adalet.az header logo
  • Bakı 6°C
21 Sentyabr 2018 19:29
30610
ƏDƏBİYYAT
A- A+

Əgər qatil deyilsinizsə, məni öldürün, həkim!

Ədəbiyyatla azdan-çoxdan maraqlananlar onun adını çox eşidib. Onun əksər romanları Azərbaycan dilinə tərcümə edilib. Kafka, haqqında ən çox yazılan və danışılan yazıçılardan biridir. Onun yaradıcılığı qədər həyatı da həmişə maraq doğurub. Yazdığı məktublar kitablar şəklində çap edilib, haqqında film çəkilib.



Kim idi Kafka?

Frans Kafka - alman dilli, yəhudi əsilli yazıçı olmuşdur. Əsas əsərləri roman, roman fraqmentləri (Məhkəmə prosesi, Qəsr və İtkin düşmüşlər), hekayələr və həmçinin Felise Bauer və Milena Yesenska ilə apardığı məktub yazışmalarından ibarətdir.
Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir.

Yəhudi olduğu üçün almanların, almanca danışdığı üçün isə çexlərin qəzəbinə tuş gələn, ata məhəbbətini həyatı boyunca duymayan alman yazıçısı, Avstriya zabiti, Çexoslovakiya vətəndaşı, yəhudi cəfakeşi, yazıçı Frans Kafka. Əsas yaradıcılığı roman, roman fraqmentləri ("Məhkəmə prosesi”, "Qəsr” və "İtkin düşmüşlər”), hekayələrdən, nişanlısı Felise Bauer və jurnalist Milena Yesenska ilə apardığı məktub- yazışmalarından ibarətdir.

Frans Kafka Praqanın keçmiş qetto məhəlləsi olan Yozef rayonunda yəhudi əsilli ailədə anadan olub. Atası Herman Kafka öz atasının yolunu davam etdirib, o, qalanteriya məhsulları üzrə ticarətlə məşğul olan iş adamıydı. Anası varlı pivə istehsalçısının qızı, yüksək təhsilli Yuliya Kafka idi.


Atasını sevməyən oğul

Oğlu ilə kobud rəftar edən ata, Fransı uşaqlıqda, gənclikdə və tələbəlik illərində öz istəklərinə görə idarə edirdi. Bu səbəbdən də Kafka atasını sevmir, onunla yaxşı ata-oğul münasibəti qura bilmirdi. O, atasının pis rəftarı ucbatından özünü "bir heç" hesab edirdi. Artıq uşaqlıq illərini geridə qoysa da bu psixoloji sarsıntı onda özünə inamın yaranmasına imkan vermirdi.

Əslində Kafka heç də atasından qorxmurdu, ancaq buna baxmayaraq o, həmişə atası ilə məsafəli dolanır, onunla düşmən xəttində dayanırdı. Kafka bir çox əsərlərində atasını güclü, möhkəm və birtərəfli şəxs kimi təsvir edir. "Çevrilmə", "Hökm" əsərlərində atasının yeri aydın görünür. Kafka ömrünün sonuna yaxın atası haqqında olan bütün fikirlərini "Atama məktub"da bədii şəkildə yazır, ancaq məktubu atasına göndərmir. Məktubda o, atasına onun üzərində həmişə hökmranlıq elədiyini, onun istək və arzularını nəzərə almadığını, mənəvi cəhətdən həmişə istismar olunduğunu qeyd edir. Bəlkə də elə buna görə Kafkanın əsərlərində özünü tənqid və ata münasibəti əsas rol oynayıb.


Frans Kafka hələ uşaq yaşlarında ölümün bir neçə dəfə qapılarını döydüyünün şahidi olur. Qardaşları Georq və Haynri vəfat edir. Üç bacının tək qardaşı qalır. İkinci dünya müharibəsində isə bacılarının hər üçü Elli, Valli, Ottla alman faşistləri tərəfindən həbs düşərgəsində öldürülür. Kafka bəlkə elə buna görə də həmişə ölümü qurtuluş hesab etdiyini deyir.

O təhsilini atasının arzusu ilə "Alman uşaq məktəbi"ndə, daha sonra humanitar gimnaziyada davam etdirir. 1901-1906-cı illərdə isə yenə də atasının istəyi ilə universitetə daxil olur, təhsilini hüquq üzrə başa vurur.


