adalet.az header logo
  • Bakı 18°C
22 Iyul 2017 00:15
13049
LAYİHƏ
A- A+

USTAD AŞIQ - ZƏMANƏDƏN GİLEYLİ ŞAİR

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


"Mikayıl Azaflı sənəti, onun şəxsiyyəti və şəxsi keyfiyyətləri öyrənilməyə və öyrədilməyə layiq olan bir məktəbdir".

Zəlimxan Yaqub
Xalq şairi

Azərbaycanda ta qədimlərdən formalaşmağa başlamış ozan-aşıq sənəti xalq yaradıcılığının mühüm tərkib hissəsi kimi, xalqın istəklərini tərənnüm etməklə yanaşı, Azərbaycanın görkəmli folklorşünas alimi, mərhum professor Azad Nəbiyevin dediyi kimi, həm də xalqın spesifik mədəniyyətinin formalaşmasına çox güclü təsir göstərir. Xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi forması olan aşıq musiqisinin təsir gücü və kamilliyi baxımından analoqu yoxdur.
Özündə poeziya, musiqi və ifaçılığı birləşdirən aşıq sənəti həm də xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir.
Həyatın özü qədər zəngin olan bu sənətin kökləri xalqımızın dərin tarixinə söykənir. Ustad aşıqların yaradıcılığının mövzuları da həyatın özü kimi çox rəngarəngdir - xalqın azadlıqsevərliyi, igidlərin qəhrəmanlığı, onların cəsurluğu, alicənablıq, düzgünlük və xeyirxahlıq kimi milli xüsusiyyətlərin hər biri tariximizin bir səhifəsinə ayna tutan qəhrəmanlıq və məhəbbət dastanlarında öz əksini taparaq aşıqlarımızın sazında-sözündə nəsillərdən nəsillərə keçərək bu günümüzə gəlib çatmışdır. Ulstad aşıqların əksəriyyəti həm də bədii yaradıcılıqla məşğul olmuş, şeirlərində öz dövrlərinin həyat həqiqətlərini əks etdirmişlər.
Hələ sağlığında ikən klassikləşən belə ustadlardan biri də Mikayıl Azaflıdır. XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan ustad aşıq, Əməkdar Mədəniyyət İşçisi Mikayıl Azaflı təkcə öz dövrünün deyil, özündən sonrakı dövrlərin də həmişə minnətdarlıqla anılacaq ustad aşığı olmaqla yanaşı, həm də böyük şairdir.
Mikayıl Azaflı kimdir, onun Azərbaycan aşıq sənətində və ədəbiyyatımızdakı yeri və rolu nədən ibarətdir? Hüseyn Bozalqanlı, Aşıq Nəcəf, Xəyyat Mirzə və Mirzə Bayramov kimi ustadların ləyaqətli varisi, mənəvi davamçısı, XX əsr aşıq sənətinin Dədə kişilərindən biri, Zəlimxan Yaqubun yol yoldaşı, könül sirdaşı olan Mikayıl Azaflı ilə bağlı bu suala ən yaxşı cavabı da elə özünün "Azaflı çinarı" adlı məqaləsində çox dəqiqliklə ifadə etmiş Xalq şairi Zəlimxan Yaqubun diliylə desək, "Haqq aşığı yaranıb ki, qəm çəkə" - deyən Haqq aşığı, "Zaman məni doğrasa da", "Ağa qara deyəmmərəm" - deyən həqiqət carçısı, "Qoca Azaflıyam, dilim var, lalam, Təbrizdə qardaşım, Sibirdə balam" - deyən həsrət-hicran nəğməkarı, zamanın əlləriylə dönə-dönə döyülən, zindanlar küncünə atılan dərd dağı, qəm dəryası, "Özümün əllərim döydü özümü, çığnadı qəlbimi, tökdü gözümü" - deyən şikayətçi, "Ağarmayın ay saçlarım, amandı", - deyib saçlarına yalvaran köməksiz bir Allah bəndəsi, "Gördüm bir daşqın sel aparır məni, sən demə özümün göz yaşım imiş", - deyən Füzulinin "Şikayətnamə"sindən sonra ən böyük şikayətnamələr müəllifi, "Zəmanə seçməsə haqqı nahaqdan, Dövrandan küsməyim, bəs kimdən küsüm", - deyən zəmanə küskünü, "Ömrümün baharı sır-sıra bağlar, sərt tufan qocaltdı, mən qocalmazdım", - deyən gözləri odlar görmüş xalqın dərd daşıyan qocası, sənət dağlarının qoca qartalı"dır Mikayıl Azaflı.
Və hər dəfə Mikayıl Azaflıdan söz düşəndə Zəlimxan Yaqub böyük məhəbbətlə belə deyirdi: "Mən onu görürəm arzuda, xəyalda, gələcəkdə, dünyaya Haqq aşiqi kimi gələnlərin ürəyində. Mən onu eşidirəm sazda, sözdə, havacatda, laylada, oxşamada. Mən onu yaşadıram ürəyimdə, söhbətlərimdə, xatirələrimdə, yaddaşımda".
Bu gün sazda, sözdə, havacatda yaşayan, ürəklərdə yeri olan Mikayıl Azaflının yaradıcılığının klassik aşıq poeziyası ilə müasir aşıq poeziyası arasında möhtəşəm bir körpü olduğunu qeyd edən professor Qəzənfər Paşayev isə yazır: "Azaflının öz sənət aləmi, öz dünyası vardır. Bu dünya ulu qaynaqlardan su içib müdriklik zirvəsinə yüksəlmişdir". Yeri gəlmişkən, onu da qeyd edim ki, hörmətli professor Qəzənfər Paşayev ustadın şeirlərini onun qızı Maral Azaflı ilə bərabər toplayıb 2008-ci ildə 760 səhifəlik "Qoca Azaflıyam" adlı kitab nəşr etdirib.
Öz sənət aləmi və özünəməxsus dünyası olan və "mən həqiqət aşiqiyəm" deyən Mikayıl Azaflı həmişə haqq-ədalət axtarıb, axtardığını tapa bilməyəndə isə "çoxdur haqnan davam mənim", - deyə cəmiyyətdəki naqisliklərə qarşı etiraz səsini ucaldıb. Yadların yox, "öz əlinin yandırması", "öz dilinin döydürməsi" ona daha çox təsir etsə də, tutduğu Haqq yolunda qərarlı olub:

