ANA SƏHİFƏ / Layihə

Laçınım... Laçınım mənim

1901    |   2017-08-10 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

"Kişi" adı yalnız hərfi məna daşımır, "kişi" adı həm də Torpaq, Vətən, el-oba qeyrəti çəkənlərə, insanlar üçün faydalı işlər görməyə can atanlara, bu yolda canını qurban verənlərə şamil edilir... Mən bunu sözgəlişi xatırlatdım...
Adamın arxalandığı, inandığı, güvəncli bir yeri olanda, baş verən hadisələrə, hətta ötən günlərə görə ürəkli olur, iftixar hissi ilə öyünür, bəzən də arxayınlaşaraq başının altına yumşaq yastıq qoyur. Burada "Qoyunu qurda tapşırmaq" kimi atalar sözü adamın yadına düşür. Yəni iş-işdən keçəndən, gözlərimizi yumub-açanda sonra görürük ki, böyük bir fəlakət qapımızın ağzını kəsibdi. O zaman isə heyfsilənirik, bu da fayda verməz - deyiblər...
Tarixən bu hadisələrə görə çox öyünmüşük. 1919-cu ilin fevral ayında Zabux dərəsində (Laçın rayonu) erməni generalı, müsəlmanların qatı düşməni olan, tayqulaq Andronikin 30 minlik daşnak ordusunu, 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (hazırda Laçın rayonunun Qurdqajı kəndində) anadan olmuş Sultan bəy Paşa bəy oğlu darmadağın etmişdi.
O vaxtlarda bu hadisələri görənlər deyirdilər ki, ermənilərin meyitlərinin iyi, qoxusu düz beş il "Qanlı dərə" adlanan bu yerlərdən çəkilməyibdir. Bu mənzərəni ancaq qurd-quş sona çatdırmışdı. İyin, qoxunun dərdindən buralarda yaşayan sakinlər epidemiyadan uzaq olmaq üçün bir müddət məkanlarını müvəqqəti olaraq dəyişməli olmuşdular. Bu xof bütün erməniləri lərzəyə salmış, qorxudan canlarına vəlvələ düşmüş, başlarını götürüb qaçmağa məcbur olmuşdular.
Sultan bəyin adı gələndə gizlənmək üçün "siçan yuvası" axtarıb özlərini ora "soxmağa" məqam axtarırmışlar. Hələ bir müddət erməni ailələrində təzə anadan olan uşağı tərbiyə etmək məqsədi ilə bu yönümdə "yetişdirmək, qorxutmaq üçün" "ay dığa", "susura" "türk yeqala" - deyə tənbeh edərmişlər. Müsəlmanları, türkləri özlərinə "düşmən" obrazında, adam öldürən, qan içən kimi tanıdan erməni valideynlərinin "tərbiyə verdiyi", böyütdüyü "dığa" da bu cür düşmən xislətli olmalıdı, bu ənənəni tarixi boyu yaşatmağa çalışacaqdılar.
XX əsrin ilk günlərindən Qarabağda "Böyük Ermənistan" yaratmaq xülyasının qarşısını məhz Zabux dərəsində (Laçın rayonu) Sultan bəy Paşa bəy oğlunun təşkil etdiyi dəstənin qəhrəmanlığı ilə almışdı. Andronikin Qarabağı, sonra isə Gəncəni işğal etmək, Stepan Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst etmişdi.
Bu hadisələrin yaranma səbəblərindən biri də belə olmuşdu. Andronik üç dəfə Sultan bəyin yanına qasid göndəribdir ki, mənə icazə ver ordu ilə Qarabağa keçim. O isə buna əhəmiyyət verməmişdir. Sultan bəyin qardaşı, Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri, ikinci hökumətdə əkinçilik naziri və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovla görüşəndə bu məqamları açıqlayır ki, bəs Andronik məndən icazə istəyir ki, ordusu ilə birlikdə Qarabağa keçsin. Xosrov bəyin cavabı belə olur:
- Zəngəzurda, Basarkeçərdə at oynatmağı az deyil, hələ bir Qarabağa da göz dikibdi, bəs onda namusumuz, qeyrətimiz yoxdu? - demişdi.
Bu sözdən sonra Sultan bəy - Namusumuz da, qeyrətimiz də vardır - cavabını vermişdi.
Bir dəfə görüşə Andronik özü gəlir. Fikrini yenə də bildirir. Xahiş edir ki, icazə verin, öz dəstəmlə Qarabağa keçim, mənə xəbər gəlib çatıb ki, orada yaşayan ermənilərin güzəranları yaxşı deyil, onlara mənim köməyim lazımdır. Bir də ki, xəcalətli qalmaram. Sultan bəy qayıdır ki, mənim də şərtlərim var. Bir o qədər əli silahlı əsgərləriniz atla gəlib mənim ərazimdən keçməsi adamları təşvişə sala bilər. Məsləhətdirsə, bu işlərdə mənim adamlarım da sizə köməkçi ola bilərlər. Birinci növbədə əsgərlərin tüfənglərini, hərbi sursatlarını atlara yükləsinlər, qəflə-qatır birinci gəlib keçsin. Sonra isə mənim işarəmi gözləyin, sizin də əsgərləriniz piyada, sakitcə, yavaş-yavaş gəlib keçsinlər, onda mən razılıq verə bilərəm - deyir. Andronik bu şərtlərə razılaşır, razı qalır və "görüşərik" deyib atını qamçılayıb gedir.
Sultan bəy kəndlərdə fəaliyyət göstərən adamlarını başına toplayıb planını bəyan edir. Onun ən yaxın silahdaşı Dəyirmandərəsi kəndində (Cağazur kəndində) yaşayan qorxmaz cəngavər dostu Ağaməmməd (ona bəzən Ağaməd də deyirmişlər) ilə məsləhətləşərmişlər. Ağanusdan, Musurmanlardan, Qozdudan, Kalafalıqdan, Şamkənddən, Şəlvə dərəsindən, Mişnidən, Alxaslıdan, Qoşasudan, Qaraçanlıdan, Qorcudan dəstə başçıları öz dəstələri ilə birlikdə müəyyən olunmuş marıqlarda, keçidlərdə dayanıb əmr gözləyirlər. Məmmədəli adlı əsgərin yaxşı səsi olduğu üçün, indiki Laçınkənddən bir fit verəndə onun səsi Ağamədə qədər gedib çatarmış. Silahlar yüklənmiş qəflə-qatırlar (atlar, eşşəklər, qatırlar) çaya çatanda bələdçilər karvanın istiqamətini Şəlvə dərəsinə yönəltdilər. Abdallar kəndində gözləyən bələdçi işarə-fit verir. Andronikin dəstəsi yola düşür. Zabux çayından keçmək üçün əsgərlər xeyli ləngiməli olurlar. İkinci çayı da keçmək üçün xeyli vaxt keçir. Və dəstənin axırıncı əsgəri görünməz olandan sonra, o tayda, bu tayda pusquda olan Sultan bəyin əsgərləri düşməni atəşə tuturlar. Bütün günü "Qanlı dərə"dən tüfəng səsi eşidilir. Əmr verilmişdir ki, Andronikin dəstəsindən bir nəfər də olsun sağ qalmamalıdı. Müşahidəçilər xəbər çatdırdılar ki, bəs üç gündən sonra böyürtkən kolunun içindən üç erməni gizləniblər. Sakitlikdən istifadə edən düşmən əsgərləri bir-bir gizlətdikləri yerdən çıxıb Cicimli istiqamətinə tərəf qaçıb canlarını qurtarırlar.
Bu qanlı hadisənin səbəbi ondan ibarət olmuşdur ki, erməni daşnak ordusunun Qarabağda yaşayan azərbaycanlılara qarşı hazırlanan məkrli, milli, genetik təmizlənmə planı həyata keçirilsin, bu ərazidə bir nəfər də olsun azəri türkü qalmamalıdır.

(ardı gələn sayımızda)

Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Qarabağ müharibəsinin veteranı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2017-08-19
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK