adalet.az header logo
  • Bakı 20°C
21 Iyul 2017 23:31
37388
ƏDƏBİYYAT
A- A+

Ürək məni ayağına gətirdi...

Bir az "Min bir səhər"sən,bir az da "Min bir gecə"
Səni bir nağıl kimi danışıram özümə.
Qıvrılıram iynənin gözündən keçə-keçə,
Yuxu həbləriylə də yuxu getmir gözümə.

Küləklər nəfəs verir donub qalmış büstünə,
Pəncərəmdə üşüyür ayın ölgün işığı.
Ütü ayaqlarımı ha çəkirəm üstünə,
Sənə gedən yolların açılmır qırışığı.

Düşürəm üzüquylu çırpınıram yataqda,
Saatın əqrəbləri gözlərimə ox olur.
Bəlkə də doğru deyil sənə yazmaq bu haqda,
Heç olmasa yazanda,ağrılarım yox olur.

Bilirəm inciyirsən sən də umu-küsümdən,
Səsin dönüb buz olur bir xəncər tiyəsitək.
Dəniz boyda damcılar yuvarlanır gözümdən,
Sənə tərəf yüyürür qopub sinəmdən ürək.

Öpürəm uşaq kimi yazdığım hər sətiri,
Elə bil əllərindi ağ kağız üstə quzum.
Bilmirəm,nədəndisə lap çox hicran gətirir,
Lap çox arzuladıqca sənə qovuşmaq arzum.

Bal kimi qətrə-qətrə süzülsə də dilindən,
Ən gözəl sözlər belə olur ki,çarə etmir.
Ürək elə alır ki,ixtiyarı əlindən,
Məni sən olan yerdə ağıl idarə etmir.

Yanımda bir xəyal var hərdən ağlayıb-susan,
Təkcə xəyal deyil ki,görünür də gözümə.
Sən bitib-tükənməyən bir sevda nağılısan,
Səni uzun gecələr danışıram özümə.

Hələ gör neçə dağ var,dözüb sinə gərdiyim,
Sənə hansını yazım birdimi-ikidimi.
Hamıdan gizlədiyin,hamıya göstərdiyin,
O boş çərçivədəki şəkil mənimkidimi?...

***
Axır ki,vaxt tapıb görüşə bildik,
Bir günlük son qoyduq həsrətə,dərdə.
Daha gəlməsən də,
bircə görüşlə,
Qaldın unudulmaz xatirələrdə.

Çox zaman alışıb sönür şam kimi,
Hər istək bu boyda sevgiyə dönmür.
Özün bilirsən ki,səndən uzaqda,
Neynəsəm içimin vulkanı sönmür.

Aldada bilməzsən bircə gülüşlə,
Könlüm hər telindən nəğmə istəyir.
Dedin ürəyimdə qorxu hissi var,
Amma ayaqlarım gəlmək istəyir...

Gəldin istədiyim zamanda gəldin,
Durub da dayandın önümdə ciddi.
Saçım saçlarına qarışdı birdən,
Əlim əllərinin içində itdi..

Desəm inanmazsan,xəyallarımda,
Səcdənə durmuşdum bəlkə min kərə.
Qayğısız-hürküsüz girib qol-qola,
Yüyürdük adamsız çimərliklərə..

Sahillər yaşıydı yanaqlarıntək,
Dəniz kükrəyirdi göz yaşın kimi.
Arada içimə qorxu da düşdü,
Dalğalar hirsliydi qardaşın kimi.

Əllərin yaxamı vərəqlədikcə,
Kəsildi nəfəsim,üzüldü tabım.
Bəstələr süzüldü dodaqlarından,
Doldu nəğmələrlə ömür kitabım.

Sən azca ağladın..mən azca çaşdım,
Dedim ki,göz yaşın gümüşü zərdi.
Sonra da elə bir an yaşadıq ki,
Bütün yaşanılan ömrə dəyərdi.

