adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyul 2017 23:40
14757
ƏDƏBİYYAT
A- A+

Məni səhv yazdığım misra yandırır


***
A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.
***
Ya Rəbb, adamam, adıma
Canıma yazığım gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.

Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.

Ay qaranlıqdı, qar işıq,
Gecə gündüzə yaraşıq.
Qanım qanlara qarışıq,
Qanıma yazığın gəlsin.

Nə oxuyur bu saz, bu tar.
Canimdaqoymadı tutar.
Canimdan canimi qurtar,
Canima yazığın gəlsin.
***
Uzanıb sübhə qədər,
Çəkirəm ahg Gecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.

Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.

Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.

Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa getdi.
***
Bu halal yolnan, yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik-Türkük
Tarixdə çoxuna görkük
Həsrətdə, dözümdə bərkik
Şuşaya gedə bilmirəm.

Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?-
Şuşaya gedə bilmirəm.
***
Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam, hardasan?

Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?

Eşqlə sərsəri gəzirəm,
"Mən"dən içəri gəzirəm,
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam, hardasan?

Akifəm, qəlbimdə ahım,
Qoy ahım olsun pənahım,
Bilmirəm nədi günahım,
Ay məndən qaçan, hardasan?

MƏN BAKIYA OXUMAĞA GƏLMİŞDİM

Məni görüb yaxın ağlar, yad ağlar,
Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,
Ya bərələr, ya dərələr, ya dağlar.
Mən Bakıya oxumağa gəlmişdim.

Köç-ulaqlı aran yolu, dağ yolu,
Oğru yolu, doğru yolu, haqq yolu,
Kəhkəşanda unutduğum ağ yolum,
Mən Bakıya oxumağa gəlmişdim.

Ay qatarçı, ay maşınçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim.

Genişiydim səma boyda, çöl boyda,
Ürək verdim, diplom aldım əl boyda,
Ürəyimdə yara açdı gül boyda -
Mən Bakıya oxumağa gəlmişdim.
Mən Bakıya oxumağa gəlmişdim

İNCƏYƏ MƏKTUB

Axı, biz simsarıq, Kərim günlüyü,
Çox da dəyişmişəm şəhərdə bir az.
Niyə qaşqabaqsan, Yetər güllüyü,
Belə ki, qohumluq, qardaşlıq olmaz.

Xoş gördük, necəsən, a Güy-güy qala,
Axı səninlə də dostuq, tanışıq.
Oturaq diz-dizə, baxaq göz-gözə,
Olandan, keçəndən bir az danışaq.

Qırımın başqadı niyə sənin də,
Qayalı bulağım, Qaya yatağım.
Nə qədər azmışam duman-çənində,
Nə qədər titrədib məni sazağın.

Dondu dilinizdə "xoş gördük" sözü,
Günahın nədi ki, su sonaları?
Mənim də adımı yazın "dəftərə",
Subaylar sınayan qız anaları.

Hanı, Hilal nənə, alma, nar payım?
İncə dərəm, mən də oğlunam sənin,
Hanı, Qaraquzey, hanı qar payım,
Hanı, Sultan ciji, naxışlı corab?

Şəhərdə şəhərin "yiyəsi" olam,
Yenə alğışına bağlıyam sənin.
Belə ögeylikdən çəkinməm, qorxmam,
Könlüm bu yerlərlə dil tapasıdı.
Bu kəndi qəlbində gəzdirən oğlan
Bu kəndin qəlbinə yol tapasıdı.

ARXADAŞ

Məmməd Dəmirçioğluna
Bütün yollar dolanıban dünyanı,
Kəndə dönür, kəndə dönür, arxadaş,
Üz çevirməz bəndəsindən yaradan,
Bəndə dönür, bəndə dönür, arxadaş.

Yanar ocaq birdəfəlik ha sönmür,
Kül altında qor illərlə görünmü,
Üzüdönük bircə dəfə ha dönmür,
Gündə dönür, gündə dönür, arxadaş.

Qara qoçun sabahı yox, sabahı,
Qara acın pənahı yox, pənahı.
Qara sacın günahı yox, günahı,
Kündə dönür, kündə dönür arxadaş.

Səndən qabaq kimlər baxıb bu çaya,
Nə hesaba gələsidi, nə saya.
Yer fırlanmır, nə Günəşə, nə Aya,
Səndə dönür, səndə dönür, arxadaş.

Nə yatıbsan bu sərində, kölgədə,
Səni gəzir Ağrı dağı bəlkə də,
İmanlısı Akif olan ölkədə
Din də dönür, din də dönür, arxadaş.
***
Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.
Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.

Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.
Hamımı azıb "babı"dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.
***
Mən məni harda itirdim,
Mən məni kimdə gəzirəm?!
Mən məni darda itirdim,
Bilməyib gendə gəzirəm.

Bir sınıq könül yappadım,
Kimsədən tikə qappadım,
Günəşli gündə tappadım,
Dumanda, çəndə gəzirəm.

Bəlkə də simdə itirdim,
Ara him-cimdə itirdim,
Özümü kimdə itirdim,
Qayıdıb səndə gəzirəm.
***

Su kimi çəkilib getdim,
Nə fərqi yerə, ya göyə.
Dərdimi tapşırıb getdim,
Saza, kamana ya neyə.

Ağlamaynan mən öləndə,
Elə bil olmamışam heç.
Sevgi kimi, duyğu kimi,
Qəlbinə dolmamışam heç.

Mənli günləri yuxu bil,
Bir yuxuydu gəldi, getdi.
Nərgizdən gələn qoxu bil,
Bir qoxuydu gəldi, getdi.

Atilayım, Çilənayım,
Sorsalar atamız hanı?
Çaşma, ləngimə, təngimə,
Göstər beş-altı qoşmamı.

Dünyaya sözü olmadı,
Söylə ki, ürəkdən getdi.
Heç nədə gözü olmadı,
Gəlmişdi, ürəknən getdi.
***
Məni səhv yazdığım misra yandırır,
O misra görəsən birdi, beşdimi?
Dağın o üzündə noğul paylanır,
O üzə tələsən birdi, beşdimi?

Çaxır çox qalanda sirkə yaranıb,
Pələngdən əvvəlcə tülkü yaranıb,
Dünya gözəllərlə birgə yaranıb,
Sayasan, dərəsən, birdi, beşdimi?

Dünya yaranışdan, Akif, sirdi sirr,
Sirlərin əlində olmuşuq yesir,
Güllü gözəllərin telinə bir-bir
Gülləri hörəsən, birdi, beşdimi?