adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyul 2017 22:48
10231
SİYASƏT
A- A+

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan "Qandzasar777” dini mərasimində iştirak adı altında Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna səfəri ilə bağlı məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında məsələyə belə münasibət bildirib:


"Ermənistan xarici işlər nazirinin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gəlməsi və "Qandzasar777” dini mərasimində iştirak etməsi Ermənistan tərəfindən dövlət səviyyəsində tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin növbəti nümunəsidir. Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən bu alban xristian məbədinin adı "Qandzasar” deyil, "Gəncəsər”dır və erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan və beynəlxalq tarixçi mütəxəssislər tərəfindən bu tutarlı faktlarla sübut edilib.

Məbəd kompleksinin memarlıq planlaşdırma vəkompozisiya həlli, heykəltaraşlıq nümunələri vədiofizit xarakterli elementləri bu abidəni çoxəsrlikənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Saxta erməni tarixşünaslığı "Gəncəsər” məbədinin memarlıq və digər xüsusiyyətlərinə görə erməni kilsəsindən köklü fərqini izah etməkdə acizliyini davam etdirir.

Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra 1836-cı ildə "Rusiya Müqəddəs Sinodu”nun xüsusi qərarı ilə Alban kilsəsi və onun bütün mülkiyyəti erməni qriqoryan kilsəsinin sərəncamına verilib. Bundan sonra erməni qriqoryan kilsəsi tərəfindən Alban xristian irsinin, o cümlədən "Gəncəsər” abidəsinin və alban yazılı məxəzlərinin erməniləşdirilməsi siyasəti aparılıb”.

XİN rəsmisinin sözlərinə görə, bü cür hallar Cenevrə konvensiyalarının pozulması deməkdir.

"Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqının tarixi irsinə aid olan İslam və xristian məbədlərini, digər maddi-mədəniyyət abidələrini özününküləşdirilməsi, memarlıq üslubunun və digər xüsusiyyətlərini dəyişdirməsi beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Ermənistan xarici işlər nazirinin bu tədbirə qatılması bir daha onu göstərir ki, Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və Ermənistan işğala əsaslanan status kvonu saxlamaq və möhkəmləndirmək, məqsədyönlü şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ətraf rayonlarının ilhaq etmək (anneksiya) siyasətini həyata keçirir”.(modern.az)