adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Avqust 2017 22:42
7061
İDMAN
A- A+

“Qarabağ” Ukraynada “üçlüy”ə düşə bilər” - Anton Kanibolotski

"Qarabağ”ın ukraynalı qapıçısı Anton Kanibolotski ölkəsinin mətbuatına müsahibə verib.

Qol.az-ın məlumatına görə, o sabiq komandası "Şaxtyor”, "Qarabağ”a keçidi və digər məsələlər barədə sulları cavablandırıb.

Müsahibəni bəzi ixtisarla təqdim edirik.


- Anton, Azərbaycana getmək qərarın Ukraynada çoxlarını təəccübləndirdi. Seçimində əsas nə rol oynadı?

- Hər şey sadədir: "Qarabağ”ın təklifi bütün variantların içində ən ciddisi idi. Azərbaycan klubu mənimlə real şəkildə maraqlandı. Fikirləşdim ki, rəhbərlik və məşqçilər korpusu məni heyətdə görmək istəyirsə, niyə də özümü sınamayım?

- Digər klublardan da təklif almışdınız? Ukraynada qalmaq variantın var idi?

- Əvvəla deyim ki, karyeramı Ukraynada davam etdirmək variantına, ümumiyyətlə, baxmadım. "Şaxtyor” kimi komandadan ayrılıb, ölkənin digər klubuna keçmək nə dərəcədə məntiqlidi? Özünüz də başa düşürsüz ki, sabiq komandamda olan şərtlər "Dinamo” istisna olmaqla, Ukraynanın heç bir klubunda yoxdur. Buna görə də, Ukraynanın digər klubuna keçid karyeramda geriyə atılmış addım olardı.

- "Şaxtyor”da heç cür əsas qapıçı ola bilmədin. Komandanı bir qədər tez dəyişməli deyildin?

- Müqaviləm var idi, buna görə də, təkcə öz istəyimlə hərəkət edə bilməzdim. "Şaxtyor”da keçirdiyim vaxta görə təəssüflənmirəm. Donetsk klubu ilə 3 dəfə Ukrayna çempionatı, 3 dəfə ölkə kuboku və Ukrayna Superkubokunun qalibi adını qazandım. Hər ukraynalı futbolçu bu qədər mükafat əldə etmir.


- "Qarabağ”a keçidinlə bağlı nə deyə bilərsiz?

- Bu, mənim karyeramda yeni mərhələdir. Sadəcə dəyişiklik etmək istədim. Ukraynada qalmaqda məna görmədim. Vəziyyəti dəyişməyə, yeni bir şey öyrənməyə can atırdım. Deyərdim ki, təkcə karyeramda yox, həm də həyatımda yeni mərhələ başladı. Bu vaxta qədər ölkəmdən kənarda yaşamamışdım.

- "Şaxtyor”dan Azərbaycan klubuna keçid irəliyə atılmış addımdır, yoxsa geriyə?

- Hələ bu suala cavab verə bilmərəm. Seçimimin doğru olub-olmadığını zaman göstərəcək.

- Yeni komandana uyğunlaşa bilirsənmi?

- Hər şey yaxşıdır. Komanda yoldaşlarım məni çox isti qarşıladılar. Məişət problemim yoxdur. Deyə bilərəm ki, "Qarabağ” qarşısına maksimum hədəflər qoyan, çox ciddi klubdur.

- "Qarabağ” Ukrayna Premyer Liqasında çıxış etsəydi, hansı pilləni tutardı?

- "Şaxtyor”la ayaqlaşmaq çətin olar. Amma "üçlüy”ə düşə bilərik. "Şaxtyor” və ”Dinamo”dan başqa Ukraynanın bütün komandaları ilə eyni səviyyədə oynamaq, onları məğlub etmək gücündəyik.

- Çempionlar Liqasında "Şerif”i üstələyərək pley-off mərhələsinə yüksəldiniz. Buna görəsəni təbrik edirik.

- Çox sağ olun.

- "Şerif”lə oyunlarda "Qarabağ”ın qapısını İbrahim Şehiç qorudu. Hazırda komandanın əsas qapıçısı odur?

- İbrahim 2013-cü ildən "Qarabağ”dadır. Bu müddət ərzində 4 dəfə çempion adını qazanıb, 3 dəfə isə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Amma inanıram ki, mənə də etibar edəcəklər, oynayacağam. Əks halda, məni komandaya dəvət etməyin nə mənası var idi?

- "Qarabağ”ın hədəfi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır?

- Avrokuboklarda bacardığımız qədər irəliləmək niyyətindəyik. Təbii ki, ÇL-in qrup mərhələsinə düşməyi çox istərdik. Bu, Avropada çıxış edən hər futbolçu üçün yüksək göstəricidir.