adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Iyul 2017 17:09
69582
MÜSAHİBƏ
A- A+

“Bəzən bizim millət vəkillərinin bəyanatlarını oxuyanda adam heyrətə gəlir”

"Təəssüf ki, parlamentdə də, hökumətin özündə də Azərbaycanın müstəqilliyinə pul qazanmaq üçün müvəqqəti şans kimi baxanlar var”

Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəyə başlayıb. Layihə çərçivəsində növbəti müsahibimiz ictimai xadim, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlidir.

– Qulu müəllim, necə düşünürsünüz, türk dilinin beynəlxalq dilə çevrilməsi üçün əsaslar yetərlidirmi? Ümumiyyətlə, bu dilin beynəlxalq dilə çevrilməsi nə dərəcədə real görünür?

– Mən hesab edirəm ki, bu gün, bu dəqiqə türk dilinin beynəlxalq dilə çevrilməsi sadəcə bir illüziyadır. Amma məsələn, doxsanıncı illərin əvvəllərində və ortalarında belə bir imkan vardı. Məsələn, Türkiyə dövləti o vaxt TİKA-nı yaratmış, Xarici İşlər Nazirliyinin nəzdində türk ölkələri ilə iqtisadi, mədəni əməkdaşlıq qurmuşdular. Onda böyük bir ərazidə Türkiyə üçün çox əlverişli arenanı genişləndirmək imkanları var idi. Amma çox təəssüf ki, Türk dövləti buna hazır deyildi. Məsələn, Azərbaycanda müəyyən dərəcədə işləyə bilsə də, tutaq ki, Qazaxıstana əli müəyyən qədər çatsa da, amma tutaq ki, Türkmənistan, Qırğızıstan, xüsusən Özbəkistan üçün bunu demək mümkün deyildi. Yəni türk dilinin böyük dil olası, beynəlxalq dil olması üçün onun arxasında çox böyük güc dayanmalıdır; siyasi, intellektual, mənəvi güc dayanmalıdır. Təəssüf ki, bu gün bir dövlət olaraq Türkiyə güclənməkdən daha çox dünya ilə, konkret Amerika ilə, Avropa ilə münasibətləri gərginləşdirmə yolunu tutub. Bəlkə də, burada Türkiyənin haqlı olduğu məqamlar var. Amma dünya ilə bu dildə danışmaq olmur. Yəni, tutaq ki, Atatürk o vaxt Türkiyəni niyə, belə deyək də, faktiki olaraq, Avropa imperializminin caynağından qoparıb bir dövlət yarada bildi? Düzdür, o, Osmanlının varisi idi. Amma bununla yanaşı çox ciddi problemlər var idi; siyasi problemlər, iqtisadi problemlər. Bunları həll eləyə bildi və Türkiyəni məhz Avropa ilə dialoq kontekstində qurdu. Hərçənd ki, lap birinci mərhələdə müharibə ilə, ingilislərlə, yunanlarla, fransızlarla, bax bu koalisiya ilə vuruşa-vuruşa türk torpaqlarını azad edib, Türkiyəni qurmuşdu. İndi, bu dəqiqə, əlbəttə, Türkiyədə yüksək təhsil var, mədəniyyətin tərəqqisi və sairə var. Amma dilin yayılma dairəsi, arealı məhduddur. O, tutaq ki, Orta Asiyada, Qafqazda – Cənubi Qafqazda yayılmış olsaydı, lazımı statusu almış olsaydı, əlbəttə, onun beynəlxalq dil olmaq iddiaları müəyyən dərəcədə təmin oluna bilərdi. Təəssüf ki, bu gün o imkanlar əldən verilib, gələcəkdə belə bir şansın olun-olmayacağını bir Allah bilir.

– Biz, təbii ki, Türk dili deyəndə, bütün türkdilli xalqların dilini nəzərdə tuturuq. Türk dövlətləri birlikdə o dediyiniz intellektual, mənəvi, siyasi gücü əldə eləyə bilməzlərmi?

