adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Avqust 2017 22:04
16667
MARAQLI
A- A+

30 dil bilən insanlar dil öyrənməyin sirlərini açıqladılar

Bəzi insanlar üçün bir xarici dil öyrənmək işgəncə olarkən, bəziləri 30 müxtəlif dil öyrənə bilir.

BƏS BU NECƏ BAŞ VERİR?

Çox dil öyrənməyin asan yollarını təqdim edirik.

Almaniyanın paytaxtı Berlində "Çoxdillilər Toplantısı" adlı görüş keçirilib. Həmin görüşdə çox sayda fərqli dil bilən 350 insan bir araya gəlib. Bu insanlardan bəzilərinin ən az 10 dildə, bəzilərinin isə 30 dildə danışıq bacarıqları olub.

Yeni dil öyrənməyin insan beyninin fiziolgiyası baxımından nə qədər çətin bir durum olduğunu nəzərə alsaq, çox insanın niyə xarici dil öyrənməkdə çətinlik çəkdiyini anlaya bilərik. Çünki hər insanın fərqli qavrayış və yaddaş sistemi var. Düzgün aksent üçün əzələlərdən yaxşı istifadəni təmin etməyə, axıcı danışmaq üçün lazım olan ifadələri və qrammatik bilgiləri saxlayan yaddaşa ehtiyac vardır.

Xatırladaq ki, bir xarici dildə normal danışa bilmək üçün 10 000 söz öyrənmək lazımdır. Bu sözlərin sürətli şəkildə xatırlanması üçün də "açıq" və "örtülü" yaddaşa proqramlaşmaq şərtdir.

Lakin bütün bu çətinliklərin faydası da böyükdür. Mütəxəssislər beyini ən yaxşı məşq etdirən şeyin xarici dil öyrənmək prosesi olduğunu deyiblər.

HEÇ ZAMAN GEC DEYİL

Aparılan çox sayda araşdırmalar çoxdilli olmağın diqqət və yaddaşı inkişaf etdirdiyini və bunun idraki ehtiyat yaradaraq insanın ağlını itirmək prosesini gecikdirdiyini ortaya qoyub. Məsələn, iki dil bilmək ağlın deformasiyasını 5 il gecikdirir.

Yaxın zamana qədər nevroloqlar xarici dildə axıcı nitqə sahib olmaq üçün erkən yaşda öyrənməyə başlamağın lazım olduğunu iddia edirdi. Bu "kritik dövr hipotezi"nə görə, ancaq uşaqlıqda, qısa müddətli dövrdə yeni bir dilin fərqliliklərini öyrənə bilərik. Lakin mütəxəssislər bunun şişirdilmiş bir iddia olduğunu, yaş keçdikcə öyrənmə potensialının sürətli çöküşündən fərqli olaraq, yavaş-yavaş azaldığını bildirib.

Bu iddia Berlindəki toplantıda sübut edilib. Orada iştirak edən insanların çoxu danışdıqları dili uşaqlıqda deyil, sonradan öyrəndiklərini etiraf ediblər.

Bəs necə olur ki, insanlar bu qədər dili sərbəst şəkildə öyrənə bilir? Onların çoxu dünyanı gəzdikləri üçün bizdən daha çox motivasiyaya sahibdirlər. Biz də bir şəkildə onlar kimi ola bilərikmi?

Toplantıda iştirak edənlərdən biri Tim Kiley 20 dil bilir və çox dil öyrənməyə təsir edən sosial, psixoloji faktorlar mövzusunda kitab yazır. Kiley bu işdə ən böyük faktorun zəka olmadığını, ancaq analitik bacarıqların dili daha sürətli öyrənməyi təmin edəcəyini söyləyir.

BUQƏLƏMUN KİMİ

Kileyə görə zəkamızın bucaqlarına, şəxsiyyətimizin dərinliklərinə baxmaq lazımdır. Yeni bir dil öyrənərkən özünüzü yenidən kəşf etməyiniz, yeni bir xarakter qazanmağınız lazımdır: yəni buqələmun olmalısınız.

Psixoloqlar uzun zamandır bir teoremi müdafiə edir: söylədiyimiz sözlər kimliyimizlə iç-içə keçir. Fransız dili bizi romantik, italyanca isə ehtiraslı edir. Bir çox araşdırmada çox dilli insanların fərqli dillər danışarkən dilə görə fərqli davranışlar sərgilədiyi ortaya çıxıb.

Ayrıca, fərqli dillər yaşama dair fərqli xatirələri yada salır. Məsələn, rus yazıçısı Vladimir Nabokov avtobioqrafiyasını yazarkən bunun fərqinə varıb. Kitabını öncə ingilis dilində yazan Nabokov daha sonra onu ana dili olan rus dilinə tərcümə edib. O, bu zaman yaşamına dair fərqli detallar xatırladığını və fərqli perspektivdən baxdığını kəşf edib. Elə fərqli bir mətn ortaya çıxıb ki, bu dəfə həmin mətni ruscadan ingiliscəyə çevirib.

TƏQLİD İSTEDADI

Ətrafınızdakı insanları nə qədər yaxşı təqlid edə bilirsinizsə, dili də o qədər asan öyrənirsiniz. Əlavə olaraq, "oynanılan" hər yeni şəxsiyyət və bununla bağlı yaranan yaddaş fərqli dillər arasında sədd quraraq öyrəndiyiniz dili ana diliniz kimi yadda saxlamağı təmin edir. Yəni insanın zehnində hər dil, mədəniyyət və onlarla bağlı xatirələrə aid ayrı-ayrı bölümlər olmalıdır ki, dillər aktiv olduğu halda bir-birinə qarışmasın.

PSİXOLOJİ HAZIRLIQ

Xarici dil öyrənmək istəyirsinizsə, qəribə səslər çıxarmaqla bağlı utanmaq hissinizi öldürməlisiniz. Məsələn, ərəb dilində qırtlaqdan çıxan səslər olduqca çoxdur. Amma şüuraltı olaraq, danışarkən özünüzə bu səsi rahat çıxarmaq icazəsi verməlisiniz.

HƏDƏF

Mütəxəssislər dil öyrənməyə başlayarkən həmin dili ana diliniz kimi danışmaq hədəfini qoymamanızı tövsiyə edir. Çünki bu hədəf məqsədlərinizə mənfi təsir göstərə bilər. Burada önəm daşıyan tək şey anlatmaq istədiyiniz fikri asan şəkildə ifadə etməkdir. (Publika.az)