adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Avqust 2017 16:07
9783
SİYASƏT
A- A+

Bu, əxlaqsızlığın ən yüksək nöqtəsidir – Millət vəkili

Qanunlarımızda kiçik yaşlı uşaqlara cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir.

Bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. O, Milli Məclisin iclasları başlayan kimi ilk bu məsələyə diqqət yetirəcəyini qeyd edib:

"Qanunlarımızda kiçik yaşlı uşaqlara cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir. Yetər artıq! Bu gün bu xəbəri dəhşət içərisində oxudum. 9 yaşlı kiçik bir qıza, baldızının övladına, yəni öz ailəsinin üzvünə qarşı bu cür namussuzluq edən biri cəmiyyət üçün ən təhlükəli insanlardandır. Bu, şərəfsizliyin, əxlaqsızlığın ən yüksək nöqtəsidir. Belələrinə insan deməyə dilim gəlmir. Ailələr bu cür hadisələr baş verdikdə gizlətməməli, hüquq-mühafiqə orqanlarına müraciət edib bu cür insanlıq adına ləkə olanların ağır cəzalanmasına nail olmalıdırlar ki, bu, başqalarına da dərs olsun. Eyni zamanda, bu cür əxlaq sahibinin cəmiyyətdə rahat dolaşması mütləq başqa birinin də övladını və ya övladlarını böyük təhlükə qarşısında qoya bilər. Belələrinin yeri həbsxanadır, cəmiyyətdən təcriddir və məncə, bundan da sərt cəzaları haqq edirlər. Həmkarım Fazil Mustafanın bununla bağlı mətbuatda səslənən təkliflərini də dəstəkləyirəm. Görün, insanı psixoloji olaraq hansı vəziyyətə gətirirlər ki, ən ağır, ən sərt cəzaları dəstəkləyirik.

Pedofiliya (uşaqbazlıq) təəssüf ki, dünyanı narahat edən problemdir və ona qarşı mübarizəmiz də sərtləşməlidir. Kiçik yaşlı balalarımızı bu cür məxluqların əlindən qorumaq üçün bütün cəmiyyət diqqətli olmalıdır və onları daha yaxşı qorumaq üçün ümumi mübarizəmizi gücləndirməliyik”.