Image result for Qulu Məhərrəmli


– Mən sizə deyim, bu dəqiqə türk dövlətlərinin, türkdilli respublikaların içərisində bu imkanlar ən çox Qazaxıstandadır. Məsələn, Qazaxıstanın burada bir səfiri vardı, mən heyrət eləyirdim. Onlar bir kitab buraxmışdılar, "Turan ideyası necə gerçəkləşə bilər?” Xəritə ilə, filanla, məni çox məmnun eləmişdi. Sonra türk başlanğıcı ilə bağlı bunların çəkdikləri film var – "Köçəri” filmi. Düzdür, birbaşa türk məsələsi qoyulmur, amma etnos necə formalaşır, yaranır, inkişaf edir, bu problem qoyulur. Yəni türkçülük ideyası bu dəqiqə daha çox qazaxlardadır. Qırğızların bu dəqiqə, bu ideyaya əlləri çatır və bununçün çalışırlar. Amma mənə elə gəlir ki, digər türk respublikalarının – Azərbaycan burada istisnadır, çünki Azərbaycan bir çox cəhətdən Türkiyəyə yaxındır, təkcə ərazi baxımdan, coğrafi baxımdan yox, birləşib bir güc yaratmaq imkanları bu dəqiqə çox məhduddur. Var, iqtisadi əməkdaşlıq var, məhdud sayda da olsa, TÜRKSOY kimi təşkilatlar var, belə formal da olsa, Parlament Birliyi var, bu daha çox Qaradəniz ölkələri çərçivəsindədir, amma yenə də var. İllüziyalarla yanaşsaq, hə, bunu arzulamaq olar. Amma reallıq, dünyanın gedişatı, bu əsən yellər o istiqamətdə elə bir şey vəd eləmir. Buna görə də illüziyalara qapılmaq olmaz. Türkdilli dövlətlərin, məsəlçün, başçılarının hərdən görüşü olur, rusca qəşəng söhbətlər eləyirlər. Məlum olur ki, fərqli siyasi quruluşda yaşamaq, fərqli düşüncədə olmaq, yəni bunlar hər halda birləşdirici faktlar deyil. Amma mədəniyyət sahəsində, dil sahəsində, musiqi ilə bağlı birgə layihələr var, "Türk Avaz”dır, "Türk Avroasiya”dır – bax bunlar müəyyən dərəcədə genişlənə bilər. Amma bu da hələ güc demək deyil.

– Bəs türk dilinin regionda hakim dilə çevrilməsi necə, bu, mümkün görünürmü? Məsələn, Gürcüstanın Azərbaycan və Türkiyə arasında tranzit ölkə olması buna yardım edə bilərmi?

– Bu məsələ, deyim ki, reallaşa bilən bir məsələdir. Məsəlçün, iqtisadi əməkdaşlıq, mədəni əməkdaşlıq, tədricən iqtisadi gücü hiss etdirməyə başlayıb. Gürcüstanda türklərin sayı çoxalır, türk şirkətləri artır. Türklər orada böyük işlər aparırlar, tikinti işləri var: tutaq ki, hava limanının tikintisini aparıblar və sairə. Orada yaşayan azərbaycanlılar, əlbəttə, təkcə türk malları üzərindəki yazını oxumaqla nəsə öyrənə bilərlər. Türkiyənin Gürcüstanda möhkəmlənməsi üçün çox real şanslar var. Əvvəla, yaddaş var – uzun müddət Türkiyə burada olub, ölkənin ərazisinin yarısı Türkiyənin himayəsi altında olub, türk dili oturuşub. İndi də yer adlarının çoxu türk adlarıdır. Məsələn, Batum, Acar ərazisində əksəriyyət türk adlarıdır. Din olaraq, deməli, müsəlman mənsubiyyəti var, bu da dilin yayılmasını sürətləndirən faktordur. Azərbaycanda aydındır, bu proses gedir. Hesab edirəm ki, bu məsələnin perspektivi var. Amma bunun üçün Türkiyə həm Gürcüstanda, həm Ermənistanda, həm də Azərbaycanda lövbəri bir az dərinə salmalıdır. İstər-istəməz bizdə türk dilinin inkişafı baxımından doxsanıncı illərin ortalarından bu yana güclü irəliləyiş var, yüksəliş var. Türkiyə televiziyaları bu regionda rahat yayılır, türk müəllimləri, türk məktəbləri bu məsələdə ciddi bir rol oynayır və bunu üçün baza var. Mən elə bilirəm ki, Türkiyə sadəcə iqtisadi dayaqlarını gücləndirməklə, həm də türk dilinin bu bölgədə aparıcı dilə çevrilməsinə nail ola bilər. Bu məsələdə türk seriallarının Türkiyəyə yaratdığı maraq, onun arxasındakı dil çox güclü amillərdən birinə çevrildi son illər.

