adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Iyul 2017 14:45
26614
ƏDƏBİYYAT
A- A+

Kitabları sevmək üçün qızıl məsləhətlər

Ürəyimiz gözəl işləyir

Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır: "Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir”. Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında da önəmli rol oynayır. Kitab oxumaq uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.


Facebooku və ümumilikdə interneti bağlamaq

Oxumağınızın qabağını alan ən mühüm faktordur. Dünyada o Facebookun qırmızı bildirişinin qarşısında duruş gətirə bilən adam çox azdır. Ona görə də telefonun internetini bağlayıb bir kənara qoyun. İndi siz kitabla tək qalmısız…


Çantanıza kitab qoymağı unutmayın

Çantanızda mütləq kitab olsun. Yolda oxuyarsız. Növbədə dayananda oxuyarsız. Kafedə dostunuzu gözləyəndə oxuyarsınız. Kitabla vaxt itirməzsiniz. Bunun üçün müqəddəm şərt çantanızda kitab olmasıdır. Kitabsız çölə çıxmayın, sizə soyuq dəyər. Faniliyin qarı tökülər başınıza.


Mütaliəni əyləncəyə çevirmək

Mütaliəni əyləncə kimi qavrayın. Özünüzə ayırdığınız zaman kimi baxın. Əsla mütaliəni bir iş hesab etməyin. Siz başqalarından geri qalmamaq üçün oxumursuz. Siz özünüz üçün oxuyursuz. Kitab oxumaqla keçirtdiyiniz gözəl dəqiqələri, saatları gününüzün bəzəyi sayın.


Kitabsevərlərlə dost olmaq

Oxudunuz, bəs kimlə müzakirə edəcəksiz? Bəs kimdən məsləhət alacaqsız? Ətrafınızda kitaba mehrini salmış adamların olması vacibdir. Siz onlardan yaxşı məsləhətlər ala bilərsiz. Təbii ki, özünüz də onlara məsləhət verə bilərsiz. Sevdiyin bir kitabı başqasına oxutdurmağın, onu da o kitaba aşiq etməyin necə gözəl hiss olduğunu kitabsevərlər gözəl bilir.


Qəliz yox, oxunaqlı kitab seçmək

Folkner çətindir? Getmir? Oxuya bilmirsiz? Prustun hər cümləsində ilişirsiniz? Qoyun bir kənara. Öz zövqünüzə uyğun kitab seçin. Ya da bir kitabı hamı tərifləyir, baxıb görürsünüz, bayağıdır, amma yenə oxumaq istəyirsiz, boş verin. Oxumayın. Kitab sizi özünə çəkmirsə, onu bir kənara qoymaq ən gözəl yoldur. Və unutmayın ki, dünyada sizin ürəyinizcə olan yüzlərlə kitab var.


Ədəbiyyat nəşrlərini izləmək

Ədəbiyyatla bağlı qəzetləri, jurnalları, müxtəlif internet saytlarını izləmək sizi daha yaxşı oxucu edəcək. Həm oxuduğunuz yazıçılar haqqında yeni şeylər öyrənə, həm də öz zövqünüzə uyğun yeni kitablar haqda məlumat ala bilərsiniz. Sevdiyin yazıçının müxtəlif məsələlər ətrafında münasibətini, həyatının maraqlı anlarını öyrənmək sizi əyləndirəcək və daha yaxşı oxucuya çevirəcək.


Bukinistlərə, kitab mağazalarına tez-tez getmək

Şərt kitab almaq deyil. Şərt kitab aurasına girməkdir. Bəlkə də heç zaman oxumayacağınız kitabları vərəqləməkdir. Yeni kitablar seçməkdir. Ən əsası kitab mühitindən qopmamaqdır. Kitab qoxusuna aludə olmaqdır…


Əlfəcin, bloknot və qələm sevgisi

Özünüzə gözəl əlfəcinlər alın. Bu sizə əlavə zövq verəcək. Hər kitab üçün ayrıca əlfəcin də ala bilərsiniz. Almaq nədir, özünüz də düzəldə bilərsiniz. Qələmlə bəyəndiyiniz cümlələri bloknotunuza yaza və hər kitab üçün bir bloknot ayıra bilərsiniz. Ya da hər yazıçı üçün. Bu sizə əlavə stimul verəcək.



Oxumaq vərdişi ailədə qazanılmalıdır

Psixoloqlar hesab edirlər ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir: "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir”.