adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Avqust 2017 11:15
19528
MƏMLƏKƏT
A- A+

“İrəli” “Gənclərin Simulyasiya Akademiyası”na hazırlaşır

"İrəli” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Gənclərin Simulyasiya Akademiyası” layihəsi həyata keçirəcək.

İctimai birlikdən verilən məlumata görə, layihəsinin əsas məqsədi ölkə gəncliyinin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir. Həmçinin, özəl və idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması da layihənin əsas istiqamətlərini təşkil edir.

Eyni zamanda, "Gənclərin Simulyasiya Akademiyası” qərar qəbulu məsələlərində onların proaktiv fəaliyyətinə dəstək verməklə gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin edəcək.

Layihə Azərbaycanın gələcək inkişafına istiqamətlənmiş "Azərbaycan 2020 : gələcəyə baxış ” inkişaf konsepsiyası - strateji yol xəritəsi kimi ölkəmizin çiçəklənməsində başlıca perspektiv istiqamətlərin müəyyən edilməsinə yönəlib. Artıq post-neft dövrünə qədəm qoymağımız, ənənəvi neft və neft məhsullarının hasilatı və istehsalı amilləri ölkənin prioritet istiqamətləri kimi qəbul olunmamalıdır. Yüksək elmi-texniki yenilik və tərəqqinin istifadəsini uğurla tətbiq etmiş dünya ölkələri təcrübəsində sözügedən məsələnin əhəmiyyətini dərk edə bilərik. Eyni zamanda, ölkənin iqtisadiyyatının dayanıqlı və davamlı olması üçün fəaliyyət istiqamətlərinin diversifikasiyası müasir dövrdə dünyada cərəyan edən qlobal böhran amillərininin təsirindən müəyyən mənada yan keçməyə yardım edən alət kimi çıxış edir.

Məhz yuxarıda sadalanan məsələlərin vaciblik dərəcəsini qeyd edərək, ölkə gənclərində innovativ düşünmə meyllərinin artırılması, qərar qəbul etmə prosesində risklərin idarəolunması, anti-böhran fəaliyyətinin təşviqi, dövlət idarəçiliyində və ölkəmizin inkişafı yolunda gənclərin peşəkar kadr kimi yetişdirilməsi, onlarda təşəbbüskarlığın artırılması ideyasını rəhbər tutaraq "Gənclərin Simulyasiya Akademiyası” adlı layihənin icrası nəzərdə tutulub.

Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən, layihə 3 ay müddətində 50-ə yaxın gəncin birbaşa iştirakı ilə müxtəlif ekspertlərin təlimləri əsasında baş tutacaq.

Təlimlərdən sonra "workshop” (qrup işləri) ilə gənclər tərəfindən simulyasiya keçmiş müxtəlif istiqamətlərdə təkliflər paketi hazırlanıb, müxtəlif qurumlara təqdim ediləcək.