– Ancaq serial dilini bilmək bu dili bilmək deyil. Məsələn, türk seriallarını çətinlik çəkmədən anlayıb baxan hər kəs bu dildə kitab oxuya bilmir. Bu əngəli aradan qaldırmaq üçün Sabir Rüstəmxanlı təklif edir ki, türk dili bizim ölkəmizdə və digər türkdilli ölkələrdə xarici dil kimi bir neçə il tədris edilsin, öyrənilsin. Bu, türk dilinin regionda hakim dilə, ortaq ünsiyyət dilinə çevrilməsinə kömək edər. Bəs siz nə təklif edərdiniz?

– İstənilən ideya, çağırış üçün buna bir tələbat olmalıdır. Bunun bir sosial bazası var, amma sosial sifariş də olmalıdır. Bu gün Azərbaycanda adamların çoxu hesab eləyir ki, türkcə bilir. Ayrıca türk dili kursları var. Amma bu, məcburi şəkildə deyil. Uşaqları siz danışdırın, türk televiziyalarına baxanlar artıq türk cocuqlarının dili ilə danışır. Ona görə də, məncə, bizdə türk dilinin xüsusi tədrisinə ehtiyac yoxdur. Amma hə, Gürcüstanda, Dağıstanda, Rusiyada bu kursları açmaq lazımdır. Yadınızdadırsa, neçə il bundan əvvəl Qarsda sərhədlərin açılması ilə bağlı problemlər vardı. Onda biz orada idik, 2006-cı ildə. Onda biz Qarsın küçələrində gördük nələr yazılıb. Rus dili kurslarına elanlar var. Bunlar hesab edirdilər ki, sərhəd açılacaq, Rusiyadan adamlar gələcək, vaxtilə Trabzonda-filan olduğu kimi bu bölgədə də turistlərin sayı artacaq, onların dilini bilmək lazımdır. Ona görə rus dili kursları açırdılar. Nə idi bu? Bu, reallıq idi, bu, həyatın, günün tələbi idi və bunu bir önləyici addım kimi təşkil edirdilər ki, bura gələn adamların dilində türk tacirləri, biznesmenləri danışa bilsinlər. Eləcə də Türkiyə gedəndə Moskvada, nə bilim, başqa ölkələrə bu dili öyrənmək və bunlarla danışmaq üçün o türk dili kursları olmalıdır. Sabir bəyin dediyi ideya yaxşı ideyadır, böyük ideyadır, amma real deyil. Mən ancaq bunu deyə bilərəm.

– Bəs hazırda Azərbaycanda ikidilli, çoxdilli situasiyanın olması necə görünür sizin baxışınızla?

