adalet.az header logo
  • Bakı 21°C
29 Iyul 2017 00:22
21923
ƏDƏBİYYAT
A- A+

Söz düşdü urvatdan, samana çəkdi

A yetmiş ilim

Salam, yetmiş ilim, a ömür-günüm,
İllərin il oldu, izin iz oldu.
A gündoğan yönüm, a Tanrı yönüm,
Ocağın da, ocaq, közün köz oldu.

Var oldun göylərin yeddi qatına,
Arzular ovutdu, xəyal ovutdu.
Mindin gecələrin zümrüd atına,
Səni için-için, xal-xal ovutdu.

Dolandı yolların özündən keçdi,
Özgə duyuq düşdü, yad duyuq düşdü.
Bulud çeşmə-çeşmə, gözündən keçdi,
Ovub-ovulduqca, can oyuq düşdü

Əysə də quşqunu dərd-qəmin tən-tən,
Yada çirmək olan qula tüpürdün.
İraq ruzusundan, bərəkətindən,
Yallanan yaltağa, yala tüpürdün.

İçindən başladın, içə qayıtdın,
Ağrı-acısından göz çiçəklədi.
Bir Yörük türkütək, köçə qayıtdın,
Qərib şərqilərin, söz çiçəklədi.

Ulduzdan asıldın, Aydan asıldın,
Ehtiyac qalmadı dar ağacına.
Eşqinlə payızdan, yaydan asıldın,
Ehtiyac qalmadı,

Görüş yerindəki, bar ağacına.
Çərində-çəməndə, gülə gül oldun,
Dolayı ətirlər, şeh tutdu səni.
Boş verib hər simə, telə gül oldun,

Dolayı küləklər, meh tutdu səni.
Qışın şaxtasına belin düz durdu,
Yazın ayazına aldandın hərdən.
Dağa bax, sinənə mil-mil düzdürdün,

Sözün dayazına aldandın hərdən.
Salam, yetmiş ilim, salam, a günüm,
Hələ astananda varım-gəlim var.
Hələ deyilməmiş min sözüm-ünüm,
Hələ açılmamış min diləyim var.


Özüm öz içimdə

Özüm öz içimdə gəzdim dünyanı,
Yolu-yolağası, irzi bilinməz.
Cığırlar köndələn, belimdən keçdi,
Uc ələ gəlmədi, ərzi bilinməz.

Biçildim yaz ağzı, bitdim yaz ağzı,
Ömür əl ağacı, kərtdim, yaz ağzı,
Dərdim satıllandı, örtdüm, yaz ağzı,
Sinəm qıyıq yeri, dərzi bilinməz.

Özüm öz halımdan varıb gələrəm,
Qəmdən bir xaniman qurub gələrəm,
Elə, danüzündən durub gələrəm,
Mərəzi bilinməz, mərzi bilinməz.

Buluda nə deyim, Göyə nə deyim,
Altında yurd olmuş köyə nə deyim,
Cahilə nə deyim, çiyə nə deyim,
Ölçüsü bilinməz, tərzi bilinməz.

Çöl də yadırğadı, bitirmir yovşan,
Hər şeytan ağızda bir çullu dovşan,
Çaparaq, şöhrətə, şana qovuşan -
Hər mürdəşir sifət, hər üz bilinməz.

Özüm öz içimdə gəzdim dünyanı,
Yolu-yolağası, irzi bilinməz.
Cığırlar köndələn, belimdən keçdi,
Uc ələ gəlmədi, ərzi bilinməz.

Keçdi
Sinirim sap kimi, iynədən keçdi,
Xəyal toparlandı, yükləndi bir az.
Girib ovqatımın tərs damarına,
Canım yalquzaqtək təkləndi bir az.

Söz düşdü urvatdan, samana çəkdi,
Bozarmış yalana, yamana çəkdi,
Ömürmü-günümü gümana çəkdi,
Ağrım çalın-çarpaz, ləkləndi bir az.
Oyunlar baş qatdı vaxta-vədəyə,
Qalıbdı bu dünya gədə-güdəyə,
Çatısız dana tək, gəlmir yedəyə,
Zaman da tərsinə kökləndi bir az.

Ömürlər sarı sim, tarım çəkildi,
İnsana kütləvi xorum çəkildi,
Ayaqdan taqətim, durum, çəkildi,
Düşmən ətə gəldi, tükləndi bir az.

Daha göylərin də, aha, yeri yox,
Göydəki varlığın, elə, sirri yox,
Ölənin, itənin ruh əsəri yox,
Şər iş də dik durub, dikləndi bir az.
Sinirim sap kimi, iynədən keçdi,
Xəyal toparlandı, yükləndi bir az.
Girib ovqatımın tərs damarına,
Canım yalquzaqtək təkləndi bir az.

Varmışdım

Dağlara varmışdım, kəndə varmışdım,
Çiçək çəkdi məni, gül çəkdi məni.
Alnımda danüzün mehi dolandı,
Dolaşıq dumandan tül çəkdi məni.

Dağların yan-yana yatışı vardı,
Günəşin qürubda naxışı vardı,
Göyün göz yaşı tək, yağışı vardı,
Çayların azanı, sel çəkdi məni.

Elə havasından özə, yük etdim,
Şehə bax, dərdikcə gözə, yük etdim,
İçimdə danışıb, sözə yük etdim,
Qat bağlamış günlər, il çəkdi məni.

Bir ocaq başında oda tutuldum,
Qızdırmadı məni o da, tutuldum,
Külləmə kartofda dada tutuldum,
Qorlu-qorasalı, kül çəkdi məni.

Zəmilər dən tutub, düzdə, bölükdə,
Sünbüllər daranır yeldə, küləkdə,
Şərqiyə kökləndi arzu, dilək də,
Xal olmuş gülləri, tel çəkdi məni.

Kənddə

Nədənsə,
əvvəlki şirinlik, coşqunluq qalmayıb kənddə.
Daha, kolxoz həyatı keçirmir insanlar.
insanlar briqada halında görünmür
sahədə, hənddə.
Kənddə,
daha bir yerə yığılmağa insanlar da qalmayıb,
şəhərə qaçdığından.
Səssizlik evləri başına alıb,
səsləri gəlmir, gecələr hürən itlərin də,
ayağa dolaşan pişiklərin də.
Məktəb yaşlı uşaqların sayı altmışdan, yetmişdən
doqquza, ona enib.
əl dəymədiyindən, barsızlıqdan
alma ağacları küskün kimi görünür bağlarda
belini, budaqlarını yana əyib.
Yaylaq yolunun ağzındakı
Qasım kişinin su dəyirmanın daşları ağarır
suyun-selin çimərliyində.
Susuz, dadlı dəyirman kömbəsinin xatirələri
çoxdan dəfn olunub içimin dərinliyində.
Sozalıb, kəsilib göydəmir atların kişnərtisi,
çəkilib, başı papaqlı kişilərin hənirtisi.
İndi, başı telli, sığallı kişilər
altında əlli-altmış minlik maşınlarla
Bakıdan kəndə
bir aylığına, iki aylığına maşınını,
özünü göstərməyə və bir də istirahətə
kefə gəlirlər.
Bir də, vaxtı-vədəni şən keçirməyə,
zurnaya, dəfə gəlirlər.
Səssizlik hökm sürür kənddə,
kəndarası yollar çoxdan qapanıb
rəmələrdən gələn selin-suyun ağzında
yuyulmaqdan, ovulmaqdan.
Göydə şimşək yalavıyır,
Dağda dolaşıq düşüb buludlar
Yuyulmamış, daranmamış yun kimi,
Batmışlar dinc durmur yenə
topa-mərmiyə tutub bizim tərəfi
dünyanın axırı, sonu kimi.
Bizdə də satqınlıq baş alıb gedir,
dəlir içimi üzqaralığı, ağır qurğuşun kimi.
Nədənsə,
əvvəlki şirinlik, coşqunluq qalmayıb kənddə...

Aldatdı bizi

Eşq deyə-deyə,
Füzulinin ərşə bülənd olmuş
min illərin ruhu aldatdı bizi.
Üstəlik,
sehrinə düşüb, dəli-dəli ağlamaqdan
sel-su yerinə axan
göz yaşları aldatdı bizi.
Dəyişib dünyanın məhvərini,
qibləsi tərsinə, gündöyənə bağlanmış
bir məzarın başdaşı,
bir mələyin dörd çatılmış qaşları aldatdı bizi.
Sevgi deyə-deyə,
hədəfini oxşaya, ovuda bilməyən,
yarı-yarımçıq,
dadsız-duzsuz ölü şeir löhvələri,
çəpiyə tutulmuş alqışlar, töhvələr aldatdı bizi.
Ağac deyə-deyə,
Gülhanə parkında Nazim Hikmətin bir ceviz ağacı,
İstanbulun göbəyində
Orxan Vəlinin bir qovaq ağacı aldatdı bizi.
Köçü köçə qatdıq,
Hardasa, sıralanmış çinar ağacları,
Murad Köhnəqalanın alma ağacları
Fəxri Müslümün də dağdağan ağacı aldatdı bizi.
Fərqinə varmadan,
ölüm deyə-deyə,
Adil Mirseyidin nar ağacı çiçəklərinin
rənginə çəkmiş min cürə çalar,
üstəlik,
şeirlərində tez-tez təkrarlanan
Ləki vağzalının soyuq divarları aldatdı bizi.
At belində Koroğludan,
dəli-dolu Həsənindən, daha kimdən deyə-deyə,
Hayların xəyanəti,
Dünyanın şər-şüvalı aldatdı bizi.
Üstəlik,
ömürlər içində bir ömür yaşadıq,
onun da, halı-əhvalı aldatdı bizi.