Haqq yolunu unutmaram,
Yıxsa vaxtsız ölüm məni.

Özü qəmdən Qaf dağına dönsə də, sinəsi söz bağı, "min mənanın bulağı" olan ustad "qansızlara qan", "zülmətlərə dan" verməyə çalışıb həmişə, dünyadan köçəndə də "can verəydim Ədalətin qucağında", - deyib.
Xalq şairi Zəlimxan Yaqub onu nahaq yerə "zəmanə küskünü" adlandırmırdı. Haqq-ədalət axtarışı, yaşadığı sovet rejiminin naqisliklərinə qarşı etiraz onun yaradıcılığının ana xəttini təşkil edir. "Təbiətin qüdrətindən", "fitrətdən yaranıb", "Aydan, Günəşdən" nur alan, məslək və vicdan, "saf arzulu, saf niyyətli ilqar, iman" şairi olan M.Azaflı cəhalətə nifrət edib, "mətin eşqin, məhəbbətin", əhdi-peymanın şairi, xoş niyyət, ülviyyət, məhəbbət, ədalət, sədaqət və təbiət aşığı kimi həqiqətə sədaqətini bütün həyatı və yaradıcılığı boyu qoruyur. "Vəzifə də gələr-gedər", "zalım olub, zülm eləmə", "bacarırsan, bu dünyada yaxşılıq et, hörmət elə", "şeytan ilə dost olma" - deyə ağsaqqal öyüd-nəsihəti verir, "mərd kimsəni vermə bada", - deyir.
"Şərin meydanında haqq atını" çapmağın mümkün olmadığını deyən ustad dost yolunda cəfa çəkməyin də hər adamın işi olmadığı, "nahaq dinir, haqq utanır"sa "xər nə qanır kişilik nədir" qənaətindədir, bir ağsaqqal öyüd-nəsihəti verərək "mərd kimsəni verməz bada" deyərək insanları dostluqda sədaqətli olmağa çağırır və bu zaman bəzən fikrini özünəməxsus kəskinliklə ifadə edir:

Sədaqətdən, düz ilqardan,
Haqdan dönən, kişi deyil.

Və deyir ki, şair yalnız o zaman sınır ki, haqqı, ədaləti tapa bilmir:

Ədaləti, haqqı dilər,
Tapammasa, sınar şair.

Haqq sözünü aşkara deməyin elə də asan olmadığı bir zamanda bu böyük sənətkar susmur, "ağa qara deyəmmərəm" deyərək bütövlükdə xalqın fikrini poetik dillə belə ifadə edir:

Ürəyimdə min dərdim var,
Bil, aşkara deyəmmərəm.
Mənim işim haqq ilədir,
Zülümkara deyəmmərəm.

Azaflını dərd alsa da,
Can qəzaya uğrasa da,
Dövran məni doğrasa da,
Ağa qara deyəmmərəm.

Başqa bir şeirində yenə haqsızlığa, ədalətsizliyə, "ədalət qananın yerə çırpılıb", naşıların yuxarı çəkilməsinə dözmür, min böhtana, min şərə düşsə də, Təbriz həsrəti ilə qovrulur, Sibir çöllərinə sürgün olunan soydaşlarımızın sonrakı acı taleyinə biganə qala bilmir:

Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə dərd varmı ki, çəkməmiş olam,
Bax, onlar ağartdı başımı mənim.

Elin gücünə inandığı qədər də elmin gücünə inanır ustad. İnanır ki, "dövranlarda meydan açan da, Günəş olub işıq saçan da", dağı dağ üstə qoyan da elin və elmin gücüdür. Ustad sənətkar haqlı olaraq bu qənaətdədir ki, "adama ad vermək olar, adamlığı vermək olmaz". Və elə buna görə də hər alimə alim demir:

Hər alimə alim demə,
Alim qana, qana gərək.
Kim ki, çəkir el qəhrini,
Qəlbi şana-şana gərək.

Dünya haqda çox ustadlar söz deyib. "Qəhri-qəza yarım oldu", - deyən ustad bu dünyadan, "ustadsız aşıqlar kimi düz hava çalmayan" gərdişdən gileylidir. "Yoxuşundan çıxammıram, belimdə bir şələ, dünya", - deyə xitab etdiyi dünyadan gileyi onun əksər gəraylı və qoşmalarında özünü göstərir. "Çünki qəm oylağı olan sinəsində min dərdi var, "başı qanlı, bəlalı"dır, onun ağ dediyini fələk qara yazır. "Doğrunun ac, əyrinin tox", kasıblarla arası olmayıb, "varlılara lələ" olan dünyanı dəyişməyə gücü çatmayanda ondan heyfini belə çıxmaq istəyir:

Azaflını tutdu xata,
Zır-zımıra bata-bata,
Nə ola, bir gücüm çata,
Səni salam ələ, dünya.

"Bu dünyadan" gəraylısında ömrün-günün asta-asta gəlib-keçdiyi bu dünyada "ayrılmayın kef-damaqdan" desə də, yenə də özünün həyat prinsipinə sadiq qalaraq "döndərməyin qəlbi haqdan" tövsiyəsini də unutmur. O, yaxşı bilir ki, çox şahların öz taxt-tacından endiyi bu dünyada pislər tez ölməz, bu dünyadan nələrin getdiyini isə "milyon sayçı saya bilməz".
"Ağır ellər aşığıyam, istər yaxşı, yaman məni", - deyən böyük saz-söz ustadı Mikayıl Azaflı çox haqlı olaraq özünün ölməzliyinə də inanır: "Özüm ölsəm, sözüm ölməz, saxlar əsr, zaman məni".
Bəli, nə qədər ki, xalqımız yaşayır, kökü minilliklərə söykənən aşıq sənəti yaşayır, Mikayıl Azaflını da, özünün də dediyi kimi, əsr, zaman yaşadacaq. Özü ayrıca bir məktəb olan ustadın irsini tədqiq etmək, qoruyub gələcək nəsillərə çatdırmaq isə bu sənətin daşıyıcılarının və tədqiqatçıların borcudur. Unudulmaz Xalq şairi Zəlimxan Yaqub demiş: "O məktəbin şagirdi, tələbəsi nə qədər çox olsa, bir o qədər xalqın, millətin, sənətin, ruhun, yaddaşın və gələcəyin xeyrinədir".
Musa NƏBİOĞLU
Azərbaycan Aşıqlar
Birliyinin katibi,
Əməkdar Mədəniyyət İşçisi