adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyul 2017 00:33
6980
GÜNDƏM
A- A+

YARIMÇIQ YAŞANAN ŞƏRƏFLİ ÖMÜR

Dünyadan vaxtsız köçən xanım-xatın qızım Nabat Əjdərqızının ömür kitabını vərəqləyəndə onun könül dünyasının mənəvi inciləri aydın görünür. O, kamil şəxsiyyət kimi yetişmişdi: gözəl iqtisadçı alim, yetkin pedaqoq və istedadlı şair zirvəsinə yüksəlmişdi; həm dəyərli elmi tədqiqatlar aparırdı, həm də gözəl şeirlər yazırdı.

Onun "Günəşimin hərarəti kiçilməz" adlı ilk şeirlər kitabı hələ 1999-cu ildə işıq üzü görmüşdü. Kitaba görkəmli alim, professor, millət vəkili Rafael Hüseynov ön sözü yazmış və yüksək dəyər vermişdir.
Şeirləri "Ulduz" jurnalında və nüfuzlu qəzetlərdə çap olunmuşdu.
İndi onun şeirlərindən bir neçəsini oxuculara təqdim edirəm.

Əjdər Qıyaslı

KİM BİLİR

Ay sevgilim görüşünə gəlmişəm;
Bir də gəlləm, ya gəlmərəm, kim bilir.
Bir dodaqlıq gülüşünə gəlmişəm,
Bir də gülləm, ya gülmərəm, kim bilir.

Yaxın gəldim, gen açmadın qoynunu,
Uzaq gəzdin, düzəltmədin boynunu.
Mən taleyin bu gözlənməz oynunu,
Bir də biləm, ya bilmərəm, kim bilir.

Baxça oldum, yad əllərdə dərildim,
Kaman kimi çox boşaldım, gərildim.
Həsrətinlə min yol ölüb dirildim,
Bir də öləm, ya ölməyəm, kim bilir.

İllər keçir... aylar olur qanadlı,
Yetəmmirəm, mən piyada, sən atlı.
Ulu dünya, görüşünə urvatlı,
Bir də gələm, ya gəlməyəm, kim bilir.


AY KÖNÜL

Ürəyimdə alovlanan ocağa,
Kim od vurdu, kim yandırdı, ay könül.
Pərvanətək bənd olmuşam çırağa,
Qanmayanı kim qandırdı, ay könül.

Dolanırdım dağ döşündə meşəni,
Asta-asta dərirdim bənövşəni.
Qəlbimdəki göyərçinli şüşəni,
Kim sındırdı, kim yamadı ey könül.

Ana deyib sirr söylədim Şah dağa,
Gözlərimdən çeşmə axdı torpağa.
Saf eşqimlə bənzəmişdin bulağa,
Kim daş atdı, bulandırdı, ey könül.


YOXUMUŞ YERİ

Gecələr yatmayıb səhərə qədər,
Xəyala dalıram, fikrə gedirəm.
Gözəllik sevgimi pozarsa əgər,
Belə gözəlliyə nifrət edərəm.

Bilsəydim taleyim belə olacaq,
Arzu çiçəklərim vaxtsız solacaq.
İxtiyar olsaydı əlimdə əgər,
Məhəbbət bağına etməzdim səfər.

Bilsəydim vəfasız olarsan mənə,
Bu təmiz qəbimi verməzdim sənə.
Bağışla əzizim, bağışla məni,
Əzəldən tanıya bilmədim səni.
Verdiyim vədləri gəl qaytar geri,
Haradan biləydim yoxumuş yeri.


MƏHƏBBƏT

Məhəbbət-xəzəl deyil, ayaq altda əzəsən,
Məhəbbət torpaq deyil, üzərində gəzəsən.
Məhəbbət yataq deyil, şirin-şirin yatasan,
Məhəbbət çiçək deyil, qoparasan, atasan.
Məhəbbət gülüş deyil, qona dodaqlarına;
Məhəbbət şərbət deyil, içəsən acqarına.
Məhəbbət saqqız deyil, çeynəyəsən, qırasan;
Məhəbbət məktub deyil, oxuyasan, cırasan.
Məhəbbət od da deyil, su töküb söndürəsən;
Söylə: nədir məhəbbət, sevgi nədir görəsən?


TARIMI TAPDIM

Seyr etdim baharı bir gözəl gündə,
Bənövşə ətrini əsirgəmədi.
Gülsə də üzümə çiçək də, gül də;
Bu yerlər könlümü ala bilmədi.

Mən bahar gəzirəm çöldə, çəməndə;
Qəlbimin gözilə özümə baxdım.
Köksümün altında vuran ürəkdə,
Baharımı gördüm, yarımı tapdım.

Ömrün bahar fəsli səni görəndə,
Könlümün həmdəmi yarımı tapdım.
Əkdiyim bağımın barın dərəndə,
Köklənib oxuyan tarımı tapdım.

AYRILIQ

Nə vaxtdır qapımı açmır əllərin,
Səni əks eləmir güzgü otaqda.
Soluxub otaqda o tər güllərin,
Qələmim hey yazır ayrılıq haqda.

Ürək yenə edir fəqan: Ayrılıq!
Yenə aramıza düşdü intizar.
Şəhriyar demişkən: "Aman ayrılıq",
Bu halı görənlər ağladı zar-zar.

Ayrılıq çırağı yanıb sönməsin,
Qulaq eşitməsin yanıqlı səsi.
Amandı! Vüsalın üzü dönməsin,
Ayrılıq - bir canın ikiləşməsi.

O QATARIN DALINCA

Hara köçür ömrümüzün qatarı,
Axacağam o qatarın dalınca.
Bilsəm əgər o qatarda sən varsan,
Baxacağam o qatarın dalınca.

Sarsılsam da düz yolumdan çıxmaram,
Su olsam da hədər yerə axmaram.
Hər nə olsa, çətinliyə baxmaram,
Baxacağam o qatarın dalınca.

Sussa dilim, tükənsə də sözlərim,
Kor olsa da, görməsə də gözlərim;
O qatarda vardır mənim öz yerim,
Baxacağam o qatarın dalınca.

Məhəbbətim boğularsa dünyada,
Bir sirdaşım yetməsə də fəryada,
Ömrüm, günüm ötüb getsə də bada,
Gələcəyəm o qatarın dalınca.

Əziz qızım Nabat!

Sən yaman sındırdın könül tarımı,
Yaram göz-göz oldu... qopardın, qızım.
Bütün istəyimi, arzularımı,
Özünlə məzara apardın, qızım...