adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Iyul 2017 11:17
4927
GÜNDƏM
A- A+

Jurnalist-deputatlar Azərbaycan jurnalistikasının bugünkü durumunu QİYMƏTLƏNDİRDİLƏR

Bir neçə gündən sonra Azərbaycanda Milli Mətbuat Günü qeyd ediləcək. Ötən 142 il ərzində Azərbaycan cəmiyyətini informasiyalarla təmin edən ciddi jurnalistikamız formalaşıb. Əvvəllər Kütləvi İnfarmasiya Vasitələri (KİV) dedikdə yalnız qəzet, jurnal, televiziya, radio başa düşülürdü. Hazırda isə onlarla yanaşı, internet resursları – xəbər saytları da KİV-lər hesab olunur. İnternet medianın yaranması isə jurnalistikada operativliyi bir qədər də artırdı. Mətbu orqanlar arasında rəqabət daha da artdı və inkişafa doğru bir sıra addımların atılmasına təkan verdi.

Azərbaycan jurnalistikasının bugünkü durumu hansı vəziyyətdədir?

İxtisasca jurnalist olan deputatlar Modern.az saytınınbu sualına cavab veriblər.

Jurnalist-deputat Elmira Axundova jurnalistikamızın durumundan narazılıq edib.

"Bunun da obyektiv və subyektiv səbəbləri var. Jurnalistika neqativ hallardan təmizlənməlidir. Medianın iqtisadi çətinliyi mənfi hallara aparır. Ona görə də bir neçə saytın birləşərək iri media holdinqlər yaratması, bir yerdə olması daha yaxşı olar. Belə olarsa, jurnalistikaya heç kim bata bilməz”.

Elmira Axundova Azərbaycan jurnalistikasının peşə həmrəyliyində birlik göstərə bilmədiyini söyləyib.

"Peşə həmrəyliyi də jurnalistikamızda çox zəifdir. Mediamız özünü müdafiə etməkdə çətinlik çəkir. Amma Dağlıq Qarabağ, Aprel hadisələri kimi ümumilli məsələlərdə, xüsusilə ön cəbhədə jurnalistikamız özünü çox yaxşı göstərir. Zərbələr bir hədəfə və bir nöqtəyə vuruldu. Həmçinin, Zəhra və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsi hadisəsində də media birlik nümayiş etdirdi. Bu çox yaxşı haldır”.

Sahib Alıyevin istəyir ki, jurnalistikaya gəldiyi vaxt, yəni ötən əsrin 90-cı illərin əvvəllərindəki Azərbaycanla indiki Azərbaycan arasındakı fərq nə qədərdirsə, o zamankı jurnalistikamızla indiki jurnalistikamız arasında da keyfiyyət baxımından bir elə fərqin olsun.


Aqil Abbas deyib ki, jurnalistikamız bu gün inkişaf mərhələsindədir:

"Amma bu inkişaf mənim tam ürəyimcə deyil. Azad mətbuatımız var. Mətbuatımızda ən əsas şərtlərdən biri olan söz azadlığı var. Hər kəs istədiyi informasiyanı çalışdığı qəzetdə, saytda və s. mətbu orqanlarda yaza bilir. Düşünürəm ki, bunlar çağdaş jurnalistikamızın uğurudur. Həmçinin dövlət tərəfdən də jurnalistikmızın inkişafına böyük köməklik edilir. Ölkə başçısının tapşırığına əsasən, jurnalistlərimiz evlərlə təmin olunur. Bu da dövlətin jurnalistlərə və jurnalistikamıza verdiyi dəstəyi bird aha nümayiş etdirir”.


Deputat bildirib ki, bu gün jurnalistikamız fikir müxtəlifliyinə, orjinallığına, çoxşaxəliliyinə görə fərqlənir.

"Ötən illər ərzində Azərbaycan mediası yeni intellektual kefiyyətlər qazanıb. Bütün bunların hamısı ölkəmizdə medianın inkişafı üçün çox ciddi hüquqi əsasların yaradılması ilə bağlıdır. Bu gün Azərbaycanda müstəqil milli mətbuat formalaşıb. Azərbaycanda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mövcuddur. Bu qurum vasitəsilə tələblərə cavab verən bütün media orqanları şəffaf şəkildə maliyyələşdirilir. İqtidar, müxalif və müstəqil media nümunələri bərabər formadabəhrələnə bilirlər. Bu da jurnalistikamızın inkişafına dəstək verən amildir”.

Bəxtiyar Sadıqov bildirib ki, müasir jurnalsitikamızın ən böyük uğuru Azərbaycan mətbuatında söz azadlığının bərqərar olmasıdır.

"Bu gün qəzet, sayt açmaq üçün heç bir maneə yoxdur. İstənilən şəxs jurnalistika sahəsində fəaliyyət göstərə bilər. Jurnalistikamızın ən böyük uğuru odur ki, ölkə başçısının bu sahəyə birbaşa qayğısı var. Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi xüsusi fond yaradılaraq, müstəqil mətbuata yardım göstərilmir. Yəni , Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) dövlət, iqtidar mətbuatına yardım göstərmir. Müstəqil mətbu orqanlara yardım göstərir. Dünyanın heç bir yerində Azərbaycan jurnalisti qədər qayğı ilə əhatə olunmuş mətbuat işçisi yoxdur. Artıq jurnalistlər üçün məxsusi olaraq ikinci bina tikilib. Bu bina yaxın günlərdə jurnalistlərimizin və ailələrinin istifadəsinə veriləcək”.

Deputat deyib ki, bu gün jurnalistikamızın uğurları çoxdur.

"İnternetin və saytarın yaranması operativliyi daha da artırıb. İnsanlar bir-birilə rahat əlaqə saxla bilirlər. Həmçinin, dünyanın hər hansı bir nöqtəsində baş verən hadisəni öyrənib ona reaksiya vermək mümkün olub. Bütün bunlar jurnalistikamızın inkişafının göstəricisidir. Amma jurnalistikamızla bağlı müəyyən problemlər də var”.