adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Iyul 2017 11:19
205785
RUBRİKA
A- A+

Yuxuda Allahı gördüm... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Sahilə İbrahimovadır. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

-Mənim yuxulara çox inandığım vaxtlar olub. İndi yuxuya anomaliya kimi yanaşıram. Mənə elə gəlir normal beyin yuxu görməməlidi, yaxud sahibinə yuxu göstərməməlidi. Tibbi, psixoloji yanaşıram. Beyin müvəqqəti və ya uzunmüddətli zədəli olanda insanlar qarabasmalar görürlər, sanki yuxu da psixi zədələr ucbatından gözə görünən kimi şeydir qənaətinə gəlmişəm. Yuxular qarmaqarışıq və anlamsızdı. Çin çıxan yuxular haqqında danışılır. Bu yuxuların təsadüf nəticəsində düz çıxdığını düşünürəm. Oyanandan sonra heç bir məna daşımayan daha çox mənzərə görürük, məncə. Beynin rasional əsaslarla yaradıldığını düşünürəm. Hər hormon, hər sinir, hər davranış, hər dəyişiklik bir qidanın, bir münasibətin və s. kombinasiyasından yol alaraq formalaşır. Sadəcə tibb bu kombinasiyalarla sona qədər tanış deyil. Froydun nəinki yuxu, digər nəzəriyyələri də bir çox hallarda tənqid edilir, özünü doğrultmur. O, yolun başlanğıcını göstərib, bəlkə də, amma əsas mənzilə çatmaqdı. Froyd həllərin müəllifi deyil.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Yuxularımın olduqca doğru çıxdığı vaxtlar olub. Bir rəfiqəmin həyatındakı ən önəmli hadisələri illər öncə görmüşəm. Seçdiyi sənət, işlədiyi məkan, ailə qurduğu adama qədər. İtirdiyim şeylərin yerini yuxuda görə bilirdim, bəzən. Amma sadaladığım mövzularla bağlı daha dərin düşündüyümdən, rahatsızlıq keçirdiyimdən, beynimin interpretasiyası sayıram gördüklərimi.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Doğmalarımı tez-tez görmürəm. Bir müddət anamla bir yerdə yatırdıq, onda eyni yuxunu ikimiz də görə bilirdik, enerji paylaşımı olurdu, sanki. Sırf bu səbəbdən onunla yatmaq istəmədim hətta.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Olub əvvəllər. İndi buna nə vaxtım, nə də yuxuyozma kitablarına inamım var.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-İnanmıram.


-Həyatınızda gördüyünüz ən yadda qalan və ən gözəl yuxu hansılardır?

-Konkret belə yuxu yadıma gəlmir, açığı. Amma oyanmaq istəmədiyim bəzi yuxularda kimisə bərk çox istəmişəm, adama heyran olmuşam. Bu hiss o qədər rahatladıcı olub ki, oyananda o adamın yoxluğuna təəssüflənmişəm.


- Yunan filosofu Heraklit yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Yuxu həqiqətən bir məkandırsa, xaotik bir məkandır. Dünyanın xaosdan yarandığı nəzəriyyəsini əsas tutsaq, yuxudan daha real dünyamız var. Bu dünya olduqca mürəkkəb siyasi, sosial çətinliklərlə doludur. Mən reallıqla əlləşməyi röya ilə fırlanmaqdan daha vacib hesab edirəm. Edqar Allan Po-nun şeirindəki kimi, gördüyümüz və gördükləri hər şey yuxunun içindəki yuxudursa, mən reallığa daha yaxın röyanı seçirəm.


- Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Cavablarımdan belə nəticə çıxardıram ki, mən yuxusu maraqsız adamam, deyəsən. Dahi incəsənət adamları ilə rastlaşmıram yuxuda. Bir-iki dəfə prezidentlərlə görüşmüşəm röyada. Onun da yozumu yalançı xülya, boş gümandı. Həqiqətlə yaxınlığı var, elə bil. Allahı görmüşəm. Amma qoca kişi şəklində. Bu da dinin beynimə daşıdığı Allah obrazıdı, yanlışdı, sinirlərimin "error”udu.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Mən yaşadığım hər anda həqiqət axtaran biriyəm. Məhz yatanda bunu tapacağıma isə inanmıram. Həqiqəti görmək üçün əksinə, sözün bütün mənalarında gözün açıq olmalıdır, məncə.