adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Xalid KAZIMLI: Mənzil mərasimindəki təəssüratlar

XALİD KAZIMLI
42710 | 2017-07-20 18:18

Jurnalistlərə paylanası mənzillərlə bağlı keçirilən mərasimdə arxa sıralarda oturmuşdum. Mən tribunada çıxış edən prezident İlham Əliyevi görürdüm, amma o, məni təbii ki, görmürdü. Ancaq bir ara mənə elə gəldi ki, prezident sırf məni nəzərdə tutaraq bir cümlə işlətdi.

Həmin cümlə beləydi ki, bəzi jurnalistlərin müxalif siyasi partiyaların üzvü olmasına baxmayaraq, ayrı-seçkilik etmədik, tənqidçi jurnalist olub-olmamaları bu seçimdə rol oynamadı.

Hətta yanımda oturan tanınmış jurnalist də dirsəyimə toxundu, yəni "səni deyir”. Həmin vaxt, bir də sonra mərasimdə iştirak edən, bir qədər sonra ev alacaq tanıdığım jurnalistlərə baxdım, orada nə məndən artıq tənqidçi jurnalist olan vardı, nə də siyasi partiya üzvü olaraq qalan bir başqası.

Daha sonra internet resurslarında bir informasiyaya rast gəldim: "İlham Əliyev Müsavatdan istefa vermiş jurnalistlərə də ev verdi”. Həmin informasiyada mənim də adım çəkilirdi.

Məqalənin içində isə qeyd olunurdu ki, guya mən partiyada fəaliyyətimi dondurmuşam.

Bu, tamam yanlışdır. Düzdür, son üç ildə siyasi fəaliyyətim son dərəcə zəifdir, ancaq partiya mənsubluğum qalır, nə partiyadan çıxmaq barədə ərizə vermişəm, nə də müvafiq bəyanat səsləndirmişəm.

Ən qəribəsi isə budur ki, prezident mənim Müsavat üzvü olaraq qaldığımı bilir, öz partiyamın rəhbərliyi isə bilmir, elə hesab edir ki, istefa vermişəm.

Bunları keçək. Hazırda əsasən mənzil bölgüsünə həsr olunmuş mərasimdə məndə yaranan təəssüratları yazmaq istəyirəm.

Çoxlu tanış sima gördüm. Aralarında 20-25 il, hətta 30-40 il öncədən tanıdıqlarım vardı. Məsələn, mən 40 il əvvəl sovet qəzetlərini oxuyanda Şakir Yaqubovun imzasını görürdüm. Ustad jurnalist də sinninin bu çağında bəlkə də həyatının, karyerasının ən böyük mükafatını alırdı.

İlqar Əlfi ilə söhbətləşdik. Onun 35 il öncə yazdığı "Xof” povestini xatırladıq, atasından - jurnalist-yazıçı Əlfi Qasımovdan söz saldıq. Əlfi müəllimin təxminən 50 il öncə yazdığı jurnalistlərin həyatndan bəhs edən "Adilənin taleyi” romanından danışdıq.

Müstəqil mediamızın qaranquşları olan Hüseynbala Səlimovu, Bahəddin Həziyevi, Azər Rəşidoğlunu mərasimdə görmək xoş idi. Bu, onların da mükafatlandırılacağı anlamına gəlirdi. Yeri gəlmişkən, prezident bəlkə də məhz onları nəzərdə tutaraq ciddi təhlillər yazan, hətta bəzi siyasilərdən daha artıq analitik təfəkkürü olan jurnalistlərdən bəhs etdi.

Onların sırasında bircə Hikmət Sabiroğlu çatışmırdı. Çünki o da müstəqil mediamızın ilk parlaq imzalarından biridir. Fəqət məlum oldu ki, Hikmət bəy ona ərizə ilə müraciət etməyi təklif edən səlahiyyətli şəxslərə "mənə lazım deyil, ehtiyacı olan şəxslərə verin” deyə təklifdən imtina edib.

Ehtiyacı olan şəxslər isə çox idi. Söz yox, onların sırasında evə ehtiyacı olmayanlar da vardı. Amma bu tədbir evsizlərə ev paylamaq mənası daşımırdı, bu, əsasən ölkə mediasının inkişafında rolu olan, uzun illər parlaq yazılara imza atan mətbu ustaların mükafatlandırılması idi.

Biz mənzil şəraitinin yaxşılaşdırılması bəndindən yararlanan qrupdan idik. Mənzillər bölüşdürülərkən diqqət etdik ki, bu barədə siyasi qərar verənlər hər şeyi diqqətlə, yerli-yataqlı incələyiblər, çox adama bəlli olmayan detalları öyrəniblər və nəzərə alıblar. Elə olmasaydı, hazırda heç bir media orqanında işləməyən, o qədər də böyük iddiası, gözləntisi olmayan şəxslərə mənzil verilməzdi, jurnalist cütlüklər nəzərə alınmazdı.

İndi bəziləri deyir ki, bu, jurnalistlərin ələ alınmasıdır. Elə şey yoxdur. Rəhmətlik jurnalist İbrahim Bayandurlu (eləcə də digər mərhum həmkarlarımız) neçə ildir həyatda yoxdur, onların ələ alınmasından, susdurulmasından necə söhbət gedə bilər?! Eləcə də veteran jurnalistlər. Artıq yazmırlar. Onlardan mədh uman da yoxdur. Təkcə onlara görə də bu siyahını gerçəkdən də "möhtəşəm siyahı” adlandıranlar haqlıdır.

Özümə gəlincə, deyim ki, mən tənqidçi jurnalist olaraq qalacağam. Məndən mədhiyyə tələb edən yoxdur. Üstəlik, prezident jurnalistlərin ölkədəki neqativ hallardan yazmalarına yaşıl işıq yandırdı.

Mənzil üçün siyahılar müəyyənləşdirilərkən iclasda bir söz demişdim. Demişdim ki, əsas məsələ son mənzilə malik olmaqdır, o da hamıya qismət olacaq. Hər şeyin fani olduğu dünyada əsas şey normal, adam kimi yaşamaqdır.

Sözümün sonunda bir daha bizim mənzil sahibi olmağımızda rolu olan, buna görə sevincini bölüşən hər kəsə, konkret olaraq prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.


TƏQVİM / ARXİV