adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

TURİST GƏLİR!!!

FƏRİDƏ RƏHİMLİ
32553 | 2017-07-29 00:13
(İkinci yazı)

Ölkəmizin inkişaf etmiş ölkələr siyahısında yer tutması, "varlı diyar" kimi tanınması milli qürurumuzu oxşasa da, bu inkişafdan, var-dövlətdən hər kəsin öz payını, halal haqqını ala bilməsi mütləqdir, gərəkdir. Dövlətimiz sosial rifahın yaxşılaşdırılması üçün hər bir zəruri tələbata malikdir, amma... Ammaya qədər yazılanlar giriş xarakteri daşıyır həmişə. Əsas çatdırılası fikir "amma"lardan sonra gəlir.
Müasir dünyamızda turizm istənilən ölkənin milli dəyərlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatına çox böyük həcmdə gəlir gətirən turizm sektoru istər milli mənfəətə, istərsə də ölkənin dünyada tanınmasına ciddi təsir göstərməkdədir. Bu sahənin inkişaf etdirilməsinin ölkə büdcəsinə nə qədər xeyir gətirəcəyi haqda dəfələrlə fikir bildirmişəm və həqiqətən də gözəl diyarımızda turistik guşələrin çoxluğu bu imkanı bizə verir.
Gələn turistləri yalnız əylənməyə deyil, eyni zamanda bu əyləncənin içində milli mənafeyi, dövlətçiliyi əks etdirən sahələrlə tanışlığa da dəvət etmək olar. Təbii ki, bu zorla deyil, təbliğat nəticəsində onların istəklərinə uyğun aparılmalıdır. Məndə bu fikir 1241-ci ildən fəaliyyət göstərən, indi isə tarixi abidə kimi qorunan Sinop Cəza Evinə axışan turistləri görərkən yarandı. İçəridəki abu-havadan az qala özünü cəza evində dustaq kimi hiss edirsən. Kameralar, yoğun zəncirlər bərkidilmiş zindan, görüş pəncərələri, dustaqların gəzinti yerləri, dustaqların daşındığı maşın... və dustaqların əl işləri. Bütün görüntü bunlardan ibarətdir. Ancaq gün ərzində gələn ziyarətçiləri nəzərə alsaq, 5 liradan bu külli miqdarda vəsaitdi. Bizim cənnət guşələrimizdən biri də Qubadır. Amma bu cənnətin içərisində bir əsl "Cəhənnəm" də yerləşir - erməni vandalizminin, vəhşiliyinin ən bariz nümunəsi - kütləvi şəkildə qətlə yetirilmiş insanların sümüklərinin qalıqları olan sahə. Bu sahəyə ayrılası diqqət, xarici qonaqlar arasında aparılası təbliğat yüz dəfə yürüşdən, erməni səfirliyi qarşısında nümayişlərdən qat-qat artıq effektli olar. O boş cəza evinə insanlar maraqla gedirlər, amma qoca, uşaq, qadın demədən qətlə yetirilmiş insanların qalıqlarını - dünyada bu dəhşəti görmək istəyən (həm də pullu girişlə!!!) çox insan olar, amma təbliğatımızın zəifliyindən biz qonaqları yalvararaq oraya götürürük. Nəysə, bunu sözgəlişi yazdım...
Bu günlər ölkəmizə turist gəlişi bir çox xeyri ilə birlikdə problemləri ilə də gündəmdədir. Xüsusilə, ərəb ölkələrindən gələn insanlar natəmizlikləri, antisanitariya qaydalarına əməl etməmələri ilə fərqlənirlər. Maddi durumlarının verdiyi sonsuz imkanla bütün dünyanı gəzən ərəblər turistik zonalarımıza axışmağa başlayandan Avropa ölkələri insanlarından davranışları, etik, estetik qaydaları saya salmamaları, getdikləri ölkənin mentalitetinə, milli adət-ənənələrinə hörmət etməmələri ilə kəskin fərqləndikləri açıq şəkildə ortadadır. Sanki onlar düşünürlər ki, pul varsa, hər şey edə bilərlər. Buna bəzən şərait yaradan da özümüz oluruq. Piknikdən sonra onların oturduqları yer zibilxananı xatırladır. Bunu onlara göstərmək, təmizliyə riayət etmələrini tələb etmək lazım olduğu halda, onların verdiyi bəxşişlərlə susmağa məcbur olan işçilərə bu natəmizlik hardasa sərf edir. Taksiçilər mənzil başına iki-üç qat artıq qiymətə apararaq (bu yaxınlarda bir taksiçinin ərəb turistini "Sahil" metrosundan "28 May" stansiyasına 300 dollara apardığını oxudum - F.R.), otel, restoran, kafe sahibləri onların hesabına varlanmaqla hər çatışmazlıqlarına göz yummağa məcbur olurlar. Maddi asılılıq qüruru da, milliliyi də, təəssübkeşliyi də üstələyir.
Əgər əvvəllər ərəb turistlərinin yalnız Azərbaycanda ov etmə maraqlarından bəhs edilir, narazılıq ifadə olunurdusa, indi başqa "ovçuluq" şakərləri gündəmdədir. Əslinə qalsa, indiki ov üçün o quşları ovladıqları qədər əziyyət də çəkmirlər. Çünki "quşlar" özləri ovlanmaq istəyirlər.
Ötən ildən başlanan ərəblərin Azərbaycana axını bu il daha kütləvi hal alıb. Ölkəmizə gələn ərəblər ən bahalı otellərdə qalırlar ki, bu da turizmin inkişafı və gəlirlərin artması deməkdir. Ancaq ərəb vətəndaşlarla bağlı son vaxtlar yerli sakinləri narahat edən, hətta hiddətləndirən bəzi məsələlər var. Bu da qızlarımızın ərəb kişilərinə marağının artması, ərəb kişilərinin açıq şəkildə istədiyi xanımı (təbii ki, onları səbirsizliklə gözləyənlərdən söhbət gedir - F.R.) otelinə dəvət etməsidir. Sosial şəbəkələrdə uzun-uzadı müzakirələrə çıxarılan və birmənalı qarşılanmayan bu məsələ gündəmdə qalır və yəqin ki, turistlərin gedişinədək davam edəcək. Sıxıntı, yoxsulluq, sevgisizlik içərisində mentalitet, milli-mənəvi dəyərlər, abır-həya, el qınağı və sair kimi deyimlərdən bezmiş müasir qızlarımız istədikləri kimi həyat yaşamağı, ölkənin az bir hissə vətəndaşının yaşadığı lüks həyatı arzulayırlar. Onlar da gözəl geyinmək, yemək, bahalı restoranlara getmək, gözəl yerlərdə əylənmək istəyirlər. Buna öz maddi durumları ilə yüz ildən sonra da nail olmayacaqlarını anladıqlarından çıxış yolunu pullu ərəb kişilərində axtarırlar. Bu fikrim onlara haqq qazandırmaq deyil, amma onların da, istədikləri qədər olmasa da, rahat yaşamaq haqları var.
İlk baxışdan bu anormal görünsə də, hərəmxana saxlayan "pullu ərəblər" və işsizlikdən, pulsuzluqdan, sevgisizlikdən, cehizsilzikdən (ərsizlikdən) "gözü kənarda qalan" qızlarımız üçün bəlkə də normaldır...

TƏQVİM / ARXİV