Sonra sən başını sinəmə qoydun,
Kipriyin sinəmi süngüləyirdi.
Hirsi soyumuşdu dalğaların da,
Dəniz asta- asta mürgüləyirdi.
Bir eşqin ən şirin hekayətini,
Qızılı qumların üstünə yazdıq.
Dünyanı o qədər unutmuşduq ki,
Gələndə Pirşağı yolunda azdıq.

Vardı can istəyən başqaları da,
Vardı,nə danım ki,mən səni seçdim.
Vecimə deyildi yol polisləri,
Yolları qırmızı işıqda keçdim...

***
Adımı qulağına pıçıldamaz küləklər..
Səsim baxışlarında çiçək-filan bitirməz.
Bizi bir də qaldırıb göy üzünə fələklər
Adamların gözündən itirdikcə- itirməz.

Barmağını dişləməz dadlı kompilimentlər,
Qanadlı ehtiraslar könül taxtına çıxmaz.
Xəyalında yellənər allı-yaşıllı lentlər,
Bu sevgi ömrün boyu bir də baxtına çıxmaz..

Baş-başa mürgülədik,biz eyni bir yuxunu,
Heç bilmirəm çin çıxan kimin yuxusu oldu..
Ətir dükanlarından tapammadım qoxunu,
O qədər ağladım ki,əynim-başım su oldu.

Çox vaxt evdən çıxanda pulqabım evdə qalır,
Yetərincə düşübdü yaddaşım da güvəndən..
Şoferlər təhqir edir,dalımca hay-küy salır,
Sən necə yaşayırsan ayrılalı nüvəndən?..

Dünən bir məktub aldım ucaboylu sarışın,
İçində bulaq kimi sətirlər çağlayırdı.
Gözündə buz salxımı əriyirdi sərt qışın,
Bir qız köhnə əzilmiş şəkildən ağlayırdı.

Məndən güclü bilib də xatirəmə qısılma,
Dərdimin topuqları boyumdan uca çıxdı..
Məni heç yuxuda da xatırlayıb pis olma,
Mənim arzularımın hamısı puça çıxdı.

Kimsə qolumdan tutub keçirdi küçənizdən,
Göylərə tüstüm çıxır könül yaxdığın evdən.
Küsmüşəm bu şəhərdən,küsmüşəm bu dənizdən,
Başqaları boylanır sənin baxdığın evdən.

***
Ürəyim qırılmış qanadlarından,
Durna lələyitək min-min ah salıb.
Daha bundan artıq tale neyləsin,
Bəxtimə dərd adlı kef-damaq salıb.

Nə mən şum yeriyəm,nə sən təzə dən.
Bizi xatırlamaz ömür bəzədən..
Neynirsən qayıdıb bir də təzədən,
Qara günlərimə ağ yamaq salıb?..

Çox keçib bu qəlbi dağlamağından,
Tel-tel açmağından-bağlamağından,
Gördüm hönkür-hönkür ağlamağından,
Sənin də gözünə yollar ağ salıb..

Köhnə bir şəkildə təzə baharsan!..
Bir də fürsət düşsə bir də yaxarsan,
Könlün istəyəndə gəlib baxarsan,
Həsrətin sinəmdə yaxşı bağ salıb.

Bu elmi ikimiz heçə bilmərik,
Doğru cavabları seçə bilmərik,
Neynəsək qayıdıb keçə bilmərik,
İllər aramıza neçə dağ salıb.

O gecə çıxmadın qəmər yerinə,
İlantək dolanım kəmər yerinə,
Bir oğlan toyunda nəmər yerinə,
İyirmi ildi ki,qaş-qabaq salıb.

***
Hərdən əsəblərim yerində olmur,
Heç nədən qan töküb,qada salıram.
Qoyub qabağıma yaralarımı,
Üstünə duz səpib dada salıram..

Sağ deyil könlümün bir qarışı da..
Almıram vecimə qarı-qışı da,
Xətrimi istəyən dost-tanışı da,
Özümnən bərabər oda salıram.

Ötüb ayrılığın ilinnən,ötüb,
Bəminnən uzaşıb,zilinnən ötüb,
Qərib durnaların dilinnən ötüb,
Dağlara-daşlara səda salıram.
Bəxt məndən həmişə aralı keçib,
İçimdən o qədər yaralı keçib,
Göz yaşım Xəzəri,Aralı keçib,
İçində adına ada salıram.

Axşamda-səhərdə tək deyiləm ki,
Ağuda-zəhərdə tək deyiləm ki,
Bu dönük şəhərdə tək deyiləm ki,
Səni bütün günü yada salıram..

***
Sağalmaz yarası acı günlərin,
Sən mənim dərdimə ayrı əlac gəz.
Həkim,o verdiyin analginlərin,
Biri də ağrımı azalda bilməz..

Nəfəsdi alıram-verirəm az-az,
Durma bu qəfəsə boş yerə zamin.
Sən mənə qeyrətli bircə resept yaz,
Olum birdəfəlik,
İlahi-amin....

Başımı aldatma cavansan deyib,
İlqarın əbəsdi,cəhdin əbəsdi.
Hər axşam ömrümü-günümü yeyib,
Çəkdiyim ağrılar özümə bəsdi.

Yatdığım otağın pəncərəsindən,
Ölüm əl eləyib neçə yol mənə.
Kömək etməyəcək bildim səsindən,
Yazdığın beş-altı volidol mənə...

Yaxşı bilirsən ki,təsəlli gecdi,
Söyləmə bildiyin doğrunu yanlış..
Denən ki,bunun da qatarı keçdi,
Başını bulaya-bulaya danış.

Götürdün biryolluq şübhəmi,əhsən,
Sağalmır arzuynan könül çatları..
Orda bir yara var harama dəysən,
Sınama üstümdə aparatları.

"UZİ"nə göstərdi qüssə,qəm,qəhər,
Qar tutub,buz tutub iliklərimi.
Qəbirdən dururam sanki hər səhər,
Yığıb-dəstələyib sümüklərimi..

Pəhrizlər,dərmanlar kələkdi,kələk,
Çoxdu yasaqların tam azalt, həkim.
Elə şumlayıb ki,içimi fələk,
Boşuna söhbətdi,inam-zad,həkim.

Bir yerə toplanıb sərvətim-varım,
Duzlara,qumlara,daşlara dəymə..
Qoy özüm-özümü yuyum qurtarım,
Gözümnən süzülən yaşlara dəymə.

Sağalmaz yarası acı günlərin,
Nə bir çarə düşün,nə bir əlac gəz..
Həkim o verdiyin analginlərin,
Biri də ağrımı azalda bilməz...

***
Uçub bir gün yolum üstə saldığın,
Lələk məni ayağına gətirdi.
Mən gəlmirdim,eşq adında bir şirin,
Kələk məni ayağına gətirdi..

Demirəm ki,könlüm yetim deyildi,
Yaşayırdım,ölüm-itim deyildi,
Bu tək mənim cəsarətim deyildi,
Fələk məni ayağına gətirdi..

Can vermirdim,qol qoymurdum hər sözə,
Dayanmışdım min-min dərdnən göz-gözə,
Başım göynən gedən vaxtı bir gözəl,
Mələk məni ayağına gətirdi..

Lələ döndü barmağımı basdığım,
Pərqulandı daş yuxulu yastığım,
Buludların sinəsinə yazdığım,
Dilək məni ayağına gətirdi.

İllər məni sazaq kimi kəsirdi,
Mən bilmərəm sən bilərsən nə sirdi..
Bütün günü sizə tərəf əsirdi,
Külək məni ayağına gətirdi..

Səndən cavab gəlməyincə ta ki,mən...
Elə bilmə ürəyimə hakiməm,
Nə sözün var ürəyə de mən kiməm,
Ürək məni ayağına gətirdi...