adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Avqust 2017 00:19
14027
ƏDƏBİYYAT
A- A+

GƏNC ŞAİR ELNURUN YUXULARI

Şairin bu il Şuşanın işğal günündə yazdığı "Şuşa" şeiri rəssam işindən bizə baxır. Özü də iki rəssam işindən. Birində həqiqətən Şuşanın bu gününü çəkmiş bir rəssamın işindən söhbət gedir. İkinci rəssam isə şairin özüdür:

"Bu gün bir rəsmini gördüm mən sənin,
Necə də saralıb gülün, çəmənin,
Nə yaman küskünsən, qərib vətənim
Qalmısan qüssəylə, qəmlə baş-başa!
Sənə əsir olmaq yaraşmır, Şuşa!

Qoruya bilmədi səni nadanlar,
Vətən torpağını bölüb satanlar.
Qoynunda doğulan körpə fidanlar,
İndi həsrətinlə dolurlar yaşa!
Sənə əsir olmaq yaraşmır, Şuşa!

Yolumuz bağlanıb, gələ bilmirik,
Qoynunda can verib ölə bilmirik,
Danışa bilmirik, gülə bilmirik,
Baharımız dönüb əbədi qışa!
Sənə əsir olmaq yaraşmır, Şuşa!"

Burada artıq rənglər sözə çevrilir. Tarix əvvəlcə rəng alıb, rəng verir, sonra söz olur, misralara dönür. Lövhələr gözlərimizin önündə dəyişdikcə varlığımızda dar ağacı qurulur, etiraflar, özünü ittihamlar və mənəvi intiharg Ölə bilməmək intiharı. Bu da Elnurun mövzuya verə bildiyi orijinal sondur. Amma bu sonluq ayıldıcı, səfərbəredici bir yük daşıyır. Gücə dönüş inamı aşılayır.
Bir vaxt Şuşada doğulub, ancaq demək olar ki, Şuşanı görə bilməyənlər yaşa dolur və bu yaşa dolmanın özü də ağırlıqla dolu ağrı yükü daşıyır.
Şair Qarabağla - Vətən, Qarabağ yaraları ilə millət arasında bir Şuşa körpüsü qurub Şuşa şeirində. Körpülər isə sükutla olsa da, həmişə insanları çağırır; gəl keç, muradına yetmək istəyirsənsə, bu körpüdən keçməlisən.
gHələlik "Qartal" şeirində bizimlə, dünyamızla və qəlinə munis olan Qartalla onun kövrək, yaralı qəlbinin çırpıntılarını eşidir və biz də onunla birgə kövrəlirik:

"Qartal, o yerlərdən asta keç, nolar,
Tələsmə çatanda sən Cəbrayıla.
Əhvalım dəyişər, gözlərim dolar,
Həsrətlə baxanda mən Cəbrayıla.

Qartal, muradıma yetir sən məni,
Doyunca dolaşım, gəzim vətəni.
Elə ki, yetişdin sən bizim kəndə,
Qanad çal, dövrə vur, yerə en sən də".

Bu yerdə Elnur Qərarinin "Atam səfərə getdi" poeması haqda bir neçə kəlmə demək istərdim.
Əsər atasına ruhən bağlı bir uşağın dilindən, səfərə gedən, ancaq qayıtmayan ata haqqında çox kövrək, qəmli bir nağıl dili ilə danışılır. Bəli, məhz yazılır yox, məhz danışılır. Misralar təbii axarla elə məntqii ardıcıllıqla, hərarətli bir duyğu ilə geriyə dönməyən yolun taleyini yaşayır. Ona görə yaşayır deyirəm ki, burada hər bir misra canlıdır:

"Bir səhər evdən çıxıb,
Atam getdi səfərə.
Çox gözlədim yolunu,
Axşam oldu gəlmədi,
Gecə oldu gəlmədi.
Az qalırdı səhərə,
Qayıtmamışdı hələ.

Pəncərənin önündə
Dayanmışam səhərdən.
Gözləyirəm yolunu,
Atam dönmür səfərdən,
Boğuluram qəhərdən.

Səhərəcən yatmadım,
Dan yeri söküləndə
Küləklər verdi xəbər.
Kaş ki, bitməzdi gecə,
Açılmazdı bu səhər.
Özü ilə barabər
Gətirdi qara xəbər!
Gətirdi qara xəbər!"

Poema şairin poetik aləmində dünya modeli qurmasıdır. Burada həyat bütün əlvanlığı ilə görünməlidir: Sevgi də, həsrət də, ayrılıq da, vüsal da - ağ da, qara dag "Atam səfərə getdi" poeması Elnurun poeziyada təbii imkanlarına (istedadına) ən yaxşı ədəbi faktdır.
Əsərin son bəndləri də müharibə dəhşətlərinin yaddan çıxmayan mənzərəsini bir daha yaddaşa diqtə edir:

"Anam vaxtsız itirir
Ən yaxın siradışını.
O, son dəfə atamın
Tumarlayır başını.
Ömür-gün yoldaşını
Göndərir son mənzilə.
Ardından gilə-gilə
Axıdır göz yaşını,
Qucaqlayır başını.

Mən də qalıb bir küncdə,
Olanları bayaqdan
Seyr edirəm sakitcə.
O dəhşətli mənzərə
Gözümdən getmir hələ.
Qardaşlarım ağlayır,
Gözlərdə yaş çağlayır.
Amma kiçik qardaşım
Bunu dərk etmir hələ.
Hey baxır gələnlərə,
Hey baxır gedənlərə.

