adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Avqust 2017 00:40
14890
ƏDƏBİYYAT
A- A+

Demək istədiyimi deyə bildimmi?

Hər dəfə dinləyəndə qəlbimin ən həzin, kövrək duyğularını titrədən bir nəğmə var: "Hardan başlanır Vətən?" Cavabı da elə bu mahnının özündədir... Evimizin astanasından.
Doğma Vətənə bağlılıq, nəhayətsiz yurd sevgisi, insanların ürəyində əbədi yuva qurmuş ən müqəddəs hisslərdən biridir. Bizim qədim Şabrandan boy verən sənət yoldaşlarım da əllərinə qələm götürəndən qoynunda dünyaya gəlib yetkinləşdiyi eli-obanın canları qədər sevib əzizlədiyi dağlarını, çöllərini, əsrarəngiz gözəlliklərini, mərd, xeyirxah, müdrik insanlarını vəsf edirlər. Onlardan biri də bəlkə də yarım əsrə yaxın tanıdığım Zakir Bayramlıdır. Zakir müəllimin çox maraqlı və mənalı ömür yolunu hörmətli oxucularımızla birlikdə nəzərdən keçirək. Bizim Şabran rayonunun rəngarəng, səfalı guşələrindən olan Sumaqova kəndinin cazibəsi ilin bütün fəsillərində təbiətinin hüsnü-yaraşığı, ürəkləri riqqətə gətirir. 1948-ci ilin yayı da bu yerlərin beş il, on il, yüz il, əvvəlkinin yaylarından fərqlənmirdi. Fərqli cəhət bircə orası idi ki, üç il əvvəl qələbəmizlə başa çatmış Böyük Vətən müharibəsinin ağrı-acıları, sıxıntıları, üzüntüləri, məhrumiyyətləri hələ də öz hökmünü yeridirdi. Belə günlərin birində Sumaqova kəndində Həmid müəllimin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Qohumlar, yaxınlar yığışıb, toplaşıb çağanın adını Zakir qoydular, adını biz veririk, bəxtini Allah versin - deyib, körpəyə xeyir-dua dilədilər.
Təbiətən xeyirxah, həssas, əyriyə də, düzə də öz qiymətini verməyi bacaran, pedaqoji fəaliyyəti müddətində neçə-neçə gəncin ürəyində elmə-təhsilə məhəbbət çırağı yandıran Həmid müəllimin kənd-kəsəkdə, el arasında məxsusi hörməti vardı. Elə anası Həlimə xanım da halal, zəhmətkeş, könlünün bütün sevgi dünyasını ailəsinə, övladlarının tərbiyəsinə həsr edən əsl azərbaycanlı bir qadını kimi tanınırdı.
Zakir evin sonbeşiyi olsa da ərköyünlük nə olduğunu bilməzdi. Kiçik yaşlarından zəhmətə öyrənmişdi. Kənd yerinin yüz cür qayğısının, iş-gücünün öhdəsindən gəlməyə çalışırdı. Ağlı kəsəndən onu da öz uşaq fəhmiylə hiss etmişdi ki, bu ailədə halallıqdan, düzlükdən, zəhmətdən, qiymətli heç nə yoxdur.
Əlinə çanta götürüb ilk dəfə Pirəbədi kənd orta məktəbinin birinci sinfinə gedib. Çox keçmədi ki, onların ailəsi rayon mərkəzinə köçdüyündən Zakir təhsilini T.Abbasov adına Dəvəçi şəhər bir saylı orta məktəbində davam etdirib. İctimai fəallığı, çalışqanlığı, müntəzəm dərs hazırlığı, təvazökarlığı, şagird yoldaşlarına münasibətilə həmişə diqqət mərkəzində olub, başqalarına nümunə göstərilib.
Dərsdən sonra isə çox vaxt "Respublikanın əməkdar mədəniyyət işçisi", mərhun İsmayıl Şıxəliyevin rəhbərlik etdiyi rayon özfəaliyyət kollektivinin məşqlərinə gəlirdi. Bu kollektivin verdiyi müsamirələrdə şeirlər oxuyur, tamaşaya qoyduğu məzəli səhnəciklərdə rəngarəng rollar oynayırdı.
Bütün müəllimləri Zakirin xətrini çox istəyirdi. Ancaq uzun illər boyu rayonun öz dəyərli pedaqoqlarından sayılan, indi hər ikisi haqq dünyasında olan Nurbala Quliyev, Bəşir Bəşirov ona xüsusi qayğı ilə yanaşır, yeri düşdükcə qiymətli məsləhətlərini, tövsiyələrini əsirgəmirdilər. Bunun başlıca səbəbi isə yəqin Zakirin tarix və ədəbiyyat fənlərinə ciddi həvəsi, məhəbbəti idi. Eyni zamanda məhz humanitar sahəyə olan marağı 13-14 yaşlı bu yeniyetmədə bədii ədəbiyyata, mütaliyəyə, söz-sənət dünyasına da hədsiz meyl, məhəbbət yaratmışdı. Və... Onun könül dünyasına şerə, poeziyaya olan böyük sevgisinin ilk qığılcımlarını səpmişdi...
İnsanın həyat yolunu bəzən taleyin qisməti, həyati reallıqlar müəyyən edir. Zakir Bayramlı da səkkizinci sinfi bitirib Bakı Plan-Uçot Texnikumuna daxıl oldu. Texnikumda təhsıl alarkən də bu gəncin ədəbiyyata həvəsi, söz-sənət aləminə olan mehri yenə özünü göstərirdi. Bir də görürsən qrup yoldaşlarını başına yığıb onlara böyük şövqlə şeirlər oxuyur, ya da mütaliə etdiyi hansı bir bədii əsərdənsə maraqlı epizodlar, əhvalatlar danışırdı. Çox keçmədi ki, Zakirin ədəbiyyata, poeziyaya tükənməz sevgisi texnikimun ədəbiyyat müəllimi, xalqımızın unudulmaz şairi Səməd Vurğunun tələbə yoldaşı, böyük şeir, sənət dostu Məmmədiyyə müəllimin diqqətini cəlb etdi. Və o, Zakirlə tələbə-müəllim münasibətlərindən irəlidə gedən bir ünsiyyət bağladı. Onlar vaxtaşırı ikilikdə görüşür, Məmmədiyyə müəllimin ölməz Səməd Vurğun haqqında solmaz xatirələrini Zakir heyranlıqla dinləyir, bəzən də onu düşündürən məsələlər barədə suallar verir, daha çox bilməyə, öyrənməyə çalışırdı. Belə görüşlərin birində Zakir tərəddüdlərinə son qoyub, özünü toplayıb müəlliminə o da şeir yazdığını, ilk qələm təcrübələrini ona oxumaq istədiyini bildirdi. Məmmədiyyə müəllim tələbəsiylə məmnuniyyətlə razılaşdı. Zakirin sıxıla-sıxıla oxuduğu bu şeirlərin ümidverici olduğunu, eyni zamanda yorulmadan mütaliyə etməyin, çoxlu zəhmət çəkməyin vacibliyini vurğuladı. Müəlliminin xoş sözləri tələbəsinə sanki qol-qanad verdi, onu əlində qələmi daha inamla tutmağa ruhlandırdı.
Zakir Bayramlı ilə söhbətlərimizdən:
- Məmmədiyyə müəllim elə bil mənə xeyir-dua verdi, yazılarımı üzə çıxarmağa başladım. Təhsıl aldığım tədris ocağında keçerilən ədəbi-dədii görüşlərdə, müxtəlif tədbirlərdə mənə şeir oxumaq üçün söz verirdilər. Çox vaxt da çıxışlarım musiqi ilə müşayiət olunurdu. Tezliklə mən az qala bütün texnikumda tanınan tələbələrdən biri oldum. Həmin illər "Abşeron" qəzeti ilə əməkdaşlıq edirdim. Burada əsasən zəhmət adamları barəsində yazılarım dərc olunurdu. Şeirlərim də elə ilk dəfə bu qəzetdə çap edilib.
Bizim texnikumda Hümmət Mustafayev adlı iqtisad elmləri namızədi olan bir müəllimimiz vardı. Bu müəllimlə də çox səmimi münasibətlərimiz demək olar ki, dostluq səviyyəsinə yüksəlmişdi. Hamımız ona ədalətli, tələbkar, tələbələrinə qayğı göstərməkdən usanmayan, onlarda gələcəyə böyük inam aşılamağa çalışan bir müəllim, insan kimi hədsiz hörmət bəsləyirdik. Hümmət müəllim mənim də ədəbiyyata, poeziyaya olan həvəsimə sevinib, şeirlərım barədə xoş sözlər deyirdi. O rəhmətlik kişi məni öz dostları, həmin dövrdə artıq adlı-sanlı şairlər olan Hüseyn Arifin və İlyas Tapdığın yanına göndərdi. Heç zaman unutmayacağım bu görüşlərimiz zamanı Arif müəllim də, İlyas müəllim də mənə yüksək qayğıkeşliklə yanaşdılar, şeirlərimi diqqətlə nəzərdən keçirdilər, maraqlı fikirlər, xeyli dəyərli məsləhətlər verdilər.
Həmin illərdə Azərbaycan Yazaçılar İttifaqının gənclərlə iş şöbəsinin müdiri, tanınmış şair Osman Sarıvəlli ilə görüşlərim də, yaddaşımda pozulmaz naxışlarla həkk olunmuş xatirələrimdəndir. Bu nurani insanın mənə göstərdiyi qayğı, verdiyi tövsiyələr də, inanın ki, poeziyaya olan sevgimdə öz sözünü deyə bilib. O vaxtlar Yazıçılar İttifaqının Natəvan klubunda Cabir Novruzun, Bakı Şəhər Mərkəzi kitabxanasının nəzdində Sabir Əhmədovun, Cabir adına kitabxanada isə Kələntər Kələntərlinin rəhbərlik etdikləri əbədi dərnəklər fəaliyyət göstərirdi. Mən tələbə adam, necə deyərlər kənd uşağı, nə qədər desən qayğım, ehtiyacım, amma elə bil ki, daxilimdə hansı bir sehrli qüvvəsə məni bu əbədi məclislərə getməyə məcbur edirdi. Mən bu dərnəklərdə iştirak etməkdən necə həzz, qürur duymağımı bir o Allah bilir. Müxtəlif janrlarda yazılarım müzakirələrində fəallıq göstərməyə çalışır, fikir söyləyir, yazdığım yeni şeirləri oxuyur, verilən məsləhətlərdən nəticə çıxarır, bir sözlə, özümü əbədi cəmiyyətin bir üzvü sayırdım.
Yəqin elə bu görüşlərin, münasibətlərin sayəsində düşdüyüm əbədi mühit məni də az-çox yetkinləşdirməyə başladı. Yazılarım Ədəbiyyat və incəsənət, Azərbaycan gəncləri" qəzetində, "Kirpi" jurnalında və başqa mətbuat orqanlarında dərc olunmağa başladı. Yaddaşımdan boylanan və bu gün də mənə fərəh bəxş edən bir xatirəni də söyləmək istəyirəm. 1966-cı il idi. Texnikumumuzda dövlət imtahanları başlanmışdı. Bizim də ilk və əsas imtahanımız iqtisad fənnindən idi. İmtahan komissiyasının sədri bu sahədə nüfuzlu alimlərdən biri idi. Komissiya üzvü Hümmət müəllim sədrə müraciət etdi ki, Zakir həm əlaçı tələbə, həm də istedadlı şairdir. Təzəliklə Səməd Vurğuna bir şeir həsr edıb. Əgər icazə verirsinizsə, əvvəlcə bu şeirini oxusun, sonra biletin suallarına cavab versin. Söylədiyim şeir komissiyanın sədrini necə tutdusa biletin suallarını soruşmadan mənə "əla" qiymət yazdı.
Zakir Bayramlı texnikumda təhsilini yüksək qiymətlərlə başa vurub doğma Dəvəçiyə (Şabran) təyinat aldı. Burda isə rayon kənd təsərrüfat istehsalat idarəsi 18 yaşlı gənc mütəxəssisə "Bilici" sovxozuna göndəriş verdilər. Lakin səhərisi gün onu rayon partiya komitəsinə dəvət edıb bildirdilər ki, məsləhət görürük ki, səni rayonumuzda yeni açılmış texniki peşə məktəbinə mühasib göndərək. Zakir tələbə həyatından mühasib ixtisasını nə qədər ciddi, bu sahədə çalışmağın necə məsuliyyətli olduğunu yaxşı bilirdi. Gələcək barədə düşünəndə də bu fikri mütəmadi yada salırdı. Odur ki, işə başladığı ilk günlərdən özünə tələbkarlıqıa yanaşır, hər bir sənədi diqqətlə öyrənir, hesablamalarında səliqə-sahman, yüz ölçüb bir biçmək əsas yer tutardı.
Bu tədris müəssisəsində Zakir Bayramlı cəmi dörd ay çalışdı. Öz işinə dedikcə məsuliyyətli münasibətə, az müddətdə qazandığı səriştəyə, təbiətindən gələn işgüzarlığa və ictimai fəallığa görə onu rayon maarif şöbəsinə mühasib vəzifəsinə irəli çəkib və qəhrəmanımız qısa fasilələrlə düz 45 il, yəni 2012-ci ilədək burada çalışır. Onun təxminən 40 ilini isə bu təşkilatın baş mühasibi olur.
Eyni zamanda, bu müddətdə iki ali təhsil alıb. Hər birimizin həyatında silinməz izlər qoyan, hər birimizin xoş gələcəyi naminə ömrünü, gününü, gözünün nurunu gilə-gilə əridən şərəfli, möhtəşəm bir ad daşıyan müəllimlə çiyin-çiyinə çalışmaq özü də yüksək ləyaqət, peşəkarlıq, müəllim sənətinə böyük sədaqət və ehtiram tələb edir. Tam inamla deyə bilərəm ki, Zakir Bayramlı yarım əsrə yaxın mühasibliyi dövründə rayonun bütün pedaqoji kollektivlərini də, müəllimlərinin özlərini də adbaad, üzbəüz tanıyır, onların çətin və şərəfli əməyinə yetərincə hörmətlə, həssaslıqla yanaşırdı. Onların humanist və şərəfli zəhmətləri müqabilində aldıqları əməkhaqqının düzgün, vaxtında hesablanıb çatdırılması üçün öz səyini, bacarığını əsirgəməyib. Elə rayonun müəllimləri də onu təkcə peşəsinin ustası olan öz mühasibləri kimi yox. Həm şeir-sənət adamı, həm də qayğıkeş, səmimi, gülərüz, saflıq, düzlük mücəssəməsi bildikləri bir insan kimi böyük hörmət bəsləyirlər. Zakiri xeyirdə, şərdə öz məclislərində, doğmaları arasında görmək istəyirlər. Rayon rəhbərliyi də, əlaqədar təşkilatlar da Zakir Bayramlıya peşəkar, öz yerində olan bir mütəxəssis, eyni zamanda həyatsevərliyi, ictimai fəallığı, təəssübkeşliyi, yurd sevgisi ilə seçilən bir insan kimi yanaşırlar, həmişə də qayğı, sayqı göstərirlər. Düz 20 il ardıcıl Azərbaycan Respublikası Maarif Nazirliyinin (Təhsil Naszirliyinin) Dəvəçi rayon (Şabran) təhsil büdcəsinin təşkilinə, onun öz təyinatı üzrə tam qanunamüvafıq yönəlməsinə görə təşəkkürlərinə layiq görülüb. Uzun illər bu nazirliyin kollegiyalarında və digər mötəbər iclaslarında onun yaxşi işi qeyd olunub, nümunə göstərilib. Bu, qəhrəmanımızın indiyə qədər ləyaqətlə yaşadığı ömrün bir qoludur.
Onun həyatının bir qanadı isə hələ texnikumda oxuduğu illərdə şeirin, poeziyanın sevincli, ağrılı, iztirablı, min bir duyğulu yollarında hələ kövrək qədəmlərini atdığı ilk gənclik çağlarından başlayıb. İllər ötdükcə bu qədəmlər daha möhkəm, inamlı addımlara çevrilib. Zakir Bayramlı yaradıcılığının ilk dövrlərindən öz poetik səsi, nəfəsi ilə seçildi, sevildi, tanındı. Onun yaradıcılığı ilə bağlı az rəylər, resenziyalar yazılmayıb. Bu yazılarda Zakirin qələmə aldığı poeziya nümunələri kifayət qədər ətraflı təhlıl edilib. Mən isə yalnız bu şeirlərlə ilk tanışlıqdan nəzərə çarpan iki cəhəti vurğulamaq istəyirəm. Onlardan biri Zakirin Vətənə, insana, sevgiyə, ümumiyyətlə, hansı mövzuyasa həsr etdiyi şeirlərə dedikcə həssaslıqla, təəssübkeşliklə yanaşmasıdır. Digəri isə onun zəhmətə, zəhmətkeş insana verdiyi çox yüksək qiymətdir. Bəlkə də bu məqam Zakirin yaradıcılığında ona görə daha qabarıq üzə çıxır ki, o özü çox əməksevər, yorulmaz bir şəxsdir. İstər seçdiyi ixtisası, sənəti, istərsə də poeziya sahəsində.
Hələ texnikumu bitirib gənc mütəxəssis kimi doğma Şabrana qayıdanda Zakir bizim hər birimizin üzərində böyük əziyyəti olan rəhmətlik Əmirqulu müəllimin rəhbərlik etdiyi Çiraqqala, sonra isə "Şabran" ədəbi dərnəklərinin bütün məclislərində fəallıqla iştirak edir, öz yaradıcılığına böyük əməksevərliklə, məsuliyyətlə yanaşırdı. Təsadüfi deyil ki, 50 ildən bəri yaradıcılıqla məşğul olan Zakir Bayramlı müxtəlif mövzularda çoxlu şeir və qəzəllərin, 10-dan artıq poemanın, neçə-neçə publisistik əsərin müəllifidir.
İndiyə qədər Zakir Bayramlının "40 il təhsillə bağlı ömür", "Bir ömür yaşadım", "Min ilə bərabər yüz il", "Günəşdən nur alanlar", "Dünyaya açılan pəncərə", "Arzuları qovuşduran kitab", "İkinci görüş" kitabları nəşr olunub. Lakin 70 yaşın astanasına çatmış bu insan yazıb-yaratmaqdan yorulmur, hazırda üç kitab üzərində işlədiyini bildirir.
Zakir müəllimlə fitrətən zəhmətkeş, geniş ürək yiyəsi olan Elmira xanım beş uşaq böyüdüb ərsəyə yetiriblər. Valideynlərinin əməyini, məhəbbətini ləyaqətlə doğruldan bu övladların həyat yolunu biz də müxtəsərcə vərəqləyək.
Ailənin ilk vüsal sevinci Taleh Ural Hüquq Akademiyasının məzunudur. Hazırda Mingəçevir Məhkəmə İcra Orqanları bölməsinin rəisidir. Artıq o özü üç övlad atasıdır.
Samirə ixtisasca həkimdir. Yekaterinburq şəhərində səriştəli həkim kimi tanınır. Üç uşaq anasıdır.
Ramin Azərbaycan Pedaqoji Universitetini bitirib. Şabran şəhər 4 saylı orta məktəbdə tarix fənnini tədris edir. Bəylər və Zakir adlı iki oğlu var.
Esmira isə Şabran şəhər 2 saylı orta məktəbdə şagirdlərinə biologiya fənnini öyrədir. Ləman və Dilarə adlı qızları var.
Sonbeşik Aynurə də Azərbaycan Pedaqoji Universitetini qurtarıb. Şabran şəhər 1 saylı orta məktəbdə çalışır. Üç övlad anasıdır.
Bu da Zakir Bayramlı haqqında demək istədiklərim. Neçə vaxtdır bu yazını yazmaq fikrindəydim. Hər dəfə ortaya nəsə çıxırdı. Amma bilirdim ki, əvvəl-axır mən bu məqaləni yazacağam, peşə fəhmi məni hisslərimə xilaf çıxmağıma qoymayacaq. Amma görəsən sözümün gücü çatdımı, azı 40 il bundan əvvəl tanıdığım bu insan, bu söz adamı barədə düşündüklərimi ifadə edim.