adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Avqust 2017 00:42
13997
ƏDƏBİYYAT
A- A+

NUR və Sİ

SAFRUH
Mütləqə İnam Ocağının
Ruhsal Başçısı

"Türküstan qəzeti"nin 13-19 iyun 2017-ilsıralı 21 (484)-sayının 9-cu səhifəsində "Birlikdə yenidən yola çıxacağıq..." başlıqlı yazı verilib. O yazı Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Szinpinin "Kazaxstanskaya pravda" qəzetində dərc olunmuş "Çin - Qazaxıstan münasibətləri arzu qanadlarında pərvazlanır" adlı müəllif məqaləsidir. Strateq.az saytı onu, bir az qısaltma ilə, tərcümə etmişdir: Qazaxıstan ruscasından Azərbaycan türkcəsinə... (Qaraltmalar mənimdir - S.)
Bəs Si onu hansı dildə yazıbmış (çincə, ya rusca) - qəzet bunu göstərmir. Məncə, Si öz dilində (və güman ki, öz heroqlifində) yazar, çünki çin dilinin rus dili qarşısında çəkinəcəyi bir şey yoxdur. BMT-nin altı işlək dilindən biri ruscadırsa, biri də çincədir.
Məqalədə iki ölkə arasındakı ilişkilərin bir sıra önəmli sahələrinə toxunulur. Xeyirxah qonşuluq, strateji əməkdaşlıq, iqtisadi-mədəni alış-verişlər, get-gəllər, təhsil... Xeyirxah bir tərzlə, Doğuya, o sıradan Çin xalqına xas bir əminliklə, şüarlaşdırmasız, olanı yazmaqla çatdırılan bu sözlərin hamısına mən inanıram. "Qazaxıstanın Çinə ixracatı artır. Çində sadə ailələrin masasına Qazaxıstan unu, bitki yağı, paxla, ət məhsulları və balı təqdim olunur" sözlərindən isə lap qıvanc duydum. Eləcə də Çin öndərinin fəhminə inanıram: "Hazırda beynəlxalq durum mürəkkəb və dərin dəyişikliklər yaşayır, dünya iqtisadiyyatı dərin dəyişim şəraitində süst və ləng bərpa olunur, inkişaf məsələsi isə əvvəlki tək kəskin olaraq qalır".
Bu inandıqlarımın içərisində məni daim düşündürüb rahatsız edən nəsnələr var. Çin başçısı yazır: "Mədəni-humanitar təmaslar fəallaşır. 2016-cı ildə qarşılıqlı səfərlərin sayı 500 minə yetib. 14 min qazaxıstanlı tələbə Çində təhsil alır. Qazaxıstanda 7 Konfutsi institutu və 7 Konfutsi sinfi açılıb. Çin ali təhsil məktəblərində 4 Qazaxıstan mərkəzi işləyir. Qazaxıstan müğənnisi Dimaş Çində böyük populyarlıq qazanmağa müvəffəq olub. Həmçinin milyonlarla qazaxıstanlı ailə "Çin dilimin ucundadır", "Səyyah ailə" və Çinin digər teleseriallarına baxıb".
Mən Öz yanğılısı, özümlük carçısıyam. Burada Qazax - Çin arasında verilib- alınanların fərqindəyəm. Minlərcə qazaxıstanlı öyrənci Çində təhsil alır. Hər biri sabah Qazaxıstanda Çin etkilisidir. "Hər bir "qazaxıstanlı" da "qazax" deyil. Qazaxıstan, içindəkiləri özümləşdirmək imkanını heç vaxt bulmayıb. Əksinə, içindəkilərin çoxu qazaxa yuxarıdan baxıb və baxmaqdadır - özününkülərdən də bir çoxu... Çində isə hamı çindir; Çində "çindən fərqli" sözünün özü - gülüncdür. Qazaxıstanın əhalisi 20 milyondur, Çininki 1. 220 milyon.
Qazaxıstanda Konfutsi institutları, Konfutsi sinifləri açılır. Konfutsi - Çin deməkdir. (Lenin - Rusya demək idi), Çin - Konfutsi deməkdir. Çin dışında onun adına heç bir təhsil müəssisəsi açılmasa da, Konfutsi ümumbəşərin beş-üç öyrətmənindən biridir. O Öyrətmən Çinin Lu əyalətindəndir. Qazaxıstan Çindən bunu alır, bəs ona nə verir?
"Çin ali təhsil məktəblərində isə 4 Qazaxıstan mərkəzi işləyir". Orada da Qazaxıstan Çini öyrənir, Çindən öyrənir - qazaxsızlaşır, çinləşir - mahiyyətcə. Qazaxıstanın estrada müqənnisi Dimaş Çində populyarlıq qazanır - bununla öyünür yəqin ki - öz Qazaxıstanlıları qarşısında. (Türkiyə estradaçısı Əmrah Avropada tufan qopartması ilə gözümüzə kül üfürür...) Hər hansı Çin müğənnisinin Qazaxıstanda çıxışları ilə öyünməsini düşünmək isə yəqin ki, sadəlövhlük olar. (Alla Puqaçova Bakıda çıxış edəndə Bakını şərəfləndirdiyini düşünər yəqin ki. Zeynəb Xanlarova Moskva çıxışları ilə şərəfləndiyini düşünüb öyünər yəqin ki...) Çin isə hər bir Qazaxıstanlının daim dilinin ucunda olur yəqin ki.
Hələ Çin və Çinli vüsətinin əfsanəvi və gerçək ifadəçiləri olan bu Çin səddi və İpək Yolu! Üstəlik, Si Szinpin":::in təşəbbüsü olan və "artıq təşəbbüsdən işə, ideyadan praktikaya keçən" "Bir qurşaq və bir yol" layihəsi üzrə əməkdaşlıq!
Bir sözlə, Çin "Gəl, gəl!" deyir, Qazaxısdan "Gəlirəm, gəlirəm!" deyir.
Məqalədə mənim Öz - Özümlük qayğılanmalarıma olumlu işarələr də var: "...inkişafım milli strategiyalarını calaşdırmaq, özəl üstünlüklərlə tamamlamaq və ümumi inkişafı irəlilətməyin gərəkliyi"; eləcə də "mədəniyyətlərin rəngarəngliyinə sayğı" və b.k.
"Türküstan"ın başqa bir sayında (18-24 aprel 2017, N14 - 477, s.8-9) Nursultan Nazarbayevin yazısını oxumuşdum: "Milli ruh əbədi olaraq bizimlə qalmalıdır". Ocağın toplantısında o yazının ruhu yönündə söz də demişdim. O boyda ölkənin başçısı ulusal özümlük barədə görün necə qayğı və səksəkə ilə danışır, titrək danışır - yazısını bilimsəl səpkidə işləmiş olsa da!
Nursultan türklükdən kənar Qazaxıstanı yox sayır. Kökdən kənar nə gövdə, nə budaq, nə yaxın, nə uzaq, nə gəlişmə, nə qalışma! Milli ruh əbədi olaraq bizimlə qalmalıdır, biz əbədi olaraq milli ruhda qalmalıyıq. Belə çıxır ki, "biz", "mən", "qazax" - elə "milli ruh" deməkdir - o olmayanda "biz" olmayacaq....
Burada bir təlaş da var - səsdəki səksəkə bundandır: bizi o Ruhdan ayıra, o Ruhu bizdən ala bilərlər! Rus-Sovet dönəmində Ruhumuzla ilişkimiz son nəfəsinə gəlməmişdimi?! Teatr həmin teatr, motiv həmin motiv, oyunçular həmin oyunçulardır. Möhkəm olmalı qazax! Möhkəm olmalı qazax - öz hun kökü, öz türk kökü üstündə!
Nə gözəl, Nursultan! O ad halaldır sənə!
Bunları yazmaqda istəyim - içinizi (içlərinizi) əsməcələrdən qurtarmaqdır. Sizi birliyə aparan ən uca bir Yetinci qan və canınızın göz önünə - üfüqünə qoyub, bütün yaşamınızı o yöndə qurmağa, o Yön üzərində insan (fərd) və ulus yaşamını bütün dolğunluğu və əlvanlığı ilə yaşamağa çağırmaqdır - ona doğru ömürlə israra çağırmaqdır. Safruh İnamın Yolunda elədiyi kimi.
Xeyli vaxtdır (bir neçə ildir) ki, bəşər içində mövcud olan yeddi sivilizasiyanın toqquşmasından danışılır və o "toqquşmaya" fatal (qaçılmaz, mütləq) zərurət isnad verilir. O yeddi Sivilizasiyanın içində Türkün adı da yoxdur. Kimsə ona (onun haqqındakı qəzet yazısına) "Türk sivilizasiyası" deyə bir söz artırmışdı. Qəzetin ondan sonrakı sayında başqa birisi o yanlışı düzəltmişdi: "Türk sivilizasiyası olmayıb". Və mövcud 7 (yeddi) sivilizasiya içində türkün (qazaxın...) özümlük arzusunu nəzərə alanı da yoxdur! Əksinə, görünən budur ki, onların yerişiylə, onların qocalıb-qartıması sonucu bəşər içində sivillik özünün əksinə çevrilmişdir.
