SÖZ ZİRVƏSİNDƏKİ ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
63239 | 2017-07-17 22:32
Hər dəfə şəxsən özümün söz dünyasında keçdiyim yola nəzər salanda bir anlıq da olsa dayanıram, düşünürəm, xatirələrimi çözürəm. Və həmin o dayanıb, düşünüb, xatirələrimi çözdüyüm məqamda təbii ki, məni bu istiqamətə çəkən, bu səmtə yönəldən böyük nüfuzlu, özünütəsdiq etmiş, möhürünü vurmuş şəxslər yadıma düşür. Onların nurlu simaları gəlib durur mənimlə üzbəüz. Və mən aşağıdan yuxarı bu zirvələrə tamaşa edirəm. Onların özünü, sözünü, həyatını və sözə hopdurduqları ömürlərinin necə şam kimi yandığını müşahidə edirəm. Və ən maraqlısı da budur ki, həmin o şam sözlə bərabər alışır, sözlə bərabər yanır, sözlə bərabər işıq saçır...

Bəli, indinin özündə də, yəni könlümü bu yazıya köklədiyim məqamda da mən seçdiyim yolda mənə mayak olanları düşünürəm, onların timsalında Zirvədə dayanan Zirvəni görürəm. Bu, jurnalistikanın, mətbuatın, bütövlükdə sözün bugünkü ziravəsidi - özü də sabaha boylanan, sabahın yolunu işıqlandıran və sabahın sözdən necə keçəcəyini şərh edən Zirvə!..

Ötən həftənin son iş günündə məmləkətin paytaxtında hamı söz Zirvəsinin ətrafına yığışmışdı. Onu tanıyanlar da, ondan öyrənənlər də, onunla dost olanlar da, onun həyatını və yaradıcılığını izləyənlər də... Burada zaman, nəsil anlayışı ortadan götürülmüşdü. Çünki sözün Zirvəsinin ətrafına bütün nəsillərin nümayəndələri cəmləşmişdi - jurnalistikada ilk addımlarını atanlar da var idi, izləri görünənlər də, özlərini təsdiq edənlər də, Zirvənin yanında dayanmaq hüququ qazananlar da. İndi soruşa bilərsiniz ki, söhbət kimdən gedir? Təbii ki, bu sizin oxucu haqqınızdı. Mən də sizin haqqınıza hörmət edib bir ünvan göstərirəm:
- Əli İldırımoğlu!

Tam səmimi deyəcəm. Mən yaşda, məndən bir az böyük və bir az da kiçik olanlar bu imzanı yaxşı tanıyırlar. Çünki dediyim nəsil sovet dönəminin mətbuat şinelini tanıyır, onun içərisindən çıxıb. Yəni sovet dönəmində məmləkətdə barmaqsayı qəzet, jurnal işıq üzü görürdü. Onların da içərisində özünüifadə etmək, özünü oxucuya sevdirmək çox çətin bir iş idi. Təsəvvür edin ki, məhz həmin dövrün ən kəsərli xəncəri olan bir qəzet var idi. O da partiyanın rəsmi orqanı olan "Kommunist" qəzeti idi. Və bu qəzetdə də çalışanların hamısı sayılıb-seçilmiş imza sahibləri idi. İndi təsəvvür edin ki, həmin sayılıb-seçilmişlərin içərisindən də beş addım önə çıxmaq hansı qabiliyyətin, hansı ustalığın göstəricisidir. Bax, Əli İldırımoğlu həmin o sayılanlardan, seçilənlərdən beş addım qabağa çıxmış jurnalist-publisist-yazıçı idi. Və bu gün də elə həmin o yerdə dayanıbdı.
Bugünkü oxucu üçün bir arayış verim. Əli İldırımoğlu düz 90 il bundan öncə Qubadlıda Əliquluuşağı kəndində dünyaya gəlib. Ötən əsrin 30-cu, 40-cı, 50-ci illərinin bütün çətinliklərini yaşayıb, Laçında texnikum bitirib, sonra Ağdamda oxuyub. Qəzetçiliyin əlifbasından başlayıb. Və elə o əlifba da onu öncə Qubadlıda, sonra Laçında, Zəngilanda, yuxarı-aşağı Qarabağda Əli İldırımoğlu edib. Sonra bütün Azərbaycanda! İndinin özündə də mən Əli müəllimin Dağlıq Qarabağ Muxtar Vilayətində (keçmiş - Ə.M.) ermənilərin gözünün odunu necə aldığının özüm şahidi olmuşam. Həmin illərin partiya-sovet işçiləri Əli İldırımoğlunun özünün, imzasının qarşısında həm ehtiyatla, həm də diqqətlə, sayğıyla dayanırdılar. Çünki Əli müəllimin qələmi haqdan gələn Ədalət qələmi idi. Onun yazdığı, köhnə kişilərin dediyi kimi, daşdan keçirdi. Onun ortaya qoyduğu faktlar ədaləti bərpa edirdi, haqqı ortaya çıxarırdı. Bax, bu səbəbdən də mən əlimə düşən "Kommunist" qəzetlərindəki yazılarını birnəfəsə oxuyurdum - istəyir Dağlıq Qarabağdan yazsın, istəyir Füzulidən yazsın, istəyir Ağdamdan, istəyir Qubadan, istəyir Naxçıvandan. Əli İldırımoğlu həmin illərdə yazdığı felyetonları, publisist yazıları, oçerkləri, eləcə də bədii əsərləri ilə həm də özünü yazırdı. Özünün içində olduğu həyatı yazırdı. Bu təkcə müşahidələr deyildi... bu təkcə quru statistika deyildi. Bu, bütün əzaları yerində olan bütöv orqanizmdi. Və Əli İldırımoğlu da onu bütöv şəkildə aidiyyəti orqanlara və bir də oxucuya göstərirdi. Üstəlik həm də deyirdi ki, bu orqanın qüsurlarını aradan qaldırın ki, haqqı tapdalananlar sözün də, qələmin də gücünə inanmaqla yanaşı, sizin ədalətli olduğunuza da inansınlar.

