adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyul 2017 17:48
5867
MƏMLƏKƏT
A- A+

Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb

Böyük hissəsində tikinti işlərinin tamamlandığı Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq test qatarı yola düşüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, test qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, "Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev olub. Adıçəkilən qurumların rəhbərləri yol boyu görülən işlərlə tanış olmaq və bu istiqamətdə fikir mübadiləsi aparmaq imkanı tapıblar.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Qarsda yeni logistik mərkəz yaradılacaq.

Bununla əlaqədar Qarsda müqavilə imzalanıb.

C.Qurbanov "TRT Xəbər” telekanalına müsahibəsində deyib ki, bu yol istifadəyə verildikdən sonra özəl sektorun nümayəndələri –sahibkarlar ildə milyon ton yük göndərə biləcəklər. Gələcəkdə isə bu rəqəm artacaq: "Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”.

O, həmçinin Qazaxıstan və Çindən gələcək yüklərin hesabına Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklərin ildə 500 min konteynerə qədər artacağına ümidvar olduğunu bildirib.

Əhməd Arslan isə qeyd edib: "Çətin bir marşrutu olan layihənin reallaşması üçün 3 ölkə birgə səy göstərir. İlk dəfə sərnişin kimi səfər etməkdən məmnunuq. Bu gün yeni bir tarix yazılır və biz bu tarixə şahidlik edirik. Qısa zaman kəsiyində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı Türkiyə və Gürcüstandakı işlər 3 ölkənin birgə səyi ilə yekunlaşacaq. Bu dəmir yolu xəttini xüsusilə yükdaşımalar üçün istismar edəcəyik. Ən azı bizim qədər bu layihə Qazaxıstan, Çin və bütün Avropanın maraq dairəsindədir. Çünki başqa dəhlizlərlə müqayisədə Bakı-Tbilisi-Qars üzrə qısa zamanda və daha az xərclə yük daşımaq mümkündür. Bu layihə regionda ölkələr arasındakı qardaşlığı möhkəmləndirəcək, ticarətin həcmini artıracaq”.