adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Iyul 2017 12:41
23097
MƏDƏNİYYƏT
A- A+

Nazirlik: “İşğal bölgəsindəki abidələrin aqibətini öyrənmək mümkün deyil”

Məlumdur ki, YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısı mövcuddur. Bu, Dünya Mirasları Komitəsinin təyin etdiyi və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilən, bütün dünya üçün əhəmiyyətli dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Siyahının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir.

Ümumdünya İrs Siyahısında yer alan Azərbaycan abidələri də var. Məsələn, hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alır.

Digər tərəfdən Azərbaycanın işğala məruz qalan ərazilərində də maddi-mədəniyyət abidələri var.

Məsələn, Azərbaycan və İranı birləşdirən, Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüləri, Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi, Füzulidəki Azıx mağarası və bunun kimi bir neçə abidələrimiz.... Lakin təəssüf ki, hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.

Maraqlıdır, işğal olunmuş ərazilərdə yerləşən və YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınan abidələr varmı? Ümumiyyətlə, həmin abidələrin Azərbaycana məxsus olduğu beynəlxalq aləmdə bilinirmi?

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, işğal olunmuş ərazilərimizdəki abidələrin aqibəti haqqında heç bir məlumat əldə etmək mümkün deyil:

"YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınan Azərbaycan mədəniyyət abidələri bəllidir. İşğal olunmuş rayonlar hər hansı abidə bu siyahıya salınmayıb. Bilirsiniz ki, həmin ərazilər bizimdir, buna görə də mədəniyyət abidələri də bizə məxsusdur. İşğal olunmuş ərazilərdəki mədəniyyət abidələrinin Azərbaycana aid olduğunu istiqamətində, nəinki, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi də müəyyən tədbirlər görür.

Biz dəfələrlə bu məsələni bütün beynəlxalq təşkilatlar qarşısında qoymuşuq və qoyacağıq. Lakin nə qədər ki, torpaqlarımız işğal altındadır, həmin abidələrin vəziyyəti haqqında məlumat əldə etmək imkanımız yoxdur. Torpaqlarımızın, o cümlədən orada yerləşən abidələrin Azərbaycana məxsusluğunu bütün beynəlxalq aləm bilir. Bu sual mövzusu ola bilməz. Bu istiqamətdə nazirlik tərəfindən hər gün mütəmadi işlər görülür”.(modern.az)