Yadımdadı, Əli müəllimin Atatürk mərkəzində 70 illik yubileyi keçirilirdi. Həmin o yubileydən mənim xatırladığım bir məqam var. Onda çıxış edənlər Əli müəllimin "Qarlı gecələr" və "Mənim rəncbər atam" əsərlərindən danışırdılar. Mən bu əsərləri o tədbirdə əldə etdim. Doğrudur, ona qədər əsərdən parçalar oxumuşdum mətbuatda. Sonra bütöv şəkildə oxudum hər iki əsəri. Və bir daha əmin oldum ki, iki hissəli "Zorən jurnalist" əsərini yazan Əli İldırımoğlu söz dünyasında elə-belə at oynatmayıb. O, atını ağır taxtalı kişilər kimi səyirdibdi. Nə toz qoparıb, nə duman. Amma atın nalından qığılcım qopub. Atın kişnərtisi hər tərəfə səs-səda salıbdı.

Bu gün Əli müəllimin 90 yaşı tamam olub. Və bu 90 ilin 70-ni sözə həsr edən Əli İldırımoğlu təkcə doğulduğu bölgədə deyil, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da həyatı və həyatını yazan yazıçı-publisist kimi tanınır. İstər Türkiyədə, istər İranda, istər digər məmləkətlərdə xarici dillərə çevrilib nəşr olunan əsərlərinin hər biri Azərbaycanın mədəniyyətini, məişətini, tarixini, coğrafiyasını, xüsusilə əxlaqını təqdim edən söz çələngidi. Özü də bütün rəngləri yerində olan, bütün naxışları, ilmələri aydınca görünən bir çələng. Bunun üçün Əli İldırımoğlu rəncbər atası kimi özü də sözün rəncbərliyini edib. Necə deyərlər, dizini atıb yerə, yaddaşında, xatirələrində olanları sözə çevirib! Sinəsini söykəyib masaya, hisslərində, duyğularında, düşüncəsində istedadın gücüylə boy verənləri, boy göstərənləri sözə çevirib. Və həmin o sözlər. Yəni bədii təfəkkürün bəhrələri sanballı kitablara çevrilib. Özü də elə kitablara ki, onlar müəllifini sevdirib. Və bu sevgiylə Əli İldırımoğluna şöhrət qazandırıb, şöhrətə gətirib. Onu "Şöhrət" ordenli yazıçı-publisist edib, 12 cildlik seçilmiş əsərlərin müəllifi kimi diqqət mərkəzində saxlayıb.

Həyatımda bir istinad nöqtəsi kimi üz tutub getdiyim köhnə kişilərdən biri, bəlkə də birincisi olan Əli müəllim, mən bu yazını sizə 90 yaşınıza hədiyyə olaraq bilgisayara diktə etmirəm. Çünki sizin layiq olduğunuz hədiyyələr daha böyükdü, daha sanballıdı. Sadəcə mən yurd-yuvasını itirmiş, indinin özündə də haqsızlığın, biganəliyin, ədalətsizliyin tərs şillələrini zaman-zaman dadan bir qəzet işçisi olaraq yazıram. İstəyirəm biləsiniz ki, Sizi oxuyanda Qarabağa, kəndimə qayıdıram. Yenidən Tuğda orta məktəbə gedirəm... yenidən jurnalist olmaq üçün "Kommunist" qəzetində sizi oxuyuram. Və bir də ondakı kimi indi də öyrənirəm. Çünki siz jurnalistikaya möhürünü vurmuş Söz Zirvəsisiniz! Zirvə ilə yanaşı duran Söz Zirvəsi!

P.S. Bir daha 90 yaşınız mübarək! Sizi Qarabağda görmək arzusuyla yeni kitablarınızı, yeni əsərlərinizi gözləyirəm.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV