqi aparılır.

"Belə binaların sakinləri və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində aparılan monitorinqlər qəzalılıq vəziyyətinə nəzarət etmək və zərurət yarandıqda müvafiq tədbirlər görməyə imkan yaradır. Qeyd edilməlidir ki, son bir neçə il ərzində İçərişəhərdə 80-ə qədər qəzalı vəziyyətdə olan binaların qəzalılıq vəziyyəti qabaqlayıcı tədbirlər nəticəsində aradan qaldırılıb.

Sözügedən 2-ci Kiçik Qala döngəsi, 8 ünvanında yerləşən ikimərtəbəli binada da İdarə tərəfindən dəfələrlə monitorinqlər aparılmış və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən binanın damındakı yüngül konstruksiyadan ibarət olan mansardın mövcud layihəyə, tikinti norma və qaydalarına, eləcə də standartlara uyğunluğu barədə rəsmi rəy təqdim olunmuşdur (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 2 iyun 2017-ci il tarixli 23698 saylı Rəyi). Həmin Rəy binada yüngül konstruksiyalı mansardın heç bir təhlükə yaratmadığını təsdiq edən müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəddir.

Bu barədə müvafiq məlumatlar İdarə tərəfindən sorğulara cavab olaraq məktubla müraciət etmiş sakinlərə dəfələrlə rəsmi olaraq çatdırılıb".

Qeyd olunub ki, məktubda imzaları qeyd edilmiş sakinlərin əksəriyyəti İdarəyə rəsmi müraciət edərək müraciətdə qeyd olunanlardan tam xəbərsiz olduqlarını və məsələ ilə əlaqədar İdarəyə qarşı iradlarının olmadıqlarını söyləiiblər.

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən daimi diqqət və qayğı nəticəsində İdarə hər zaman olduğu kimi tarix və mədəniyyətimizin zərif incisi olan İçərişəhərin qorunması, dünyada təbliği və inkişaf etdirilməsi üçün addımlar atmaqdadır. Bu isə məhz dövlət rəhbərliyinin İçərişəhərin mühafizəsi və restavrasiyasının beynəlxalq səviyyədə təşkili, zəngin milli-mədəni və tarixi-memarlıq irsinin qorunması və inkişaf etdirilməsi sahəsində uğurlu dövlət siyasəti nəticəsində mümkündür.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha İçərişəhərə olan diqqətə görə bütün kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirərək, gələcəkdə Qoruq barəsində yalnız yoxlanılmış məlumatların dərc ediləcəyinə əmin olduğunu bildirir”.




İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO