adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Avqust 2017 09:11
14099
ƏDƏBİYYAT
A- A+

GƏNC ŞAİR ELNURUN YUXULARI

Əli Rza XƏLƏFLİ

"Şair, nə incədir rübabın sənin"

Səməd Vurğun

Bütün hallarda poeziya nə qədər "həyatın bir parçasıdır"sa, bir o qədər də müəllifin yaşamı, başqa sözlə, tərcüməyi-halıdır. Bu fikir "Dədə Qorqud kitabı"nın yaradıcısına, Nizaminin "Xəmsə"sinə, Homerin "İluada" və "Odisseya"sına... və müasir ədəbi simaların yaratdıqlarına münasibətdə də öz təsdiqini tapır. Bir sözlə, poeziya şairin dövrünə münasibəti, hissləri, həyəcanları, həyat-cəmiyyət haqqında düşüncələri, təbiət və insan bağları, zaman-tarix, bu gün və gələcək - qənaətləridir.
...Və nə yaxşı ki, forma, ifadə tərzi dəyişsə də, poeziyanı yaradan bu əzəli və əbədi amillər öz yerini başqa heç bir tələbə güzəştə getmir.
...Və yenə nə yaxşı ki, müasir gənclik də insanı insanlıq çevrəsində qoruyan, onun yırtıcılığa doğru yolunu bağlayan və eləcə də onu mələkliyə səsləyən əzəli və əbədi dəyərlərə sadiq qalır.
Bizim "Kredo"çüların ədəbi çevrəsində formalaşmış bir çox gənclərin yaradıcılıq yolu fikrimi təsdiq üçün bəs edərdi: Elçin Kamal, Vüsal Nuru, Yeqzar Cəfərli, İltimas Səmimi, Orxan Camal, Günay Dağlı... və bir çox başqalarının adlarını çəkə bilərəm. Onların hər biri bizim ədəbi zəmanətlərimizi öz yaradıcılıqları ilə doğruldub. Bu sırada artıq özünün ilk kitabı ilə oxucularının görüşünə inamla gəlmiş Elnur Qərarinin adını məmnuniyyətlə çəkirəm.
Poeziyaya "mən şair olacağam" iddiası ilə yox, özünün təbii hissləri ilə gəlmiş Elnur Qərari sanki sözü axtarmır, ona diktə olunanları yazır. Və bu zaman ruhunda, varlığında özünə yer almış ən etibarlı mənbəyə əsaslanır. Bu mənbə onun yaddaşı və yaddaş üzərində bərqərar olan təfəkkürüdür.

Deyirlər ki, nəvələr
Yamanca şirin olur.
Nəvələrə məhəbbət
Övladdan dərin olur.

Belə bir məhəbbəti
Anamda görmüşəm mən.
Nəvələrin qeydinə
Qalanda görmüşəm mən.

İlk baxışdan adi, sıradan sözlərdir. Özü də hələ gəncdir. Nəvə boy-buxununu görməyib öz həyatında. Amma müşahidə ona imkan verir ki, deyilənlərin həyatda təsdiqini görsün. Uşaqlar üçün yazılan şeirdir, böyüklər (babalar, nənələr) üçün də kövrəldicidir. Yaşamağın şirinliyini insana dadızdıran, insanı yaşamağa çağıran səsi bu iddiasız misraların ruhundan aydın eşidirik.
Hansı babanın, hansı nənənin üzünə təbəssüm, gözlərinə işıq gəlməz: "Nəvə qızdı, oğuldu, nəvə şirin nağıldı; nəvə şəkər, noğuldu nənələrin gözündə"... bu sözləri eşidəndə. Bu poeziyanın həyatla bağlılığı, şeirin həyatdan gəlişidir.
Elnur Qərarinin bircə misrasına sığışan peotik enerji bəzən o qədər güclü olur ki, bütöv bir poetik mənzərə oxucunun gözləri önündə canlanır:

"Bura bizim kəndə necə bənzəyir".

Təbiətin ürək titrədən, könül oynadan guşəsində ötəri dünyəvi hisslər əsiri olmayan şair "bir yaz günündə" dağlar qoynundakı obanın təbiətini, onun "gözündəki nazı görüb", "suyundakı buzu duyub" əlindən alınmış kəndini düşünür. Elə bir hiss və həyəcanla çulğaşır ki, onun ruhunun sızıltısı, həsrəti, yanğısı səsini eşidənlərin hamısını sarsıdır.
Yaxud:

"Qartal, götür məni qanadlarına
Apar məni Qarabağa, dolandır, gətir".

Böyük Səməd Vurğunun gənc Adil Babayev haqqında yazdığı və zamanın təsdiq elədiyi hökm yada düşür:

"Şair, nə incədir rübabın sənin".

Düşünürəm ki, bu hökmü elə indi Elnurun "Qartal" obrazına güvənclə, elə onun özü üçün də vermək olar.

"Gəzim o yerləri mən qarış-qarış,
Öpüm torpağını, öpüm daşını.
Öpüm vətənində kimsəsiz qalmış
Mən qərib atamın məzar daşını".

Elnur inciməz, mən burada "qərib" sözünü şəhid sözü ilə əvəzləyərdim. Bu həqiqətən doğru bir həyatdır, şəhid oğlunun şəhid ata qarşısında söz borcudur.
Əlbəttə, istedadsız adamın əlindəki qələm heç bir sözü cızığa gətirə bilməz. Ovsunçu ilanı (təbiəti) bilmirsə, onu özünə tabe edə bilmədiyi kimi, söz də istedadsızın çağırışına gəlməz.
Həmişə deyirəm ki, istedad, müşahidə, təfəkkür (elm) - bu triadanı yaradan tərəflər poeziya sarayını qurmaq üçün vacib sütunlardır. Elm (təfəkkür) olmadan yazılanlar dərinlik kəsb edə bilməz. İncilər isə dərinliklərdədir. Füzulinin fikirlərini cüzi improvizə ilə xatırlatmaq yerinə düşərdi: Elmsiz şeir bünövrəsiz divar kimidir, bünövrəsiz divar da etibarsız olar. Yaxşıdır ki, Elnur Qərari yüksək hazırlıqlı - hüquq ixtisası üzrə universitet təhsili alıb - gəncdir.
Bütün bunlar onun özünü ifadə üçün vaxt və hazırlıq baxımından ehtiyat imkanlarının göstəricisidir. Onun gələcəyinə məndə xüsusi bir inam doğuran tərəfini də qeyd etmək istəyirəm. Bu da onun çox sağlam bir həyat düsturu ilə yaşam tərzidir. Onun zəngin mənəvi aləmi ilahi biçimlə göz oxşayan zahiri ilə tam həmahəngdir. İndi cəmiyyətin bəlasına çevrilən içki və siqaretdən də uzaqdır. İnanıram ki, dində də sağlam mənəvi mühitini qoruyar, fanatizmdən və mövhumatdan uzaq olar. Qayıdıram, yenə gənc şairin mövzu əhatəsinə. Bu zaman onun yuxu obrazına burada ayrıca münasibət yerinə düşərdi. Yuxunun sirli aləmi yazıçıların (şairlərin, nasirlərin, publisistlərin, dramaturqların), rəssam və heykəltəraşların, həkimlərin, psixoanalitiklərin... Tədqiqat obyekti olub. Yuxunun sirli mahiyyətinə ən çox yaxınlaşan, zənnimcə, Ziqmund Freyddir. Yuxu bir çox problemlərin həllində axtarıcılar üçün açar olub.
Yazıçılar üçün də obrazların taleyi ilə bağlı hökmlərin yuxuda aşkarlandığı məqamlar az deyil.
Qarabağ işğal olunanda Elnurun 13 yaşı vardı. Bomba altındakı işğal faciəsini, atasının - döyüşçü həkim Qaçay Baxış oğlunun şəhidliyini də yəqin ki, unutmayıb. Və bütün bunlar onun əsas yaddaş bazası, bünövrəsidir. Bu özülə o tez-tez qayıdır. Özü də əsasən yuxularında qayıdır: "Bu gecə yuxuma gəlmişdi atam".
Oğlunun özü yaşda atanın ağarmış saç-saqqalla, qismən qocalmış görkəmdə gəlişi çox mətləblərdən xəbər verir. Ancaq bu mətləblərdən biri, bəlkə də birincisi oğlunun yaddaşında atanın zamanla birgə böyüməsidir. Süjetli şeirdi. Yuxuda əsir düşən oğulu azad etmək üçün gələn ata yurdun özü kimi görünür. Yurd burada canlıdır. İnsanın özüdür:

"Son dəfə görəndə nə saçı ağdı,
Nə də ki, baxışı beləcə qəmgin.
Ondan ayrılanda uşaq olsam da
Atamla bir yaşda olardım yəqin".

Burada yuxudakı ayrılıq nəzərdə tutulur. Bircə fərq atanın əsirlikdə qalan məzarlıqdakı ömrünün əsrlərə, zamanlara bərabərliyidir.
Elnur Qərarinin yuxu eposunun obrazlarını təqribən belə təsnif etmək olar: əbədi ayrılmış doğmaları yuxuda görmək, yurdların, kəndin, bulağın, cığırların yuxuda qayıdışı... və əlbəttə ki, bütün Qarabağın qara yuxuları, bir də tarixin yuxularda canlanması.
Bir şair ömrünə bəs edəcək yaşantılar, mövzu əhatəsi, obrazlar silsiləsi...
Bir də Elnur günümüzün şairidir. Müasir həyatın çal-çağırlı, gur işıqlı, əlvan reklamlı aləminin arxasından görünən təzadlar, kapitalın dəmir dabanları altında inləyən insanların faciələri... onun söz-kağız, qələm aləmindən kənarda deyil.
Övladları tərəfindən unudulan bir qocanın dərdi vətənin gənc şairini sarsıdırsa, demək, söz borcu, sözə sədaqət borcu... bir çox borclar hələ unudulmayıb.
Elnur Qərarinin "Qarabağ" rədifli şeiri onun gələcəkdə yaradacağı "Qarabağnamə"nin başlanğıcı - proloqu təsirini bağışlayır:

"Könlüm həsrətindən qübar bağlayır,
Harayla qoynuna çağır, Qarabağ.
Anam tənha qalıb, anam ağlayır,
Göz yaşı qəlbimi yaxır Qarabağ
Sənsiz yetim qaldım axır, Qarabağ".