Atam getdi səfərə,
Çiynində boz çantası.
Atıldı səngərlərə,
Yüzlərlə əsgərlərə
Yardım etdi, yetişdi.
Qurtarmaqçün zülümdən,
O, qorxmadı ölümdən.
Səngərlərdə düz getdi,
Sonda canından keçdi".

Zənnimcə, "Atam səfərə getdi" əsəri ayrıca poema qrifi ilə işarələnməli, kitabda ayrıca yer almalı idi. Bəlkə də bu yanaşma kiabın da adını özündə işarələyə bilərdi.
"Həsrət dolu düşüncələr" bu günlərdə "Vətən" nəşriyyatında 3 saylı Bakı mətbəəsində nəşr olunub. Görkəmli naşir, ilk poliqrafçı alimimiz, yazıçı və jurnalist Şəddat Cəfərovun kitab gözəlliyi ilə bağlı münasibəti formada görünür. Redaktor və ön sözün müəllifi istedadlı nasir Nəriman Mahmud keçmiş şagirdinin yazıları barədə isti, hərarətli fikirlər söyləyib. Ustad sənətkarımız Ənvər Əhməd də ədəbiyyatımıza yeni gələn istedadın ədəbi gəlişini qutlayır.
Elnur Qərari (Şahmarov Elnur Qaçay oğlu) Cəbrayıl rayonunun Xələfli ərazi nümayəndəliyinin Qərar kəndində 1980-ci ildə - səhiyyə işçisi ailəsində doğulub. Qərar kəndi Cəbrayıldan üzü yuxarı meşələrin başlandığı, buz kimi soyuq dağ bulaqlarının çağladığı yerdə, dağların qapısında idi. Bu kənddən keçməklə dağlar adlı möhtəşəm saraya qədəm qoyardıq. Qərar kəndinin dibində, kiçik dağ çayının sağ yanında Qərar ocağı vardı; saf niyyətli insanlar həmin ocağa salam verməyi özlərinə borc bilər, buradakı buz bulaqdan içməklə canlarına şəfa alardılar. Elnur belə bir yurdun övladıdır. Heç vaxt yaddan çıxmayacaq belə bir yurddun övladı olmaq da qürur gətiricidir.
Onun atası müstəqil Azərbaycan ordusunda ilk ağ xalat geyən tibb işçilərimizdən idi. Ağır döyüşlərdən keçmişdi. Və həmin ağır günlərin birindəg Gənc yaşından ağsaqqal, ağayana, özünə yaraşan müdrikliyi vardı. Yeri gəlmişkən, Elnurun atası Qaçayla mən 10 il bir partada oturmuşuq, birgə orta təhsil almışıq. Onu döyüş yerlərində, ölümün yağış kimi yağdığı məqamlarda da görmüşəm. Ağ yol, Şayaq, Sur ətrafındakı döyüşlərdə neçə gəncin həyatını xilas etmişdi. Olub ki, məni sinəmdən geri itələyib, sən buradan da baxa bilərsən, burdan o tərəfə getmə - deyib.
Bəlkə də bu bir həkim təlimatı idi. Ancaq burada dosta, insana dərin hisslə yanaşma da inkarolunmazdır.
Bütün bunlardan sonra düşünürəm ki, Elnurun yolu, həm də atasının yarımçıq ömrünün davamıdır.
Bir neçə kəlmə də Elnur Qərarinin əhatə olunduğu əbədi mühit haqqında: gənc olsa da, ustad sənətkarlarımız Ənvər Əhməd, Oqtay Rza ilə ehtiramlı münasibət saxlayır. Keçmiş müəllimi, yazıçı Nəriman Mahmudla sanki müəllim şagird müqəddəsliyini qoruyur. Bədii qiraət ustası Ağalar Bayram, gözəl şairimiz Ramiz Qusarçaylı ilə dostluq, radio publisisti-şair Mahəddin Əsgər, Eldost Bayram ədəbiyyatşünas Yaqub Mail ilə ədəbi-mənəvi dostluq onun sağlam özüllər üzərində boy artımından xəbər verir.
Elnur Qərari lirik psixoloji, saf sevgini tərənnüm edən çoxlu şeirlərin müəllifidir. Sözlərinə mahnılar bəstələnir, oxunur, xüsusi dinləyici auditoriyası da var. Klassik üslubda yazdığı qəzəlləri də gənc muğam ifaçıları tərəfindən həvəslə oxunur.
Onun şövqlə yazdığı qəzəllərindən birində belə bir beyt var:

"Sənsiz olmuş dövrü-qış mehmani-asitan eşqə,
Bitə hicran, gələsən fəsli-bahar gözlər ürək".

Bir vaxt bütün hicranların bitəcəyinə, yuxuların çin olacağına inanıram.
Elnur Qərariyə isə deyirəm ki, sən də inan, bir vaxt həsrət dolu düşüncəər vüsal yollu düşüncələr olacaq. O zaman, o gün səfərə gedən atalar (yurdlar) da qayıdar. Sənin ayrılıq obrazın Xudafərin üstündə vüsal şirinliyini səninlə birgə dadır. Mən görməsəm də inanırım sən o günü görərsən.