– Çox normal prosesdir. Dilçiliyin bir sahəsi var: sosiolinqvistika. Bu sahə predmet olaraq ikidillilik, çoxdillilik şəraitini, kiçik xalqların dilini öyrənir. Mən hesab edirəm ki, bu sahə Azərbaycan cəmiyyətinin bir özəlliyidir. Necə ki, milli azlıqlar var, eləcə də o azlıqların dili var, bu dildə danışanlar var. Söhbət ana dilinin dövlət dili kimi statusunun gözlənilməməsindən gedir. Bax narahatlıq bununla bağlıdır. Bizdə rus dilində danışanlar çoxdur. Şəhərin mərkəzində, müəssisələrdə, ali məktəblərdə... Vaxtilə Azərbaycanın birinci katibi olan İmam Mustafayevin "Gənclik” jurnalına verdiyi müsahibə vardı. Heç unuda bilmirəm onun orda dediyi sitatı. O deyir ki, iki azərbaycanlının bir-biri ilə rusca danışması simasızlıqdır. Mən bu fikrə qatılıram, mən belə hesab edirəm ki, rusla, əlbəttə, rus dilində danışmağımız bizim üstünlüyümüzdür. İngilislə ingiliscə danışa bilməyimiz, bu, əlbəttə, bizim məharətimizdir. Amma iki azərbaycanlının bir-biri ilə rusca danışmağı, nə bilim və ya türkcə danışmağı – bu, simasızlıqdır. Ona görə də, bax bu dil daşıyıcıları dilə sevgini ifadə eləməlidirlər. Bax bu dilə sevgi olmayanda, dillə bağlı narahatlıqlar ortaya çıxır. Rus dili üstələyir. Adamlar elə hesab edir ki, o rusca danışırsa, guya aristokratdır, kübar cəmiyyətə aiddir. Bir az da, sözün açığı, Azərbaycan elitasında rus dilinə bir sevgi var, bu da mənfi haldır. Adamlarda yanlış illüziyalar yaradır ki, bizdə rus dilində danışmaq böyük məharətdir, böyük qabiliyyətdir. Stalinin sözü var, deyir, sən neçə dil bilirsənsə, bir o qədər adamsan. Doğru sözdür. Yəni hər kəslə öz dilində danışmaq bir poliqlot məharətidir. Amma bütün bunların heç biri Azərbaycan dilinin statusuna xələl gətirməməlidir. Rus dilində Azərbaycanda kifayət qədər çox adam danışır. Amma bu, Azərbaycan dilini heç bir halda aşağılamamalıdır. Dilə hörmət eləməliyik, dilin statusunu qorumalıyıq, idarədə, müəssisədə, küçə yazılarında Azərbaycan dilinin qaydalarına əməl olunmalıdır. Dövlət dili haqqında qanun var, konstitusiya var, bu, bizim konstitusiya dilimizdir. Bu dilin dövlət dilinə çevrilməsi üçün insanlar həyatlarını veriblər. İnsanlar postlarını veriblər, işgəncələrə, təzyiqlərə məruz qalıblar. Bu, konstitusiyada təkcə bir cümlə ilə yazılmır, bunun realizasiyası var, bunun gerçəkləşdirilməsi var. O da dil daşıyıcılarından asılıdır. Bizdə, çox təəssüf ki, dil daşıyıcılarında, xüsusən iri şəhərlərdə bir az boşluq var. dil ilə ona olan sevgi arasında bir az problem var.

–Söylədiyiniz kimi, rus dilinə sevgi, baxış Azərbaycan dilinin dominantlığına təsir edirmi, sizcə?


– Əlbəttə, eləyir. Çox təəssüf ki, eləyir. Hansı hallarda? Doğrudan, bu gün elə nəsil əmələ gəlib ki, onlar rus dilini bilmirlər. Heç ingilis dilini də bilmirlər. İndi bu adamlar idarələrə, müəssisələrə gedir, o cümlədən, mədəniyyət müəssisələrinə. Onları orada çox hallarda rusca danışan adamlar qarşılayır. Yəni əllinci, altmışıncı illər Sovet dövründən qalma şüurlu adamlarda indiki əxlaqa, düşüncəyə uyğun gəlməyən bir tərz var: əgər sən rus dilini bilmirsənsə, geridəqalmış adamsan. Əlbəttə, bilsə daha yaxşı olar, amma o gəlib dövlət müəssisəsinə, onun dövlət dilində müraciətinə də dövlət dilində cavab verilməlidir. Bu dəqiqə tibb müəssisələrində belə hallara rast gəlirəm, bunlar yolverilməzdir.