Kafkanın "çörək peşəsi”

Sığorta şirkətlərində işləyən Kafka öz işini sadəcə olaraq "çörək peşəsi" adlandırırdı. Gənc Kafka işlədiyi şirkətlərdə hüququnun bərpasına görə ona müraciət edənlərlə həmrəy olduğunu göstərmək üçün onlarla birgə etiraz nümayişlərinə çıxır və bu zaman yaxasına qırmızı qərənfil taxırdı.

"Maşınqayırma texnologiyası" zavodunda işləyəndə isə daxili narahatlıq onu yorurdu. O, sevgilisinə yazdığı məktublarının birində gileyini belə qələmə alır: "İşimə görə o qədər narazılıq etmirəm. Ancaq büroda oturmaq, saata tez-tez baxıb vaxtın keçməsini gözləmək məni bezdirir".Büroda oturmaq, tez-tez saata baxıb vaxtın keçməsini gözləmək, sonuncu iş dəqiqəsinin "həvəs üçün sıçrayış" olması Kafkanı büro işində sıxan amillər idi. Milenaya məktublarının birində o yazır:" Mənim xidmətim gülməli şəkildə asandır...mən bilmirəm nəyə görə pul alıram".O, birinci dünya müharibəsi ərəfəsində Praqada ağır yaralıların reabilitasiya olunmasının yollarını öyrənir. Buna görə də arxa cəbhədə saxlanılır, müharibəyə aparılmır. Öz sağlamlığı ilə fikir verməyən Kafka xəstələnir. İşlədiyi şirkətdən təqaüdə çıxmaq istəsə də yalnız 5 il sonra buna nail olur.



Yarımçıq qalmış sevgi münasibətləri

Kafkanın qadınlara münasibətinin formalaşmasında onun ilk sevgilisi Felise Bauerun rolu olub. Kafka onunla iki dəfə nişanlanır. Amma heç birində bu münasibət nikahla nəticələnmir. 1913-cü ilin avqustunda Felise ilə tanış olan Kafka ona yazdığı 300-ə yaxın məktubda özünə inamsızlığı ilə mübarizəsindən, sevginin müqəddəs bir dəyər olmasından və beynində yazmaq qorxusunu hələ də məhv edə bilməməsindən bəhs edir. Ancaq bu məktubların iki fərqli düşüncəli insanı birləşdirməyə gücü çatmır. Ölümündən illər keçəndən sonra isə bu məktublar kitab şəklində çap olunur. Nişanlandığı digər qadın isə Yuliya Voriçekdir. Özünün dediyi kimi bu qadınların biri onun vərəm xəstəliyinə tutulmasına, digəri isə atasına olan düşmən münasibətinin daha da güclənməsinə səbəb olur. Çünkü elə atasının etirazı səbəbindən o, ikinci nişanlısından da ayrılmalı olur.

Onun həyatında ən ciddi dönüş isə jurnalist və publisist Milena Yesenska ilə tanışlıqdan sonraya təsadüf edir. Əvvəl dostluqla başlayan münasibət daha sonra ehtiraslı bir sevgiyə çevrilir. Kafka Milenaya yazdığı məktublarda onu vəsf edir, ona duyduğu sevginin qəlbinin dərinliklərindən gəldiyini yazır. Ancaq bu sevginin də ömrü elə məktublarda öz sonunu tapır. Buna Milenanın evli bir qadın olması səbəb olur. Bu münasibətin Kafkaya necə dərin yaralar vurduğunu onun "Milenaya məktublar" əsərini oxuyarkən duymaq olar. Kafka yalnız ömrünün son aylarında uşaq bağçası müəlliməsi Dora Diyamant ilə qısa müddətli olsa da dolğun münasibət qura bilir.


Yaradıcılığı

Sağlığında sadəcə, bir neçə hekayəsi işıq üzü görmüşdü. Çap olunan qısa hekayələri onu məşhurlaşdırmasa da romanları əks-səda doğura bildi. Kafka öz yazdıqları əsərlərində dilin gücündən geniş istifadə edib. O, hüquq və təbiət elmlərini də yaxşı bilirdi . Kafkanın əsərlərində pessimist notlar az deyil. Bəlkə də onun ruhundan əsərlərinə keçən pessimistlik onları gizlətməyinə və məhv olunma arzusuna səbəb olmuşdu. O, ölümqabağı ən yaxın dostu Maks Broddan bütün əsərlərinin yandırılmasını xahiş etmişdi. Kafkanın ölümündən sonra tapılmış bir məktubda o, yazır: "Mənim yazdıqlarım arasında "Hökm”, "Çevrilmə”, "Cəza koloniyası”, "Kənd həkimi” və "Ac sənətçi” çap olunub. Mən heç kimə zəhmət vermək istəmirəm, onların yeni nəşri olmamalıdır". Bununla yanaşı o əsərləri kimin həvəsi olsa, çap etdirə bilər” də yazmışdı. Ola bilsin ki, dostu Maks Brod elə buna görə yazıçının onlarla əsərini vəsiyyətinin əksinə olaraq çap etdirir.



