adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Avqust 2017 10:51
22007
MƏDƏNİYYƏT
A- A+

Məşhur müğənnidən 12 dəqiqəlik həyat dərsi

"Diri-diri ölməyin nə olduğunu bilirsinizmi? Artıq iki ildir ki, həyatımda, sadəcə, həkim var. Mənim xilaskarım, məni həyata bağlayan yeganə insan, "sən mənim qəhrəmanımsan" deyən gözəl insan, səmimi dost. Hamı məndən üz döndərib. Bezmişəm, ölmək istəyirəm".

Məşhur irlandiyalı müğənni, 50 yaşlı Şineyd O-Konnor Facebook səhifəsində paylaşdığı videoda belə deyib. 12 dəqiqəlik video ABŞ-ın Nyu-Cersi ştatındakı "Travelodge" motelində çəkilib.

Müğənninin dediyinə görə, bu moteldə yaşayır.

10 il əvvəl müayinə zamanı bipolyar pozuntusu aşkarlanan, sinir xəstəsi olan Şineyd O-Konnor o vaxtdan bəri müalicə olunur.

O, bir neçə dəfə yoxa çıxmış, ailə üzvləri polisə üz tutandan sonra axtarışlar başlanmış, sonucda müğənni hər dəfə müxtəlif yerlərdə tapılmışdı.

O-Konnor son iki ildə 3 dəfə intihara cəhd edib.

2011-ci ildə ailə qurduğu əri Barri Herric, övladları Roysin Uoters, Şeyn Lanni, Yeşua Bonadio və Ceyk Reynolds açıqlamalarında Şineydin ruhi sapıntıları olduğunu deyiblər.

Şineyd isə tək qaldığını, ailə üzvlərindən kimsənin onunla maraqlanmadığını söyləyib.

"Təkəm, tənhayam. Hər gün həyatda qalmaq üçün mübarizə aparıram. İndi moteldəyəm. Həyatımda həkimimdən, psixiatrdan savayı kimsə yoxdur. Özümə yazığım gəlir. Bu videonu çəkməyimin səbəbi də odur ki, psixi xəstəliyin nə olduğunu anlayasınız. Belə xəstəlik narkotik maddə kimidir. Varsınız, amma yoxsunuz. Özünüzü unudursunuz, kim olduğunuzun fərqinə vara bilmirsiniz. Sevdiyiniz və sizi sevən insanlar xəstə olduğunuzu anlayan kimi sizə əlil kimi baxırlar. Sanki, əcinnə ovuna çıxırlar. Artıq iki ildir ki, hər gün ölümü gözləyirəm. Anam yanımda olsaydı, bəlkə də bütün bunlar yaşanmazdı.

Mən dünyanı qorxaraq, ümidsizcəsinə dolaşan kimi, çəlimsiz bir qadınam", - Şineyd O-Konnor söyləyib.

O, həyatdan usandığını, bezdiyini söyləyib.