Azərbaycan dilinin daşıyıcısında dilə sevgi, dilə məhəbbət, dili işlətmək – bu bir göstəricidir. Bu bir kamillik göstəricisidir. Söhbət burada millətçilikdən getmir. Söhbət dövlət dilinə, ana dilinə olan sevgidən gedir. Hansı bir ingilis, ya italyan, ya fransız öz dilini qoyub, başqa dildə danışır? Sadəcə olaraq dərk eləmək lazımdır ki, bu dövlət varsa, bunun dili Azərbaycan dilidir, Azərbaycan türkcəsidir. Sən bu dildə danışmalısan, yazı-pozu bu dildə olmalıdır, bu dildə yazmaq da, pozmaq da sənə qürur verməlidir. Əgər qürur vermirsə, demək sənin, ümumiyyətlə dövlət duyğun yoxdur, müstəqillik duyğun yoxdur, söhbət bundan gedir.

Image result for Qulu Məhərrəmli

– Sizcə, burada rus dilinin bu qədər yayılmasının arxasında xüsusi bir məqsəd varmı? Məsələn, bu yaxınlarda Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməyə çağırmışdı. Siz də bu fikrə qarşı kəskin mövqe qoymuşdunuz...

– Bəli, çox təəssüf ki, bu tendensiya var Azərbaycanda. Mən bunu son illər xüsusilə hiss edirəm. Özü də bu, sıravi adamların işi deyil. Təəssüf ki, parlamentdə də, hökumətin özündə də Azərbaycanın müstəqilliyinə pul qazanmaq üçün müvəqqəti şans kimi baxanlar var. Bu adamlar, sözün həqiqi mənasında, bu məmləkətin çörəyini yeyən, ona arxa çevirən insanlardır. Bu, doğrudan, xəyanətkarlıqdır. Sən bu ölkənin çörəyini yeyirsən, neftin pulunu basmarlayıb cibinə qoyursan, onun adamlarının haqqını tapdalayırsan, hələ üstəlik də, onun müstəqilliyinə, onun dilinə xor baxırsan. Fikirləşirsən ki, Rusiya gəlib burada səni öz himayəsinə alacaq. Bu düşüncədə olmağın özü qorxuludur. Bəzən bizim millət vəkillərinin bəyanatlarını oxuyanda adam heyrətə gəlir. Bəli, onlar əvvəl dillərini inkar edirdilər, indi də başlayıblar ölkələrini inkar etməyə. Bu cür adamların dövlətdə təmsil olunmağı, hökumətdə vəzifə tutmağa mənəvi haqqı yoxdur. Baxın 18-ci, 29-ci illərdə Azərbaycan parlamentinin materiallarına, professor Şirməmmədov Hüseynov çap edib. Görün, orda necə ciddi diskussiyalar gedir. Azərbaycan ziyalıları Ü. Hacıbəyli, M.Ə.Rəsulzadə görün hansı ruh ilə, hansı coşqu ilə Azərbaycanın müstəqilliyini, Azərbaycanın marağını, mənafeyini müdafiə edirlər? Yəni ola bilməz ki, sən burada oturursan, amma gözün Moskvadadır. Burda oturursan, ürəyin Rusiyadadır. Bəli, biz uzun illər ruslarla eyni mədəni mühitdə olmuşuq, indi də bu əlaqələrin davam etdirilməsi vacibdir, bu ölkələr arasında münasibətlərin normal olmağı yaxşıdır. Amma necə yəni, sən Rusiyanı yenə ağa kimi qəbul edirsən? Ola bilməz, sən 25 ildən çoxdur ki, müstəqil dövlətsən. Sən yenə nökər kimi, kölə kimi düşünürsən. Bu müstəqilliyin verdiyi ən böyük şey müstəqil düşüncədir. Sən bu ölkənin müstəqilliyi ilə qürur duymalısan. Sən düşünməlisən, bu dünyada bu qədər xalqlar var, millətlər var, amma bunun çox azının dövləti var. Sən o dövləti olan millətlərdən birisən, o xalqlardan birisən. Sən içində bu müstəqilliyi necə dəfn edirsən, necə Moskvaya, bir başqa yerə ağa kimi baxırsan?