Atasını Qarabağ müharibəsində itirmiş gəncin yetimliyi sən demə, ata itkisi ilə bağlı deyil, ən faciəli yetimlik itirilən torpaqla, işğal olunmuş yurdla gəlirmiş. Bu yerdə gənc şair səngərdəki əsgərlə bir cərgədədir:

"Uğrunda can verdi neçə-neçə ər,
Fəryad et, nalə çək, bağır, Qarabağ
Günəş də utanır çıxmağa səhər,
Utana-utana çıxır, Qarabağ
Sənsiz yetim qaldım axır, Qarabağ".

İnsanların əvəzinə günəşin utanmağı Elnurun özünəxas görümüdür. Böyük faciənin misralara sığması müəllifin düşüncə imkanlarından xəbər verir:

"Ürəyim döyünür hər an səninlə,
Həsrətin ölümdən ağır, Qarabağ.
Sinəmə dağ çəkdin öz əllərinlə,
Qalmışam kimsəsiz, fağır, Qarabağ,
Sənsiz yetim qaldım axır, Qarabağ.

Atam qəmgin-qəmgin soyuq məzardan
Yollara boylanır, baxır, Qarabağ.
Ölüb dirilirəm yüz yol əzabdan,
Utanc ürəyimi sıxır, Qarabağ,
Sənsiz yetim qaldım axır, Qarabağ".

Ata ilə birləşən, qovuşan Qarabağ müəllifin, həm də tale yazısıdır. Görünür bu yazı Elnurun əbədi mövzusu olaraq qalacaq. Yalnız işğaldan azad olunan Qarabağı tərənnüm motivi dəyişə bilər.
...Durna obrazı tarixən ədəbiyyatımızda həsrət, qəriblik ovqatı daşıyıb. Koroğlu da kövrəlib dolanda, yurddan ayrı düşəndə durnalara üz tutur, duyğularını, hisslərini qatarlanan, qərib-qərib uçan, uzaq yollar kəsən quşlarla bölüşür. Vidadi, Vaqif, Zakir... Vurğun... bu yol müasirlərimizə qədər gəlib çatır. Elnur Qərari də könül duyğularını durnalara əmanət edir:

"Siz ey, səf düzülən durna qatarı,
Yenə yol almısız vətənə sarı.
Ziyarət eləyin qərib diyarı,
Bizim el-obaya salam söyləyin!

Orda insan ömrü sanki nağılmış,
Ellərin harayı-hayı boğulmuş,
Həyəti-bacası uçub dağılmış,
Doğma yurd-yuvaya salam söyləyin!

Uçun dərəsindən, aşın dağından,
Yaşıl çəmənindən, gül yaylağından,
İçib alagözlü buz bulağından,
Torpağa, havaya salam söyləyin!"

Göndərilən salam durnalara əmanət olunan şair ürəyidir. Bu yaralı ürək məlhəmini o yerinə yetən salamla tapa, ovuna bilər. Bəzən deyirlər ki, müasir ədəbi gəncliyi Qarabağ düşündürmür. Amma Elnur Qərarini oxuduqca inanırsan ki, nəinki düşündürmür, o eləcə Qarabağla nəfəs alır, Qarabağla yaşayır. Hər vəchlə doğma yerlərlə əlaqəni kəsmir. Lap ümid bir durnadan göndərilən salama qalıbsa, bu da az deyil. Əslində, ədəbi sözümüzün Qarabağ savaşı üçün ən birinci missiyası yaddaşı, Qarabağ yaddaşını hifz etməkdir. İndiki halda biz hələ Qarabağı itirməmişik. Çünki yaddaşımızda Qarabağ canlı olaraq yaşayır. Nə vaxt yaddaş Qarabağdan imtina edəcəkcə, onda Qarabağı itirmiş olacağıq. Bu mücadilədə sözün savaş gücü əsasdır. Elnur kimi ədəbi gəncliyin öz həmyaşıdlarına dedikləri isə xüsusi əhəmiyyət kəsb edir. Elnur Qərarinin poetik yaradıcılığı elə həm də Qarabağın poetik xəritəsidir. Bu xəritədə görünənlər bizi kədərləndirə, lap ağlada bilər. Ancaq şair yalan ovqat üçün süni şadlıq ladlarından istifadə etmir. Mövcud mənzərəni olduğu kimi, qəlbimizi yaralasa belə, ən kəskin ağrı ilə verir.
(ardı var)