adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TURİST GƏLİR!!!

FƏRİDƏ RƏHİMLİ
39780 | 2017-07-14 23:35
Müasir dünyamızda turizm istənilən ölkənin milli dəyərlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatına çox böyük həcmdə gəlir gətirən turizm sektoru istər milli mənfəətə, istərsə də ölkənin dünyada tanınmasına ciddi təsir göstərməkdədir.
Bu gün, Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunmasıdır. Respublikamızda iqtisadiyyatın yalnız neft amilindən asılı olmaması üçün tədbirlər görülür. Bu istiqamətdə turizmin inkişafı ayrıca yer tutur. Məlumdur ki, ölkənin turizm potensialının inkişafı təsərrüfatın bütün sahələrinə təsir göstərir və onların inkişafını stimullaşdırır.
Turizm sektorunun inkişafı həm də yeni iş yerlərinin açılması deməkdir. Fransa, Türkiyə, Avstriya, İspaniya və s. ölkələrin gəlirlərinin böyük bir hissəsi turizmdən gəlir. Bizdə niyə də olmasın? Bunun üçün turizm üzrə ixtisaslı kadrlar yetişdirmək lazımdır. 10-15 il əvvəllə müqayisədə bu sektor çox inkişaf edib. Əvvəllər dağ turizmi yox idisə, bu gün artıq müalicə turizmindən tutmuş qış turizminə qədər bütün sahələr var. Turistlərin Azərbaycana axını ölkəmizin gözəl təbiəti, əhəmiyyətli coğrafi quruluşu ilə bərabər, həm də ölkədəki sabitliklə bağlıdır: Bir turist bir ölkəyə səfər edəndə onun tələblərinə cavab verən amillər - qalmağa rahat yer, şəhərin gözəlliyi, yeməklər, qonaqpərvərlik, ölkənin sabitliyi - varsa ikinci dəfə mütləq ora səfər edəcək. Bu gün terrorizm dalğaları nəinki Türkiyə, Avropanın mərkəzinə qədər gedib çıxıb. Azərbaycanda isə şükürlər olsun ki, sabitlikdır. Amma bu bizi arxayınlaşdırmamalıdır. Biz mədəniyyətimizi, mətbəximizi, turizm potensialımızı yüksək səviyyədə dünyaya tanıtmaq üçün həm Avropada, həm Şərqdə çoxlu təbliğat aparmalıyıq. Ölkəmizə gələn turistlərə daha rahat, daha sadə viza əldə etmək üçün şərait yaradılmalıdır. Noyabr ayında BƏƏ-yə bu viza tətbiq olunmağa başladı, bundan əlavə daha 10 körfəz ölkəsi bu siyahıya daxil edildi. Turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün sadələşdirilmiş viza işlərinin icrasına başlanılıb.
Ölkəyə gələn turist müxtəlif xidmətlərdən istifadə etməklə, xüsusilə də, ictimai-iaşə, nəqliyyat, bank sektoru kimi sahələr üçün də əlavə gəlir mənbələri yaratmış olur. İldən-ilə turistlərin sayı çoxaldığından turizm şirkətləri böyük təcrübə qazanır. Ona görə də turistlərin istək və arzularını həyata keçirmək üçün pul xırdalanmasında, taksi xidmətlərinin göstərilməsində narahatlıqlar aradan qaldırılır. Turistləri qəbul etmək üçün müvafiq qurumlar, o cümlədən restoranlar, otellər, nəqliyyat vektorutam yenilənməlidir. Azərbaycanda turizm üçün böyük potensial olsa da, görülməli işlər hələ çoxdur. Bu gün ölkəmizdə otellər şəbəkəsinin yaradılması, istirahət yerlərinin olması, eləcə də yol və infrastruktur problemləri var. Üstəlik, aviabiletlər bahadır. Turizm obyektləri mövsümi işləyir. Ona görə də xidmətlər baha olur. Çünki onlar çalışırlar ki, 2-3 aya illik gəliri götürsünlər. Türkiyədə və digər ölkələrdə istirahət obyektləri həddən artıq ucuz fəaliyyət göstərir. Bunun əvəzində gəlir olur, artıq xərclər olmur. Və obyektlər hər zaman işləyir. Yəni turist bilir ki, yay-qış bu obyektə gələ bilər.
Azərbaycanın turizm sektorunda mövcud problemlər və onların həlli yolları barədə ekspertlərin təklifləri həqiqəti ifadə edir: Ölkə turizminin ən böyük problemlərindən biri səriştəsiz təqdimat, kadr çatışmazlığı, əyani vəsaitlərin azlığı, turizm obyektlərində qiymətlərin baha olması, turizm xidmətlərinin zəif elektronlaşması, turizmin bir istiqamət üzrə cəmləşməsi, dövlət-özəl sektor əlaqələrinin zəifliyidir.g
İnsanlar yeni yerlər kəşf etmək, görmək, tanımaq, yeni təcrübələr qazanmaq, fərqli insanlar, fərqli mühit, fərqli davranış normaları ilə tanış olmaq, öz mədəniyyətlərini inkişaf etdirmək məqsədilə səyahətlərə çıxırlar.
Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti, zəngin yeraltı və yerüstü sərvətləri hər bir tarixi dövr üçün aktual qiymətləndirilmişdir. Əvvəla, Şərqlə Qərb arasında körpü rolunu oynaması, zəngin tranzit potensialına malik olması, geostrateji mövqe Azərbaycanın istər-istəməz mühüm ticarət məkanı, əlçatan ölkə və qovşaq olmasını şərtləndirir. Digər tərəfdən, Azərbaycan Böyük İpək yolu üzərində yerləşən mühüm dayanacaq mərkəzi kimi tanınır. Qədim atəşpərəstlik məbədləri, xüsusilə uzun illər ərzində zərdüştlərin ibadətgahına çevrilmiş Atəşgaha çoxsaylı ziyarətlər Azərbaycanda inanc turizminin əsası hesab olunur. Həmçinin, təbii sərvətlər, "qara qızıl"la zəngin torpaqlar ölkəmizə marağı daha da artırır. Sadalanan amillər hələ qədim dövrlərdən bəri Azərbaycanı səyyah və tüccarlar, müxtəlif təbəqədən olan insanlar üçün cəlbedici olubdur. Sovet dönəmində də Azərbaycan turizm potensialı yetərli respublika olsa da bundan istifadə edilməmişdir. Eyni zamanda, tarixən milli mentalitetimizə xas olan qonaqpərvərlik müəyyən mənada turizmdən faydalanma imkanlarımıza əngəl törətmişdir. Belə ki, milli şüurumuzda əksini tapmış "əvəzsiz xidmət" prinsipi turizmdən mənfəət üçün deyil, gələn qonaqların rifahı naminə istifadəyə yönəlmişdir. Unutmaq olmaz ki, turizm əlverişli biznes növüdür.
Bu dün isə turist xidmətləri, ölkəmizə gələn qonaqlar üçün qiymət tarifi dəqiq müəyyənləşməli, aşağı, yaxud ifrat qiymətləndirmə tətbiq olunmamalıdır. Yəni, bizə turist lazımdır, istər yerli, istərsə də xarici. Bu, həm ölkəmizin daha yaxşı, real şəkildə tanınması, həm də iqtisadi gəlirə yararlı xidmət üçün nəzərdə tutulmalıdır. Turistin ölkəmizdə qarşılaşdığı ab-hava, xoş təəssürat, qonaqpərvərlik, humanistlik isə turizmin davamlı inkişafına imkan yaratmalıdır.
Bir də, dünya gözəlliklərini görmək və bu görüntüdən həzz almaq bütün dünya vətəndaşlarının məxsusi bir haqqıdır. Ölkəmizin turizm tarixinin qədim və kaloritli olmasına baxmayaraq, bu sahənin inkişaf istiqamətlərini, mahiyyət və rolunu özündə əks etdirən mövcud hüquqi baza da təəssüf ki, qənaətbəxş deyildir.

TƏQVİM / ARXİV