adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Iyul 2017 12:17
8469
SİYASƏT
A- A+

Siyasi münasibətlərin yeni uğuru

İyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələləri genişmüzakirə edilib.

Görüşdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulanıb.

Dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirlməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini, onun təsiri altında olan bəzi qüvvələri (o cümlədən Rusiyada dövlət orqanlarına soxulmuş və anti-Azərbaycan fəaliyyəti göstərən şəxsləri) və beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir.

Bildirilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmamış və qarşıdan gələn dövrdə hə heç bir nəticə verməyəcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunmuş, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

Soçi görüşünü şərh edən millət vəkili Fazil Mustafa deyir ki, bu görüş Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. F.Mustafa bildirib ki, Azərbaycan ilə Rusiya bir sıra problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır: "Rusiya tərəfindən müəyyən addımların yumşaldılması, ermənilərə dəstəyin azaldılması istiqamətində danışıqların aparılması vacibdir. Digər tərəfdən sərhədyani problemlər gündəmə gəlib, ermənilərin uşaq ölümləri ilə bağlı atdığı addımlar problemlər yaradır. Bunlar hamısı üst-üstə gələndə ciddi narahatçılıq yaradan amillər ortaya çıxır. Bu baxımdan Azərbaycanla Rusiya arasında söhbət aparıb bu məsələlərin həllini tapmaq hər kəsin marağındadır. Ona görə də Soçi görüşün faydalı olduğunu düşünürəm, yəqin ki, müsbət nəticələri olacaq". Deputat əlavə edib ki, Rusiyada yaşan azərbaycanlıların da problemi var, turizm problemləri və digər məsələlər var: "Bu məsələlərin həlli baxımdan bu görüşlər çox faydalıdır".

Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan-Rusiya parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev görüş barəsində bunları deyib: "Aramızı vurmaq cəhdlərinə baxmayaraq, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü iki ölkə arasında dostluq münasibətlərinin ancaq inkişaf edəcəyinin daha bir əyani sübutudur”. D. Savelyev deyib ki, prezidentlərimizi və xalqlarımızı zamanın sınağından çıxmış dostluq münasibətləri bağlayır: "Biz hər zaman dost üçün dost və strateji tərəfdaş olacağıq. Şübhəsiz ki, bizim aramızda olan möhkəm, qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz arasındakı əlaqələrin dəstəklənməsi kiməsə sərf etmir. Onlar hər yolla Rusiya və Azərbaycanı bir-birinin qarşısında və eləcə də dünya ictimaiyyəti qarşısında qaralamağa cəhd edirlər. Lakin sonda həqiqət hər zaman ortalığa çıxır. Rusiya və Azərbaycan mətbuat, turistlər, biznes və beynəlxalq müşahidəçilər üçün açıqdır. Bütün məsələlər rəhbərlərimiz arasında iş rejimində müzakirə olunur. Əsas açar rolunu oynayan qərarlar ardıcıl həyata keçirilir, Rusiya və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdəki inkişafına keyfiyyətli və müsbət təsir göstərir. Bundan sonrakı əməkdaşlığımız da bu şəkildə inşa olunacaq".

Beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə isə görüşü belə dəyərləndirib: "Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşü göstərdi ki, prezidentlər arasında münasibətlər o qədər səmimidir ki, onlara müəyyən məsələləri həll etmək üçün xüsusi protokol lazım olmur. Rusiyanın dövlət başçısına Azərbaycan prezidentinin xahişi kifayət edir ki, onlar Soçiyə gəlib mühüm məsələləri sərbəst şəkildə çözsünlər. Təbii ki, bu, böyük göstəricidir". Son aylar Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərdə müəyyən müəmmalı məsələlərin ortaya çıxdığını deyən ekspert söyləyib ki, Soçi görüşü ermənilərin Azərbaycan-Rusiya münasibətlərinin korlanması üçün göstərdikləri bütün səyləri heçə endirib, silə bilər:"Hətta prezidentlərin görüşündə də qeyd edilib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bəzi regional qüvvələri, yəni Ermənistanı və beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri kənardan belə müdaxilə cəhdlərinin baş tutmasına imkan verməyib. Çox maraqlı vəziyyət yaranır. Adətən Rusiya-Ermənistan birgə hərbi qruplaşması ilə bağlı bəyanatları nədənsə yalnız erməni tərəfi verir və ya yalnız öz xeyrinə şərh edir. Onlar da bunu elə təqdim edirlər ki, guya bu qruplaşma məhz Azərbaycana qarşı yaradılıb. Amma Rusiya tərəfindən heç bir rəsmi şərh və ya reaksiya yoxdur. "İskəndər" raketlərinin Ermənistana verilməsi ilə bağlı şərhləri də yalnız Ermənistan tərəfi verib, Rusiya tərəfdən heç bir açıqlama olmayıb. Ona görə də raketlərin hansı şərtlərlə, hansı məqsədlər üçün verildiyi müəmmalıdır. Bəli, Ermənistan çalışır ki, Rusiya-Azərbaycan münasibətləri korlansın".

İ. Vəlizadənin sözlərinə görə, buna səbəb son illər bu münasibətlərin səviyyəsinin çox yüksəlməsi və onun intensiv dinamikaya malik olmasıdır: "Təkcə onu demək yetər ki, Rusiya Azərbaycanın 1 nömrəli ticarət tərəfdaşı, ölkəmizdə qeyri-neft sektoruna sərmayə qoyan 3 ölkədən biridir. Bundan başqa, turizm sektorunda əlaqələrdə irəliləyiş müşahidə edilir. Bunun nəticəsidir ki, Rusiyadan Azərbaycana gələn turistlərin sayında çox böyük artım var. Həmçinin, "Şimal-Cənub" nəqliyyat dəhlizi reallaşmaq üzrədir. Bununla bağlı bir neçə gün əvvəl iki ölkənin dəmir yol idarələrinin rəhbərləri görüşərək konkret məsələləri müzakirə ediblər. Təbii ki, bütün bunlar Ermənistan tərəfində narahatlıq doğurur. Rusiyanın Azərbaycanla münasibətləri dərinləşdikcə Ermənistana maraq azalır. Rusiya sərmayələri Ermənistana yox, Azərbaycana axır. Düzdür, bütün bunlarla yanaşı, son vaxtlar bir qədər gərginlik, təşkilatlar, məmurlar arasında münasibətlərdə müəmma hiss olunurdu. Məhz bu səbəbdən də Prezidentlər Soçidə görüşməklə sözügedən məsələlərə aydınlıq gətirib, onlarla bağlı qərar qəbul etdilər".

Ədil Ədilzadə