adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyul 2017 12:08
27963
ƏDƏBİYYAT
A- A+

ZƏHRA HAQQI OYATDI

Məsum, körpə Zəhra balamız faciəli ölümü ilə sinəmizə dağ çəksə də, nəhayət erməni faşizminin xislətini açıb bir daha göstərdi, haqqı, ədaləti, susan vicdanları oyada bildi, lal olan dilləri açdı, dərdimizi, həm də məqsədimizi bəşəriyyətə anlatdı. O, Haqqa qovuşmaqla, haqqı silkələyib oyatdı.






Dünya ona sehrli,

Şirin yuxu nağıldı.

Ancaq bu sirli dünya

Bir andaca dağıldı.

Nakam, körpə ruhları

O, köməyə çağırdı

Haqq istədi Tanrıdan

Səsin səslərə qatdı,

Zəhra haqqı oyatdı!


Ölümü yuxu bilib

Uyudu fidan balam

Yatdı gözündə həsrət

Sinəsində qan balam.

Mələk sifətli körpəm,

Ölməz, qəhrəman balam

Güllələrə "sus!” deyib

Ədalətə can atdı,

Zəhra haqqı oyatdı!


Ona dəyən qəlpələr

Qəlbimizə köz salıb.

Balam mələk donunda

Şəhidliyə ucalıb.

Sanmasın yağı düşmən

Bu körpədən can alıb.

Ölən haqqa qovuşdu,

Öldürən qana batdı

Zəhra haqqı oyatdı!


Ölümüylə cəlladın

Xislətini açdı o.

Ədalətsiz dünyadan

Baş götürüb qaçdı o.

Həqiqətin yoluna

Günəş kimi saçdı o.

Gözlərində nur, ümid

Sakit uyudu, yatdı

Zəhra haqqı oyatdı!


Allah dözməz bu dərdə.

Haqqa şərik olacaq.

Vətən azğın düşməndən

Qisasını alacaq.

Bizə körpə balamdan

Bir xatirə qalacaq

O da düşmənə nifrət,

Gələcək, xoş həyatdı

Zəhra haqqı oyatdı!


Çəməndə oyuncağı

Gəlinciyi əlində

Köynəyində muncuğu

Qırmızı bant telində.

O, Haqq ilə danışdı

Bir anlıq öz dilində

Bu məsum qızcığazın

Səsi Tanrıya çatdı

Zəhra haqqı oyatdı.


Dünya duysun səsimi,

Məni dinləsin bəşər!

Ölümə məhkum olsun

Qoy xəyanət, fitnə-şər.

Yoxsa bu qətllərdən

Hər bir kəsə pay düşər.

Bu acı həqiqəti

Körpə Zəhra da daddı,

Ancaq o haqq səsiylə

Böyük haqqı oyatdı.


Tahir RZA

Millət vəkili