adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Iyul 2017 16:17
70810
HÜQUQ
A- A+

Konstitusiya Məhkəməsi banklarla bağlı qərarını açıqladı

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2-ci, 153.2.1-ci və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci, 77-ci və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin "dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.

Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir.

Müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.