adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Avqust 2017 00:29
12976
ƏDƏBİYYAT
A- A+

SEVGİ... SEVGİ...

Azərbaycan poeziyasının ana xəttini üç əsas mövzu təşkil edir: Vətən, təbiət və sevgi. Oxuduqlarıma görə say etibarilə birinci yerdə məhəbbət lirikası durur. İnsanın sevgi duyğuları, eşq həsrəti, məhəbbət aləmi çox zəngindir və əsrarəngiz dünyanı təsvir etmək, könül çırpıntılarını, vüsal eşqini və hicran əzablarını şeirə gətirmək bütün əsrlərin şairlərinə qismət olub. Amma yaddaqalan sevgi şeirləri, məhəbbət dastanlarının heç də hamısı uzunömürlü olmayıb. Füzuli qəzəllərindəki eşqin tərənnümü qədər, Vaqifin, Seyid Əzimin, bizim bir çox müasir şairlərimizin sevgi şeirləri qədər. Burada o sevginin qəlbdə, könüldə yaratdığı tufanlı duyğulardan daha çox, şair istedadından söhbət gedə bilər. Böyük sevgini böyük istedada malik şairlər poeziyaya gətirə bilər.
Vüqar Həmati adlı bir şairin sevgi şeirlərindən və qəzəllərindən ibarət "Ürəyimin sevgj ətri" adlı kitabını oxudum və mən onu əsl sevgi şairi kimi təqdim etmək fikrində deyiləm. Çünki onun bu kitabında yaşanılan hisslərin ifadəsi olan səmimi şeirlər olduğu kimi bu səviyyədən geri qalan şeirlərlə də rastlaşdım. Vüqarın şeirlərində məhəbbət iki şəxsin bir-birinə münasibətinin tarixçəsi kimi diqqəti cəlb edir. Bu şeirlərdə klassik poeziyadan gələn küləklər əsir. Məcnunvari məhəbbətin izləri, nişanələri görünür. Məhəbbət insana həm sevinc bəxş edir, həm də əzablara düçar edir. Sevən üçün hər ikisi xoşdur. Bir qızın gözəlliyinə, ağlına-kamalına aşin olmaq sevinc gətirir, hiss edirsən ki, dünyanın gözəlliyi bir gülüzlüdə əks olunub. Amma əzaba da gərək qatlaşasan. Əsl sevgi elə intizardan, həsrətdən yaranmırmı?

Sevməmişdim, günlərim xoş keçirdi,
Həyatımı etdi qara məhəbbət.
Sevgimizin qönçəsiydi, açıldı,
Ürəyimə vurdu yara məhəbbət.

Yerin cənnət, özün də bir hür kimi,
Cilvələnir üzün əksi nur kimi.
Bənd olma zülfünə Mənsur kimi,
Salıb dərdə, çəkib dara məhəbbət.

Zülfün xəyalıyla tər sünbül ağlar,
Üzün həsrətindən bağda gül ağlar,
Aşiq olub, dərdindən bülbül ağlar,
Gül göstərir bağda xara məhəbbət.

Ayrı düşdüm bu könül sirdaşımdan,
Güllər açar çöllər qanlı yaşımdan.
Çarəsizəm, dərdim aşır başımdan,
Dərdimə eyləsin çara məhəbbət.