Aleksey Proxanovun müsahibəsini oxudum. Baxdım ki, şüuraltında Azərbaycanın müstəqilliyini qəbul eləmir. Ermənilərin işğalına haqq qazandırır. Bunlar deyir ki, SSRİ-ni zorlayıblar, onun ərazilərini qopardıblar, xalqlar ayrılıb SSRİ-dən – təxminən işarə belədir ki, bunlar arasında cığırları kol-kos basmayıb, yəni gəlin yenidən birləşə. Bu, illüziyadır, xam xəyaldır. Hər bir azərbaycanlı bu vətəninin müstəqilliyi üçün çalışmalıdır. Bu dövlətin müstəqil olması və özünün müstəqil dövlətin vətəndaşı olması ilə fəxr eləməlidir. Bizdə bu qürur yoxdur. Bu cür nökər, qul, təbəə psixologiyası ilə düşünən adamlar çoxdur Azərbaycanda. Millət vəkillərinin, nazirlərin, ziyalıların, müəllimlərin arasında da bu cür düşünənlər var. Bu müstəqillik üçün insanlar canını verib, bu müstəqilliyin bağları əsrin əvvəllərindən başlayır. Biz təkcə bu günün yox, bu cümhuriyyəti quranların qarşısında məsuliyyət daşıyırıq. Ona görə də mən hesab edirəm ki, bu cür yanaşmalara ictimai təpki olmalıdır, onlar yerlərində oturdulmalıdır. Məncə, bu situasiyanın özü Azərbaycan üçün bir sınaqdır. Çünki satqınlıq, əxlaqsızlıq, çəkingənlik, nökərçilik əvvəl düşüncədə başlayır, sonra fəaliyyətə keçir. Ona görə də bu düşüncənin qarşısını almaq lazımdır. Sovet nostalgiyası ilə yaşayan adamlar var. Amma guya ki, Rusiyada vəziyyət bizdən yaxşıdır? Rusiyanın özünün mətbuatını oxuyursan, heyrətə gəlirsən ki, orada müstəqil düşüncə, ziyalı düşüncəsi, milli rus düşüncəsi necə ayaqlar altına atılır.

Image result for Qulu Məhərrəmli

– Qulu müəllim, bəs dünya xalqlarının Azərbaycan dilinə münasibəti sizi qane edirmi?

– Mən Bakı Dövlət Universitetində dərs deyirəm və görəndə ki, burada Çin mərkəzi var, yapon mütəxəssislər burada Azərbaycan dilini öyrənirlər, bu, mənə çox xoş gəlir. Eləcə də başqa universitetlərdə belə mərkəzlər var. Bizdə dilin qloballaşma şəraitində işlənməsi, Azərbaycan dilçiliyinin inkişafı ilə bağlı məlum dövlət proqramı var. Orada məsələlərdən biri xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün ana dili kursları təşkil etməkdir. Hesab edirəm ki, bunu miqyas etibarı ilə böyüdüb Azərbaycan mərkəzləri, Azərbaycan kursları yaratmaq olar ki, bu Azərbaycana maraq oyatmağın bir formasıdır. Bəzən xaricdə azərbaycanlılar bir-biri ilə danışanda, dilimizə necə maraq göstərildiyini görürəm. Yəni bu dilə maraq var. Doğrudan da, bizim dilimiz dünyanın gözəl, incə dillərindən biridir, bunu danmaq olmaz. Amma dilimiz təbliğ olunmur. Azərbaycan dilinə maraq yaratmaq üçün televiziyaların imkanları çox böyükdür. Telekanallarda xaricdə yaşayan azərbaycanlılar üçün niyə Azərbaycan dili dərsi olmasın? Bəlkə, onun da tamaşaçısı olacaq? Bəlkə, onların kitab oxumaq imkanı yoxdur. Formalardan biri budur və maraqlıdır. Dili canlı eşidəndə hər halda cəlb eləyir. Sovet dövründə Azərbaycan dilinə qayğı bundan min dəfə yaxşı idi.

