adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Iyul 2017 18:18
70023
HÜQUQ
A- A+

Lapşin İsrailə ektradisiya olunmaq üçün müraciət edib? - Vəkil danışdı

Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilmiş bloqer Aleksandr Lapşin İsrailə ektradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə TASS onun vəkili Eduard Çerninə istinadən deyib.

Vəkil E.Çernin isə Trend-ə bildirib ki, bu məsələ ilə bağlı müvəkkili ilə hələ görüşməyib, lakin A.Lapşin İsrail səfirliyinin nümayəndələri ilə görüşüb və ektradisiya edilmək barədə ərizə ilə İsrail səfirliyinə müraciət etməsi mümkündür.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi - Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.