Nabokovun fikrincə Kafkanın yaradıcılığına fransız yazıçısı Flaubertin böyük təsir göstərmişdir. Kafka da öz yazılış stilində dilin gücündən geniş istifadə etmişdir. "O hüquq və təbiət elmləri sahəsində malik oduğu söz ehtiyatından geniş istifadə edərək onlara ironik dəqiqlik vermiş və eyni zamanda öz hisslərini qabarıq şəkildə göstərməmişdir. Eyni stilə Falubertin əsərlərində də rast gəlinir" (Nabokov, Die Kunst des Lesens, Fischer TB, S. 320).
Yaşadığı dövrdə Kafka yazıçı kimi tanınmamışdır. Əgər o yazdıqları mətnləri gizlətmək yox, açıq çap etdirsəydi bunun başqa cür olması sual altındadır. Kafkanın öz yazdıqları əsərlərinə qarşə skepsisi o dərəcədə olmuşdur ki, o ölüm qabağı onun bütün əsərlərinin məhv edilməsini vəsiyyət etmişdir. Kafkanın ölümündən sonra tapılmış məktubda yazılmışdır [2]: Hər şeydən əvvəl mənim yazdıqlarım arasında əsas olanlar Hökm, Çevrilmə, Cəza koloniyası, Kənd həkimi və Ac sənətçi sayılırlar (Baxış kitabının bir neçə nüsxəsi qala bilər, mən heç kimə zəhmət vermək istəmirəm, amma yeni nəşri olmamalıdır). Əgər mən deyirəmsə o 5 kitab və hekayə qalmalıdır, bu odemək deyil ki, mənim arzum var onlar yenidən çap olsun, əksinə, onlar itsələr mənim arzum həyata keçmiş olar. Mən, əgər onlar artıq mövcuddurlarsa, heç kimə onlara sahib olmağa mane olmaq istəmirəm, əgər onların həvəsləri varsa."
Kafkanın ölümündən sonra dostu Maks Brod onun əsərlərini onun vəsiyyətinin əksinə olaraq çap etdirir.

1945-ci ildə Kafkanın əsərlərinin araşdırılmaıs üzrə böyük həvəs hər tərəfi başına götürdüyündən, kitabxanalar bu sahədə yazılan kitablarla doldu. Bu onunla bağlı idi ki, onun mətnləri açıq eyni zamanda kip bir formaya malik idi, başqa sözlə onlar dil, hadisələrin təsviri, reallıq və nisbətən kiçik həcmə malik olmaları sayəsində bir tərəfdən asan başa düşülən, digər tərəfədən onun məna dərinliyi aydın görünsə də onu dərinliyinə qədər hiss etmək hər kəsə nəsib olmurdu. Albert Kamus yazırdı: " Bu bir taledir və yəqin həm də onun Böyüklüyüdür ki, o çox imkanlar açır amma heç birini təsdiq etmir."
Kafkanın yaradıcılığının araşdıran müxtəlif tədqiqatçılar aşağıdakı istiqamətləri göstərirlər: psixoloji, filoloji, bioqrafik, dini və sosiloji. Kafkanın əsərlərini interpretasiya etdikdə ona yəhudi dinin təsiri Qerşom Şolem tərəfindən aparılan tədqiqatlarda araşdırlır və onun daha çox yəhudi ədəbiyyatçısı olması vurğulanır. Bu açıqlamaya münasibət Karl Qrötçinqerin yazdığı "Kafka və Kabbala. Kafkanın əsərlərində və düşncəsində yəhudilik. Berlin-Wien 2003," kitabında geniş mənada verilir. Onun tədqiqatları Kafkanın əsərlərində yəhudi dininin mədəni köklərinin dərin iz salmasını göstərilir. Bunsuz onun əsərləri adekvat başa düşülə bilməz. Bir çox müasir müəlliflər tərəfindən bu fikir qəbul edilməsə də artıq Qröçiqerin fikri bütün dünyada qəbul edilmişdir.


