adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Iyul 2017 00:33
14528
ƏDƏBİYYAT
A- A+

Ramiz Rövşən


Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?

İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük...


Ölmək

Bulud kimi ölmək
bir yaz yağışında.
Ümid kimi ölmək,
bir qız baxışında.
Bir yel qanadında
yarpaq kimi ölmək
Bir qəbir altında,
torpaq kimi ölmək.
Bir gül kimi ölmək,
bir güldan içində.
Bülbül kimi ölmək
bir hicran içində.
Bir səs kimi ölmək
bir kar qulağında.
Bir söz kimi ölmək,
bir lal dodağında.
Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək...


"Yağış yuyur, gün qurudur"

Bu yerləri bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.
Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.


İçindən yıxılır adam

Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından -
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.
gGülmə hər yıxılana,
atam balası, gülmə, -
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam... 


QARA PALTARLI QADIN

Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var
Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!
Göz yaşları yuduqca başdaşını
Qəbrində qurcalanıb, deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!
Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?
Bu qadın başdaşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.
Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Başdaşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...

Dərd

Dərd dərdi əridir, udur,
Dərd dərdin dibinə çökür
Dərd dərdin əlindən tutur,
Dərd dərdin ipini çəkir.

Nə uzundur dərdin ipi
Dolanır dörd bir tərəfi.
Dünyanın dərdli tərəfi
Dərdsiz tərəfini çəkir.

Dünyadan bezmir yenə də,
Şükür deyib bu günə də,
Adam lap öz dərdini də
Sevinə-sevinə çəkir.

Bu ağac

Bu ağac öləcək,
Üzündən gözündən tökülür ölüm.
Bu ağac öləcək, bu gün, ya sabah.

Bu ağaca qonan o quş öləcək,
Üzündən gözündən tökülür ölüm.
O quş da öləcək, bu gün, ya sabah.

O quşa dən səpən o qız öləcək,
Üzündən gözündən tökülür ölüm.
O qız da öləcək, bu gün, ya sabah.


Analar aldatdı bizi

Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.

Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi... 

Bu güzgüyə bir vaxt
qoşa baxardıq

Bu güzgüyə bir vaxt qoşa baxardıq,-
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?
Göz yaşların canındadı, bəlkə də
damla-damla əriyəcək bu güzgü.
Bir gün sənin ayağınla dünyada
ayaq açıb yeriyəcək bu güzgü.
Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində.
Qaçacaqsan bu güzgünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.


Gedək biz olmayan yerə

Gəl əl-ələ tutub gedək
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.
Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü
Bu köhnəlmiş sözümüzü,
Gedək söz olmayan yerə.
Bir kimsə tutmasın xəbər,
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.
...Atam oğlu, az çapala
Sən deyən çətin tapıla.
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?!


İLAN BALASI

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
  Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şeyg
Bu ilan balası bir vaxt
Canında
Gizlənən zəhərdən xəbər tutacaq.
Bəlkə qarğıyacaq
baxtını onda,
Bəlkə boğazını
qəhər tutacaq.
Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!
Bu da bir ömürdü,
dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında -
sevən bir ürək,
Dişinin altında -
zəhər tuluğu.
Görənlər çığırar:
- İlan var, ilan!..
Qovduqca qovarlar səni dünyada.
Hər yandan kəsilər
yolun-yolağın,
Tək bircə yol qalar sənə dünyada;
Başından
quyruğunacan,
Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, -
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.
Özün bu dünyada öz əzizinsən,
Özün öz balansan, ilan balası.
Hara qaçacaqsan
göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan
öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən,
yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə
öyrən.
Barış canındakı zəhərli dərdlə,
iyrənmə özündən, ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
Dünya səndən keçib durulur bəlkə

DÜNYA

Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı. 
Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.
Kim nə anlar bu zalımın işindən,
Çoxlarını keçribdi dişindən,
Möhkəm yapış papağından, başından,
Başdan papaq alıb qaçan dünyadı.