– Əgər türk dili regionda dominant dilə çevrilərsə, BMT-də altıncı dil olması mümkündürmü?

– Doxsanıncı illərin ortalarında bu məsələ qaldırılmışdı ki, türk dili də BMT-nin dillərindən biri olsun. Türkiyənin bir yüksəliş dövrü vardı. Amma türk dili BMT-nin dili olmaq üçün irəli sürülən şərtlərə cavab vermir hələ. Baxın, bizim gənclərimizin əksəriyyəti harada təhsil alır? Avropada və Türkiyədə. Gənclərimizin çoxu magistratura təhsilini çoxu orda alır, doktora alırlar, elmi işlərini müdafiə edirlər. Türkiyə cəmiyyətinə qovuşurlar, oraya inteqrasiya olurlar. Bu, çox yaxşıdır. Bu baxımdan, bizim üçün tədricən türk dilini bilməyin önəmi var. Çünki elmi iş yazanlar, bəzən yazıçılarımızın əsərləri türk dilinə çevirirlər. Amma biz elə eləməliyik ki, ingilis, italyan, ispan, yunan türk dilini ikinci bir dil, ünsiyyət dili kimi qəbul eləsin. Ona görə bu dilin yaddaşı zənginləşməlidir, bu dil texnoloji sistemlər yaradan bir dil olmalıdır. Orxan Pamuk türk ədəbi dilinə nə qədər maraq yaratdısa, Aziz Sancar "Nobel” mükafatı alanda bir o qədər türk elmi dilinə maraq yaratdı. Düzdür, o ingiliscə işləyir, amma bütün hallarda axı bu, Türkiyənin məhsuludur, Türkiyənin vətəndaşıdır. Ona görə də, bu cür görkəmli şəxsiyyətlərlə beynəlxalq arenaya çıxdıqca və onun arxasında qiymətli bilik, mədəni sərvət, texnologiya, səhiyyə dayananda sənin dilin də o arenaya çıxır. Türkiyədə səhiyyə çox güclüdür. Avropadan gəlib orada müalicə alırlar. Bu artıq bir şansdır, bir platformadır. Tədricən bununla BMT-yə qədər gedib çıxmaq mümkündür. Amma bunun üçün əvvəlcə Avropa Şurasında, regional təşkilatlarda dilinin yayılması iddiasında olmalısan, sənin dilin Avropanın siyasi mərkəzlərindən birinin dili olmalıdır, ondan sonra sən BMT-yə yüksəliş əldə edə bilərsən.

Image result for Qulu Məhərrəmli

Mən siyasətlərlə maraqlandığım üçün deyə bilərəm ki, Türkiyə leksikası, Türkiyə dili siyasi proseslərin təhlili üçün ən uyğun dillərdən biridir. Hesab edirəm ki, rus dili qədər onun da imkanları var. Siyasi prosesləri, tendensiyaları, siyasi təhlilləri, dərin analizləri türk dilində çox gözəl ifadə eləmək olur. Türk dilində siyasi konstruksiyalar çox gözəl oturuşub. Bizim dil də ondan bəhrələnə bilər. Dil dönüşləri, obrazlılıq gözəldir. Söz yaradıcılığı baxımından məlum olur ki, Azərbaycan dili və türk dilinin yaddaşı eynidir. Dialektlərdə gör nə qədər söz var ki, türk ədəbi dilində çox rahatca işlənir. Biz sadəcə işlətməmişik. Bu eyniliklər Azərbaycan və türk dilinin yayılmasına imkan verə bilər.