Mən N. Nazarbayevin "Milli ruh əbədi olaraq bizimlə qalmalıdır" yazısını öz ölçmələrimlə saf-çürük edə-edə özətlədim. Bu ülvi layihə-ismarıc da Qazaxı o sivilizasiyaların yetirmələri və yiyələri ilə bir ritmdə yürüməyə çağırır:
Qazaxıstan dünyanın 30 ən gəlişmiş ölkəsi sırasına çıxmalıdır, bunun üçün modernləşməlidir; dəyişən şəraitə uyğunlaşmalıdır, rəqabətə qabil olmalıdır, praqmatik olmalıdır; başagəlməz ideyaların ardınca getməməlidir, on minlərcə Qazaxıstanlı gənc "dünyanın ən yaxşı xarici ölkə universitetlərində" təhsil olmalıdır, peşəkar kommunikasiya dili olan ingiliscəni öyrənməlidir, Qazaxıstan üçdilli olmalıdır (?!), qazax dili kiril əlifbasından latına keçməlidir - çünki qabaqcıl dünya ingiliscə anlaşıb, latın abesi ilə yazır-yazışır...
Bir az bundan öncə qabaqcıl dünya rusca danışır, kiril abesi ilə yazırdı. Ondan da bir az öncə ərəbcə danışır və ərəb əlifbası ilə yazırdı. Onlar da qabaqcıllıq adı ilə sırınmışdı qazaxlara. Sonucu Nursultan özü bu cür sıralayır: 1) ulusal gəlişmənin doğal yolu dağılıb, 2) ölkə demoqrafiyasına (əhali tərkibinə) öldürücü zərbə vurulub, 3) Qazax dili və mədəniyyəti itirilmə həddinə gətirilib, 4) ölkənin ekologiyasına sarsıdıcı zərbə dəyib.
... İndi yenə yabançı qabaqcıllıq, ingilis dili... Mənsə ingilisdilliliyi "yeni" dünyanın xalqlara qazdığı yeni quyu sayıram. Xalqlar rusdillilikləri dərəcədə özlərini-özümlüklərini itirirdilər (özünüz yazırsınız - başıalovlu); ərəbləşdikləri (müsəlmanlaşdıqları - ümmətləşdikləri) dərəcədə də eləcə; indi də ingilisdilliləşmə quyusu gəlir... Nurluğuna inandığım Nazarbayevsə belə yazır: "Uşaqlarımızın hamısı (qaraltma mənimdir - S.) məktəblərimizdə ingilis dilini öyrənirlər".
Burada mütəxəssislə xalq bir-birinə qarışdırılır. Sabah o "uşaqlara" qazaxlıq "gərək olmayacaq", onlar ondan qurtulmağa çalışacaqlar; Çin də, Yapon da ingiliscə danışırsa...
İndiki quyunun dərəcəsi xalqlar üçün (öncə "bəziləri" üçün) fatal ola bilər.
Ona görə də mən Mütləqə İnam Ocağı adından xalqları özdilli, özinamlı olmağa, başqa sözlə, "1 - 1-ləşməyə" çağırıram. Bir-birləşmələr arasında anlaşma, ünsiyyət onların ulusal-insani ruhları vasitəsilə olacaq. (Bu haqda balaca bir yazım da var bu sayda).
Mən bunu insan naminə irəli sürürəm. Çünki, məncə, ulusal kimliksiz bəşəriyyət - insan toplumu olmaqdan çıxar, doğadakı başqa topluluqlardan biri olar (deyək ki, Meymunlar, Kaftarlar kimi). Oralarda isə kod olsa da, axtarılmır, onun qorunub saxlanılması barədə düşünülmür.
...Bir yandan baxırsan - dünyadır, onunla birlikdə yaşayırsan, çoxdan onun ritminə salınmısan. Bu ritmdən çıxsan, tapdanarsan; çıxmasan - həmin meydan, həmin motiv, həmin oyunçular, həmin qanacaqdır - "sivilizasiya" adına. Ton verən, yön verən, meyar verən, münsif də sən deyilsən; münsiflə sənin aranda "özüm - özgə" fərqi var - üzə vurulmasa da.

(ardı gələn sayımızda)

14 Közərti - 12 Od (IV-V aylar) 39-il.
(İyun-iyul 2017).
Atakənd. İnam Evi.