8 saata "Hökm”

1912-ci il sentyabrın 22-dən 23-nə keçən gecə səkkiz saat ərzində o "Hökm” hekayəsini qələmə almışdı. Kafka ədəbiyyatşünaslıqda mövzu və stilistik baxımdan özünü bu hekayəsi ilə tapa bilir. "Hökm” Kafkanın özünə də ciddi təsir etmişdi. Oğulun evlənməsi fonunda ata-oğul konfliktini təsvir edən Kafka əslində öz atası ilə münasibətilərini bədiiləşdirmişdi.

"Hökm" əsərini yazdıqdan sonra Kafkanın həyatında baş verən əsas dəyişiklər ondan ibarət idi ki, o getdikcə normal həyatda çox şeyləri öz bədii yaradıcılığına qurban verir. Bu haqqda o öz gündəliklərində kifayət qədər material verir.
Yazmaq onun üçün nə qədər çətin olduğunu onun gündəliyində yazdığı aşağıdakı sözlərdən görmək olur:" Demək olar ki, hər bir söz, hansını mən yazıram, başqasına uyğun gəlmir, mən eşidirəm ki, necə samitlər bir-birinə qarışırlar və saitlər sərgi neqrləri kimi oxuyurlar. Mənim tərəddüdüm hər bir söz ətrafında dövrə vurur, mən onları sözlərdən çox görürəm, amma nə olsun! Mən sözü görmürəm, onu ixtira edirəm."



Hörümçək Kafka

Onun yaradıcılığında mühüm yer tutan digər hekayə "Çevrilmə"dir. Fantastik üslubdan istifadə edən yazıçı qəhrəmanı Qreqoru bir həşərata çevirir. Onu ailə sevgisindən məhrum edir. Və sonda nifrət qazanan Qreqor Zamza ölür və ölümü ilə təzyiqlərdən azad olur. Kafka bu hekayədə oxucusunu intizarda qoyur. O, sadəcə, təsvir edir. Onun taleyindən xəbərdar olan oxucusu hekayəni oxuduqca burada da özünü cılız, bir heç kimi hiss edən oğul Zamzanın taleyi fonunda yazıçının özünü görə bilər. Əvvəl də qeyd etdiyim kimi, həm "Atama məktub"da, həm də "Milenaya məktublar"da bu ağır ata-oğul münasibətinin Fransın yaradıcılığında çox geniş yer almasının şahidi oluruq.


Hələ sağ ikən çap olunmuşdu

Kafka sağ ikən "Kefli ilə söhbət”, "Hökm”, "İtkin düşümüşlər" romanının birinci hissəsi, "Çevrilmə”, "Qanun qarşısında”, "Proses"in bir hissəsi, "Qətl”, "Kənd həkimi”, "Cəza” koloniyasında”, "Ac sənətçi” adlı yaradıcılıq məhsullarını çap etdirir. Qalan əsərlərini isə Maks Brod ölümündən sonra işıq üzünə çıxarır. Əsərləri sağlığında çap edildiyindən bu gün də Fransın əsərlərini məhv etmək barədə vəsiyyətini yalan adlandıranlar çoxdur.


Əgər qatil deyilsinizsə, məni öldürün, həkim!

1917-ci ilin avqustunda Kafka bir gecə qanaxmaya məruz qalır. Həkimlər ona vərəm xəstəliyi diaqnozu qoyurlar. Bu xəstəlik o vaxtlar müalicə oluna bilmirdi. Müalicə nəticəsində əvvəldə simptomlar yaxşılaşır, amma sonralar uzun müddətli kurort müalicələrinə baxmayaraq getdikcə daha da pisləşir. 1923-1924-cü illərdə Berlində olduğu müddətdə xəstəlik onun qırtlaq nahiyəsini əhatə edir və bunun nəticəsində Kafka tədricən danışıq qabiliyyətini itirir və yaranan ağrılar hətta yemək və içki qəbul etməyi belə çətinləşdirir. 1924-cü ildə Vinervald sanatoriyasında müalicə olunduğu zaman ailə dostu Dr. Huqo Krauz tərəfindən onun xəstəliyinə bir mənalı olaraq "qırtlaq vərəmi" diaqnozu qoyulur. Kafkanın getdikcə pisləşən durumu onun üzərində əməliyyat aparmağa imkan verməmişdir. Frans Kafka Kirling sanatoriyasına gedərək 3 iyun 1924-cü ildə orada vəfat edir. Rəsmi olaraq ölüm səbəbi kimi ürək dayanması göstərilmişdir.

Həyatı boyu ölümə tez çatmağı arzulayan Frans Kafka onu müalicə edən həkiminə "əgər qatil deyilsinizsə, məni öldürün!" deyir.