adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Avqust 2017 11:00
12181
SİYASƏT
A- A+

Lütfizadənin Azərbaycan üçün etdiklərinin… - Millət vəkili

Lütfizadə müasir elmdə dəyər yaradan bir şəxsiyyətdir. Onun çəkisi 60-70 kilo ilə müəyyənləşdirilməz!!!

Bu fikirlərlə millət vəkili Fazil Mustafa çıxış edib.

Məşhur azərbaycanlı professor Lütfizadənin vəsiyyəti ilə bağlı danışan deputat qeyd edib ki, professorun ölümündən sonra Azərbaycanda dəfn edilmək istəyi sevindirici haldır:

"Dünyada riyaziyyat elminin gəlmiş-keçmiş nəhənglərindən olan ABŞ-ın Berkli Universitetinin professoru, məşhur azərbaycanlı Lütfizadə vəsiyyət edib ki, onu Azərbaycanda dəfn etsinlər! Normal bir istək! Heç Lütfizadə olmasın, sadə bir vətəndaş belə xaricdə yaşayarkən bu cür vəsiyyət edərsə, imkan daxilində bu cür vəsiyyəti yerinə yetirmək yaxınlarının, sevənlərinin borcu kimi anlaşılır. Qəribəmə gəldi ki, sosial şəbəkədə buna da irad bildiriblər. İradın motivi isə ənənəvi vətənşivənlik terminologiyası ilə bəzədilib: "Axı o Azərbaycan üçün nə edib? Haçan Qarabağdan danışdı?"

Bizim məmləkətdə insanın çəkisi tərəzi ilə ölçülür. Ona görə də ömrümüz rəqəmlərin sıradan dəyişimi kimi qiymətləndirilir. Harada ki, insanın çəkisi əməli ilə ölçülür, o zaman nə tərəziyə, nə də tərəzi daşına ehtiyac qalmır. Bəşər insanının yaddaşında çəkisiz bir ruh kimi qalırsan. İndi Lütfizadənin Azərbaycan üçün etdiklərinin tərəzidə çəkisi nə ola bilər, bunu rəqəmlərlə izah etmək istəyənlər yəqin ki, tapılacaq. Ancaq səlis bir məntiq onu deyir ki, elə bəşəriyyət üçün edilən hər bir dəyərli əməl, həm də Azərbaycan üçün edilən dəyərli əməldir. O müasir elmdə dəyər yaradan bir şəxsiyyətdir, çəkisi 60, 70 kilo ilə müəyyənləşdirilməz”.

Millət vəkilinin fikrincə, elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır:

"Bu mövcudluğa həm də bir inam məsələsi kimi baxmaq lazım gəlir. 1921-ci ildə Bakıda doğulan həmyerlimiz dünya elmində qeyri-səlis məntiqin yaradıcısı kimi öz adını yazdırdısa, 2001-ci ildə, 2021-ci ildə doğulan bir azərbaycanlı da belə bir zirvəyə qalxmağın mümkünlüyünə Lütfizadə obrazında hər zaman inam daşıyacaq”.

Deputat bildirib ki, bu məmləkətdə minlərlə dəyərli Vətən övladı ilə yanaşı on minlərlə Vətənə faydası dəyməyən insan da dəfn olunub:

"Azərbaycanda dəfn olunmağı bir müqəddəslik ritualına çevirməyək. Bu məmləkətin torpağına bu milləti azadlığa qovuşduran Rəsulzadə, Topçubaşov, Fətəli xan Xoyskii və minlərlə bu dəyərdə olan insanlar hələ də qovuşmayıb. Onlar heç vəsiyyət də etməyə imkan tapmayıblar. Lütfizadənin bu vəsiyyətinə sıradan bir istək kimi baxmaq doğru deyil, bu addımın özü də son mənzilə yol almazdan öncə Vətənə, yəni Azərbaycana dəyər verməkdir”.(axar.az)