Bu şeir bizim hecada yazılan klassik sevgi şeirlərindən heç nəyi ilə fərqlənmir, amma səmimi təsir bağışlayır. Şair demək istəyir ki, sənə təkcə mən aşiq deyiləm, sənin zülfünün xəyalıyla tər sünbül ağlar, üzün həsrətindən də bağda güllər sızlayar. Şeirlərin əsas məzmunu həsrət və ayrılıqla bağlıdır. "Bir Leylimisalın həsrətin çəkən, Məcnun tək çölləri gəzər mən kimi". Yaxud: "Aşiq gözlərindən tökər qanlı yaş, Çölü lalələrlə bəzər mən kimi" - bu haray, bu həsrət bizə tanışdır.
İndi - XXI əsrdə XVII-XVIII əsrin aşiqləri kimi düşünmək olarmı? Əlbəttə, burada heç bir qəbahət yox. Sevginin əsri yox, ili, ayrı, zamanı yox, bütün əsrlərdə sevginin məğzi, mahiyyəti dəyişməyib. Həmişə aşiqlər hicrandan şikayətlənib, həsrət onları üzüb. Söhbət əlbəttə, əsl sevgidən gedir, bu əsrin "sevirəm" sözünün saxta, süni, yalançı, qondarma beş-altı aylıq ömründən getmir. Məncə, Vüqarın "köhnə eşq havası" kimi yaranan şeirlərində bir həqiqət var:

Necə sənə bel bağlayım,
Əhdin əgər düz olmasa?
Könlüm səndən küsərmi heç,
Aramızda söz olmasa?

Yar sözündən çıxarmı heç,
Özgəsinə baxarmı heç,
Göz yaşlarım axarmı heç,
Ürəkdə bir iz olmasa?
Şölələnməz eşqin odu,
Ürəkdə bir köz olmasa.

Vüqar eşqin "köhnə" əlifbasını sevənlərə anladır.
Vüqar Həmatinin qəzəllərinə gəldikdə... Bugünkü qəzəl bolluğunda seçilənlər, fərqlənənlər çox azdı. Cavanlardan bir İlqar Fəhmini, bir Xatirə Xatunu, bir də Arif Buzovnalını göstərə bilərəm. Onlar əruzu bilir, qəzəldə təzə söz deməyə can atır, çox zaman bu istəklərinə nail olurlar. Vüqarın hecada yazdığı bir çox şeirlərini bəyənmədim, amma etiraf edim ki, o qəzəl o biri şeirlərindən üstündür. Ən başlıcası odur ki, onda əruz damarı var. Özü də onun qəzəllərində ərəb-fars sözlərinin miqdarı azdır.

Yoxdu könlümdə mənim zərrə qədər can həvəsi,
Yaşadar aşiqi bir sevgili canan həvəsi.
Durmadan göz yaşı tök, baş vur o ümmanlara sən,
Varsa könlündə əgər, gövhəri-qəlğan həvəsi.
Dərdi artırmaq üçün gəlmişəm, ey nazlı təbib,
Məni sanma, gətirib mənzilə dərman həvəsi.
Bülbülün bağrını qan etsə də gül, səbr eylər,
Yenə çıxmaz ürəyindən bu gülüstan həvəsi.
Vüqaram, dövlətim olmuş bu gözəllər eşqi,
Yoxdu könlümdə mənim mülei-Süleyman həvəsi.

Hiss olunur ki, Vüqar Həmati klassik poeziyada işlənən ifadələri, tərkibləri, söz bağlantılarını yaxşı bilir, onları yerində işlətməyi bacarır. Ona görə də, məsləhət görərdim ki, Vüqar məhz bu bacardığı, öhdəsindən gələ bildiyi qəzəl janrına möhkəm bağlansın, o, yaxşı qəzəlxan ola bilər. Bir qəzəlini də misal gətirməklə sözümü bitirirəm:

Eşqində könül çəkdiyi hər qəm, nə gözəldir,
Eşq aləmidir aşiqə aləi, nə gözəldir.
Tər qətrəsi var ləblərin üstündə, gözəl yar,
Gül yarpağı üstündə bu şəbnəm nə gözəldir.
Ey yar, gərəkdir mənə nə saqi, nə badə,
Qoy, cami-vüsalınla olum dəm, nə gözəldir.
Xoşhal eləsin Kəbeyi-kuyin bu səfası,
Gül ləblərin olsun bizə Zəmzəm, nə gözəldir.
Bir başqa gözəllərdə Vüqarın gözü yoxdur,
Ey yar, mənə sən kimi həmdəm nə gözəldir.

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru