ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Poeziya cənnət yuxusudur...

Allahverdi Eminov

9849    |   2017-07-24 10:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şeir ölmür, yaşayır - Zaman və Məkan dəyişir, oxucu ruhən qidalanır, gözəlliyi duyur. Ona görə tale payıdır ki, şeir hissin qüdrətindən, emosiyanın təmkinindən yaranır. Amma daha bir möcüzəsi var ki, bu sirri şairin özü açmaqda acizdir; necə ki, dahi riyaziyyatçı Qauss yazmışdır: "Mən artıq öz nəticələrimi bilirəm, amma onlara necə gəlib çatmağımı hələ müəyyənləşdirməmişəm". Məhz poeziya nümunəsi də belə bir əhval-ruhiyyəli-idraki yollardan keçib gəlir.

Mən, düzü hər bir şeiri oxuyanda bu ovqatı yaşamağı bacarmıram, çünki şairlər var hey yazır, poeziyaya hörmət etmədən estetik zövqlə zarafata girişir və uduzur. Deyəcəyim sözə belə "giriş"dən başlamağım təsadüfi deyil: uzun illər şəxsən tanıdığım, görüşdüyüm və şeirlərini tərəddüd etmədən oxuduğum şair Əbülfət Mədətoğlunun son poetik nümunələrindən aldığım təəssüratın nəticəsidir. "Cəzayam sevdiyim qıza" (Bakı, 2017) kitabından yazacağım təəssüratdır. Əsl şeir də odur - hər bir oxucu qəlbindən və intellektindən gələn zövqüylə yanaşır. Şeir - hələ poeziya deyil, uzağı, hisslərin bir araya gəlməsidir, fikirlərin doğulmasıdır. Bu iki qanad-şərt Əbülfət Mədətoğlunun yaradıcılığında doğmalaşıbdır. Onun şeirləri oxucu ürəyində himayə axtarır və nə yaxşı ki, tapır;

Bu gecə yadında qalacaq yəqin
Bir az xatirə tək, bir az yuxu tək...
Ruhum səksənəcək çəkəndə mənim -
Sevgimdən nümunə kövrək duyğu tək...

...Bütün olmuşları sözə çevirib,
Təklikdə özünə pıçıldayırsan.
Sən mənim ömrümün sevgi çiçəyi!
Məndən sonra da sən puçurlayırsan...

Mən şairin sevgi şeirlərini oxuyanda pıçıldadım özümə: Sevgidən yazmaq çətindir, ona görə yox ki, yaşım bu fenomenlə barışmır! Sevgi patetika, bəlağət imperativlik deyil, kviyetiv xəyala dalasan; sevgi gözəlliyə məftunluqdan, xarakterə vurğunluqdan doğan fikrin-niyyətin şeiriyyətidir; qızıl gülün ləçəklərini qoxulamaq həvəsində olasan, bir beyt üçün şairə qibtə edəsən! Səni çox-çox uzaqlara - xatirələrə apara! Orada məcnunluq aqibəti yaşana:

Yaman doluxsunub, gözün yaş tutub,
Bu qız ağlamaqdan bir himə bənddi.
Mənim taleyimi yaman unudub -
İndi yaşamağım tilsimə bənddi...

Günah duyğularda, günah ürəkdə,
Çırpınır, qıvrılır son ah, ürəkdə.
Məni tərk eləsə sabah ürək də -
Çətin düzələcək ömrümün qəddi.

Qadağa bir deyil, beşdi, ya ondu,
Baxışım üşüdü, pəncərəm dondu.
Eh...mənim ömrümün düşünmə, sondu -
Sevgimlə bitmir ki, məftunluq həddi...

Biz Məcnunu sevginin, eşqin son tac nöqtəsi kimi qəbul etmişik - bu cür zənn etmişik, lakin şair üçün Məcnun - fərd yox, məcnunluq özü sonsuzdur ruhun nəfəslə çıxana qədər.

Əbülfətin sevgi-məhəbbət şeirlərini çox əvvəllərdə oxuyanda uzaqlara aparmış, xatirələrimə qovuşdurmuşdur, titrək məhəbbət yarpaqları bir qızcığazın yanaqlarında yaşıllaşmışdır, baxışlarında yol ülviləşmişdir. Şeir bəs necə yazılmalıdır - məhəbbətlə yazılıbsa.

Yenə halay tutub durna qatarı
Uçub gedir xatirələr dalınca...
Mən özümü o qatara qoşuram,
Xəyal məni öz-özümdən alınca!

Yaxınlaşır uzaqların nəfəsi
Puçurlayır öləziyən nəfəsi.
Çiliklənir şüşələri qəfəsin,
Könlümə söz işığını salınca!

Bir ömrün fəsilləri bir anda
Nəbz kimi döyünəndə, vuranda,
Mən özümü saat kimi quranda
Naxış salmır kirpiklərim balınca!


Mənim aləmimdə şair poeziyanın bətnindən gəlirsə, o, nəciblik gətirən pak, təmiz ovqatdır, yozumlu düşüncədir. Şeirə qiymət vermək qərarına gələndə elə bilirəm riskə yol açıram, amma bu nigarançılıq məni çəkindirmir, əksinə, enerji bağışlayır. O dünya ilə üz-üzə dayanıram, əlbəttə şairlə! Əvvəlcə onun səsini eşidirəm, ilk "höcətini".

Mənim bu dünya ilə söhbətim tutmur,
Gah alnımdan vurur, gah kürəyimdən.
Adi sözümü də çeynəmir, udmur,
Asılıb qalıram mən ürəyimdən.

Dünya görəsən hamıyamı belə üz göstərir, hər yetənəmi şillə vurur? Mən həyatımda bu zərbəni duymuşam, akselerativ-ruhi həyəcan keçirmişəm, hətta apalogiya-tərif ummuşam, sonda isə: absurd-cəfəngiyyatla "mükafatlanma". Bəs şair necə, odamı bir adi insan kimi sadəlövh qərara gəlir? Belə deməzdim. Dünyadan aldığı zərbəni elə dünyanın üzünə deyir - çəkinmir:

Atdığım hər addım tərs bir şillədi,
Sıçrayır zərbənin odu gözümdən.
Mənə tuşladığı ancaq güllədi,
Soyudur günbəgün odu gözümdən.

Bu soyuqluq-disfunksiyanın nəticəsini "elan" edir. Dünya əvəzində şair suçunu məcnunluqda görür.

Günahım Məcnun tək ürəklə sevmək,
Başqa heç nə gəlmir ağlıma mənim.
Çıxır, çətin deyil bu halı görmək,
Bu dünya səssizcə axırıma mənim...


Əbülfət Mədətoğlunun poeziyasında yaradıcılıq nüansları axtarmışam düzünə qalsa. Çünki əsl ilhamın, ağılın və fantaziyanın (təxəyyülün) diktəsində yazılır. Deyə bilmərəm ki, o, əvvəlcədənmi, qəfildənmi şeirə köklənir, amma onu yozardım ki, bədii informasiya öz yerini tutur, "ölü" məlumatlarla rəqabətdə. Və özünün etiraf etdiyi kimi: heç bir "plan" hazırlığını görmür, şeir üçün özünün ovqatını kökləyir - poetik yaradıcılığın müşkül prinsiplərindən biridir. Qısa və lakonik "Vətən" şeiri - fikrin dərinliyi, 

Vətən sevgisinin etirafıdır.
Sənə şeir yazmıram...
Sənə şeir yazmaq
Çətindən. Çətin...
Çünki sən
Şeirlik deyilsən, Vətən!
Bağışla,
Keç günahımdan
Sənə
Şeir yaza bilməyən
Əbülfətindən!

Əbülfət əhvallı-ovqatlı şairdir bütün vücudu ilə (bu keyfiyyəti onun publisistikasında da görürük), ona görə də epiklikdən qaçır, süjetlə barışmır. Hərçənd, poeziyada eklektika - müxtəlif ideyaları vahid halda birləşdirmək məqamları yox deyil və bu üslubdan istifadə olunur. Bu tərzin bir qorxusu odur - şeiri estetizmə aparır. Şair Əbülfət Mədətoğlunun güman bundan çəkinir, estetikliyi üstün görür. Məsələn, Vətən haqqında digər bir şeirini oxuyaq, nisbətən geniş olsa da, eklektikliyə yol verməmişdir. Vətən torpağını sevmək səadəti.

Bu torpağa oğul olmaq nəsibim,
Bu nəsiblik ucalıqdı, qürurdu!
Mən özümü dərk edəndən, duyandan
Vətən eşqim nəbzim tək vururdu!

Hər çiçəyi, hər ağacı bir əsər,
Hər daşının çəkisi var yerində.
Göz önündə sərgilənən şöhrətin -
Sirlə dolu qatları var - dərində!

Şairin mübhəm ilhama Vətənə məhəbbətini ülviləşdirir:

Nəzəri var üzərimdə göyün də,
Çeşməmizin bir damarı buluddan...
Cənnət dadı yaşayacaq ömründə -
Çiçəklərdən arı kimi bal tutan!

Şairi "tərpədən", "yerindən oynadan", "ovqata çağıran" faktorlar sırasında qəribliyi, uzaqlığı, kədəri xüsusi göstərmək istərdim, bir şərtlə, o müəllifdə hər eşqi tükənməzdir, yaşamaq ehtirası ilahilikdir, vücudu tərtəmizdir (kin-küdurət mənasında) daha doğrusu, mükəmməlliklə (hərəkətsizliklə) hərəkətin (başlanğıcın) birləşməsi səadətidir. Yazıçı Kafkanın fikridir: "Özünü sonsuzacan kiçiltmək, yaxud sonsuz kiçik olmaq - birincisi hərəkətsizlikdir, ikincisi başlanğıcdır". İnsanın canı ağrıyanda, xüsusən də yaradıcı ada mola - təsəlli öncə şeir, sonra həkimdir. Mən İstanbulda iki ay müalicə alanda diktor Ufuq bəydən qəriblikdən yaşamaq həvəsinin möcüzəsini umdum. Əbülfət Mədətoğlunun "Cəzayam sevdiyim qıza" kitabında Trabzon şəhərində keçirdiyi halın poetik səsini eşitdim. Şair Trabzonda xeyli sayda şeirlər qələmə alıb, özəl notlarla, kədər rəngli misralarla:

Və onda
anladım ki,
insan həmişə
bir iynə ucu
məsafədə
dayanır
ölümündən!

Bu, aşkardır, axı kövrək qəlbli şairin öz "gedişi" çox vaxt nikbin olmur:

Əməliyyatdan
öncə
şəkil
çəkdirmək,
qara lent
almaq
və bunları
dostlar üçün
əl atanda
saxlamaq...

Deməkdə çətinlik çəkirəm: Əbülfətin "xəstəxana şeirləri"ndən (şərti adlandırmışam) kimsə yazarsa, şairin o hisslərini yaşamağı bacaracaqmı?! İnanmıram. Mən hər dəfə "Neolite" Müalicə Mərkəzinə ayaq basarkən nəzərimdə professor, doktor Ufuq Abacıoğlundan böyük insan yox idi - taleyim bir Allahın, bir də onun əlindəydi (bu təəssüratım "İstanbulda 53 gün" kitabımda (Bakı, 2014) təfərrüatı ilə təsvir etməkdə təsəlli tapdım. Necə ki, Əbülfət kardioloq, professor Mustafa Kökçyə bir şeir bağışlamışdır: yarı qorxu, yarı inam - ümid və bir də Allah sevgisi!

...qorxdum ki,
Allahdan başqa
kimsənin görmədiyi
tanıyıb bilmədiyi
səni -
nəhayət ki,
o, görəcək...

Əlbəttə, həkim öz borcunu ödəməyə çalışır, reseptə ümidini bağlayır, ona heyfsilənir ki, şair ürəyinin içini görmək, "şairin özündən başqa" bir kimsəyə qismət deyil. Və şairin ürəyinə gələn elə öz başına gəlir! Ən ağır dəqiqələrində belə, şair romantik dünyasına qapılır, dənizi, səmanı görür, ağacların yarpaqlarını yaşıl rəngdə seçir və yəqin ki, ölümü yaxına buraxmayana, resepti kənara atana "dəli" deyirlər. Həqiqətdir bu?

Dan sökülmək istəyir,
Şəhər isə
oyanmaq...
Pəncərədən
dənizə baxıram,
balıqçı gəmiləri
dalğalarla
oyanmaq istəyən
uşaq kimi
üzür...

Xəstəxana xəstəni xilas etməyə bilər və bunun inkarı absurddur. Lakin intizarlı o adamı sevgi ölümün caynağından alır: sevdiyinin əllərinin hərarəti, baxışlarının işığı, kövrələn səsi - böyük məhəbbəti. 

Mənə şairdən bu "üçlüyün" vahidliyini umurdum:

Toxundun, əllərindən
Yanağıma od səpildi...
Xəstəxana havası -
Buludluydu, çəkildi!

Gözüm bir işıq gördü,
İçimə də axdı o!
Tanrım bir fürsət verdi -
Üzümə də baxdı o!

Toxunan əllərindən,
Pıçıltıdan güc aldım...
Sanki dərə dibindən -
Dağ başına ucaldım!

Şeirdə ecazkar ruh olmalıdır; bu, oxucuları həzinliyə, rahatlığa və romantikaya səsləyən şeirlərdən alınır, mənimsənilir. Əbülfət Mədətoğlunun poeziyasında ovqat - ruh bir xətt kimi keçir. "Yenə halay tutub durna qatarı", "İndi, ya da bir azdan", "Yaman qərib gəldi mənə" və sair onlarla şeiri poetik zövqümü təmin etdi, ovundurdu.

Yenə halay tutub durna qatarı
Uçub gedir xatirələr dalınca...
Mən özümü o qatara qoşuram,
Xəyal məni öz-özümdən alınca.

İndi, ya bir azdan
Lap elə
Bir göz qırpımından
Sonra
açılacaq səhər
oyanacaq
bu yarıyuxulu şəhər...

Ayı ha axtardım, Ay göydən qaçıb,
Ulduzlar dərilib səma-budaqdan.
Bu gecə yerini kim necə açıb -
Çıxmaq istəyən yox isti yataqdan.

Şair Əbülfət Mədətoğlunun poeziyası bir, yaxud bir neçə kitabla məhdudlaşmır.
Onun yaradıcılığı nəciblik üzərində qurulmuşdur, qəlbinin haradasa bədbin küncünü şeirlə ovuşdurur: poetik intonasiya, əhval-ruhiyyə, bədii faktlarda aydınlıq, hisslərin təmizliyi, gözlənilməzlik və sair üstün meyarlar şair taleyini şərtləndirir. Lirik axın, ünsiyyət kodu, qafiyənin təbiiliyi və ahəngi - bütün bunlar da poeziyanın cənnət yuxusuna aparır. Əbülfət şeirinin bir özəlliyi də poetik dilin bakirəliyini qorumasıdır.

Mən sadəcə, Məkan və Cənnət kontekstində bu məfhuma öz fərdi zövqüm bucağında istedadlı şairin yaradıcılığına yanaşdım; daha intellektual və emosional nəzər də mümkündür...



İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK