adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Iyul 2017 09:54
16114
ƏDƏBİYYAT
A- A+

KENTAVR

Müzahim İSMAYILZADƏ
Uzun dəhlizin ortadakı üç pəncərəsindən içəri düşən Günəşin tünd sapsarı rəngi az bir ərazini işıqlandırsa da, qalan tərəflərə kölgə salır, qaranlıqdan işığa, işıqdan qaranlığa düşənlərin gözlərini qamaşdırırdı. Elmlər Akademiyasının Karl Marksın heykəlinin yanı adlanan bölməsində ölü bir sükut vardı, hamı otağındakı stula çəkilib oturmuşdu. Dəhlizlə gəzən adamın ayaq səsləri otaqlarda da əks-səda verirdi, gedənin kişi, ya qadın olduğunu ayırd eləmək olurdu.
Qapı açıldı və örtüldü, ancaq parket döşəmə taqqıldamadı, təkcə "Genetik araşdırma və təcrübə" şöbəsindəki iki qadın - aparıcı mütəxəssis Elmira xanım və laborant Mahiyyə Sarıyeva dəqiq bildilər ki, otaq yoldaşları, biologiya elmləri namizədi, səksən dörd yaşını ötən ay qeyd edən Xansuvar müəllim "Bayatılar və laylalar" kitabını stolun üstünə atıb eynəyini çıxartdı və tələsik otaqdan çıxdı. Açığı, qadınlar onun duruşuna və gedişinə birtəhər - təəccüblə baxdılar, sonra da gözlərini bir-birinə dikib başlarını buladılar.
- Bu kişini görəndə adam çox yaşamaq istəmir. - Mahiyyə yazıb qurtardığı vərəqi qovluğun içinə qoydu.
- Yaşamaq gözəl şeydir. Heç bir o qədər yaşayacağıqmı?
- Beləmi, ay Elmira xanım? Heç belə yaşamaq istəmirəm.
- Bunu gərək uşaqları qoymasın işə gəlməyə. Day Xansuvar müəllimin evdə oturası, qulluq görəsi vaxtıdı. Yəqin evdə işlər ürəyincə döy.
- O dəfə siz beynəlxalq konfransda olanda burdan evə zəng çaldı ki, gəlir. Bir saat yarımdan sonra oğlu zəng elədi ki, atam işdə yoxdur? Dedim, zəng edən kimi çıxdı. Dedi ki, evə gəlib çıxmayıb. Görən harda olar? Dedim ki, vallah, onu deyəmmərəm, hər halda çıxın evin ətrafına, dayanacağa-zada baxın. Nəsə, səhər işə gəlmişdi, soruşdum ki, ay Xansuvar müəllim, dünən evdən zəng vurmuşdular, evə getməmişdin, onlar da narahat olmuşdular, biz də. Hardaydın? Deyir ki, "Topaz"daydım.
- "Topaz"da nə işi varmış?
- "Topaz" nədi, ay Elmira xanım, gedib qonşu binada ayrı qapını döyüb, onlar da təsadüfən kişini tanıyırlarmış, uşağa qoşublar aparıb evə.
Qonşuluqdakı seleksiyaçılar Xansuvar müəllimin işə şəpşəpilərlə gəldiyini də müzakirə mövzusuna çevirirdilər, özü də şəpşəpilərdən biri kişinin, biri qadının olub.
- Taykeşirik geyib, ey! Heç fikir verməyib. Yəni ağlı o qədər kəsmir.
- Evdə gəlini var, niyə qalxıb yola salmır, üst-başına baxmır?
- Adam ömründə iki dəfə uşaq olur, bir uşaqlıqda, bir də qocalıqda. Qocalıqda lap betər olurmuş ki?
Analiz şöbəsinin işçilərindən Bəhlul müəllim bir səhər işə gələndə baxıb görür ki, Xansuvar müəllimin əynində yüngül ev şalvarı var. Kostyum, qalstuk və pijama. Qapının ağzında - qeydiyyat kitabçasında imza atdırıb kişini maşın ilə evinə aparır, tapşırır ki, səhərlər işə gedəndə kişinin üst-başına nəzarət etsinlər.
Bu söhbətlər otaq-otaq gəzib-dolaşır, şöbə müdirlərinin diqqətinə çatdırılır, onlar da öz növbələrində institutun direktor müavini Həmzəli Həzrətova böyük həvəslə məruzə edirdilər və Həmzəli müəllim də eşitdiklərini pittə-pittə Əvəzxan müəllimin ovcuna qoyurdu. Gülüşmələr, qımışmalar direktorun otağını bəzəyir, söhbət uzanırdı. Əvəzxan müəllim rahatlıqla keçmişə üz tutur, Xansuvar müəllimin gördüyü işləri bir-bir yada salır, onu "elə-belə" alim adlandırmırdı. Həmzəli isə imkan tapan kimi onun taleyini necə həll etməyi soruşur və eyni cavab alırdı.
- Qoy görək hələ. Gəlib-gedir. Kimə nə ziyanı var?
- İş görmə faizi demək olar ki, sıfırdı.
- Nolasıdı. Burda çoxlarının faizi o qədərdi. Xansuvar toya getməlidi.
Həmzəli direktorun saqqızını oğurlaya bilmirdi. Onun məqsədi bu idi ki, universitetdə oxuyan qızını qiyabiyə keçirdib ora işə düzəltsin. Bir dəfə Əvəzxan müəllimə bu barədə söz sızdırmışdı, o da demişdi ki, hələ yer yoxdu, boşalanda baxarıq. Yer boşalmırdı və o boyda institutda onun göz dikdiyi yer Xansuvar müəllimin yeriydi. Elə ki, növbəti dəfə direktorun otağından əliboş çıxdı, dəhlizdə şöbənin işçiləri ilə söhbəti Xansuvarın üstünə gətirir, öyrənmək istəyirdi ki, görsün təzə nə var, nə yox. Həmzəli onu bilirdi ki, direktora qalsa, Xansuvarı bircə dəqiqəyə institutdan yox eləyər, qorxu yeri vardı, vaxtilə Xansuvar müəllim indi böyüklərdən sayılan alimlə birlikdə işləmiş, təcrübələr aparmış, elmi məqalələr yazmışdılar. Aralarından su keçmirdi. İndi Əvəzxan müəllim çəkinirdi ki, Xansuvarı işdən çıxarar, ya xətrinə dəyər, o saat özünü yetirər böyük alimin yanına. Ona nə var? Ağlına gələni danışacaq. Havayı yerdən zibilə düşəcək. Bu ona lazımdı? Qoy nə
qədər bacarır, işləsin, ta o vaxta kimi ki, özü ərizəsini yazıb gətirəcək, ya da...
Azərbaycan nağıllarını oxuyub başa vurandan sonra - əgər buna oxumaq demək olardısa, Xansuvar müəllim bir nağılı başlayıb iki səhifə oxuyandan sonra arada mürgü payını da alıb nağılı davam etdirmək istəyəndə baxırdı ki, bu nağılın səhifələri çoxdu, çevirib ayrısına keçirdi - otaq yoldaşlarına şikayət elədi ki, nağıllar çox uzundu, oxuyub başa çatdırmaq olmur, heç adamın yadında da qalmır, odur ki, daha bayatılara keçəcək. Bu, onun öz kəşfi deyildi, yəqin ki, söhbət əsnasında hansısa itoynadan ona belə məsləhət görmüşdü.
- Niyə, ay Xansuvar müəllim - deyirdi Elmira xanım - o qədər xırda nağıllar var ki. Mən nəvəmə almışam. "Tülkü və Şir", "Dovşan və Ayı". Həm iri hərflərnən yazırlar, həm çoxlu şəkilləri var, həm də bapbalacadı. İstəsəniz, gətirə bilərəm.
Xansuvar müəllim istəmədi və "Azərbaycan bayatıları və laylaları" kitabı stolunun üstündə peyda oldu, özü də köhnə əlifbaynan. Kişinin ürəyi belə istəyir, kim nə deyəsidi. Kitabdan bir neçə bayatını höccələyib oxuyandan və taxıl haqqında bayatının qafiyələrini axtarmaq istəyəndən azca sonra hava kişinin bağırsaqlarında dolanıb çıxış üçün yer axtardı, tapdı da, yaxşı ki, o sürətlə hərəkət edən havanın səsi elə də hündürdən çıxmadı, hər halda Elmira xanım və Mahiyyə Sarıyeva heyrətdən baxışlarını ona tərəf yönləndirmədilər, heç gülmədilər də, ancaq alim pis qoxunun otağın havasını ağırlaşdırdığını hiss etdi. Bu nəymiş ki? Bir azdan bağırsaqları quruldadı, bu qurultu səs çıxartdı və Xansuvar müəllimin qarnına elə bir sancı saldı ki, kişi bu yaşında anasını çağırmağa məcbur oldu. Qarnı ağrıyırdı və təcili özünü ayaqyoluna yetirməli, özünü rahatlayıb oturmalı idi. Özü də çox. Bilirdi ki, qarnı ağrıyanda yarım saata qədər çömbəlmə oturmalıdı. Burda da insafsızlar bir unitaz nədi, alıb qoymurlar ki, adam kimi çölə çıxa, mədə-bağırsağını boşalda. Ayaqyoluna az, lap az qalırdı, ancaq Xansuvar müəllim özünü sıxıb addımlarını yanpörtü atmağa başladı, elə dəhlizdə şalvarının kəmərini, düymələri açdı, şalvar belindən aşağı düşdü. Elə bil hər şey buna bənd imiş, dalğa deyəsən geri çəkildi, kişi rahatlıqla nəfəs aldı, şalvarı çıxarıb ayaqyolunun qapısının başına keçirdi və yan-yana üç boş yerin birinə keçdi. Allahı köməyə çağırmasaydı, şalvar-tuman, corab, ayaqqabı nə gündə olacaqdı? İndi isə elə bil qurbağanın gölünə daş atdın, içəridən heç nə çıxmırdı. Arada ayağa qalxıb dayandı, küt sancı içini ağrıtsa da, heç nə yox idi. Keçən dəfə evdə belə hala düşmüşdü və onda uşaqlar ona qarınağrısı dərmanı verdilər, içəndən sonra sakitləşdi. Ağrı onu o qədər
incidirdi ki, şalvarı əynindən niyə çıxartdığını və qapının üstünə keçirdiyini fərqinə varmadı.
- Səni görüm zəhrimara qalasan! - Xansuvar müəllim əsəbiləşib təzədən aşağı oturdu.
O gün xadimə Bəsti işə günorta gəlmişdi, qızı doğum evində ekiz uşaq dünyaya gətirdiyindən Bəsti səhər tezdən işə gəlməyə icazə almışdı. O, adətən işçilər işə gələnə qədər bütün mərtəbəni tərtəmiz edirdi. İşçilər çox zaman onun üzünü görməsələr də, təmizliyindən razı idilər. Bu gün günorta təmizlik işlərinə başlamağı akademiyanın işinə qarışıqlıq salmışdı. Günah Əvəzxan müəllimdə idi. Bu qadın bir gün dəhlizləri, otaqları silib-süpürməsə, nə olasıydı? İt ilində bir dəfə ağız açır, icazə istəyir. Qadınları ancaq qadınlar başa düşər. Zahı qadına min dənə kömək lazımdı, denən ki, bu gün gəlmə, get işinlə məşğul ol. Hər nəsə, Bəsti utana-utana, bəzi əməkdaşlardan üzr istəyə-istəyə otaqları təmizlədi. Döşəmə əskisi o qədər yuyulub sıxılmışdı ki, daha atılası olmuşdu və Bəsti elə də elədi, əksini zibil vedrəsinə atdı, evdən bir şey tapıb sabah gətirəcəkdi, ancaq qadınlar üçün ayaqyoluna gələndə (akademiyada ayaqyolular tək mərtəbələrdə kişilər, cüt mərtəbələrdə isə qadınlar üçün işləyirdi və dördüncü mərtəbədə Bəsti süpürgə-vedrəsini, əskisini, köhnə şkafda saxlayırdı) qapıdan sallanan şalvarı görəndə əvvəlcə təəccübləndi, sonra şalvarı o üz-bu üzə çevirib baxdı. Şalvar əzik-üzük idi və ağlına belə gətirmədi ki, bunu hansısa əməkdaş əynindən çıxarıb asar. Balağından tutub şalvarı aşağı çəkdi, bürmələyib vedrənin içinə atdı və akt zalını silməyə getdi, yaxın günlərdə burda taxılçılığın və üzümçülüyün inkişafına dair beynəlxalq elmi konfrans keçiriləcəkdi, Əvəzxan müəllimin dönə-dönə tapşırığı zalı tərtəmiz etmək olmuşdu. Həngamə də şalvarı əskiyə döndərib vedrədəki suya salandan və ucu yeyilmiş "T" hərfinə oxşayan ağaca keçirib zalda döşəməni siləndən sonra başladı. Xansuvar müəllim işini görüb qurtarmış, nisbətən rahatlaşmışdı, qara tumanını yuxarı çəkib qapıdan asdığı şalvarı geyinmək üçün kabinədən çıxdı və iki qadını görəndə əti ürpəşdi. Yazıq qızlar kişini yarıçılpaq görəndə elə qorxdular və qışqırıq çıxartdılar ki, bütün institutun işçiləri qorxacaq oldular, iş-güclərini atıb otaqdan dəhlizə çıxdılar, qızların hürkərək qaçdıqlarına əvvəlcə tamaşa etdilər, sonra soruşdular ki, nə hadisə baş verib. Qızlar otaqlarına girib yerlərində oturdular, qarşılarındakı kitablardan birini götürüb həyəcandan qızarmış sifətlərinə yellədilər. Dəstə adamlar "Analiz" şöbəsinin qarşısında toplandı.
- Nə olub?
- Orda, orda...
- Hə, orda nə olub?
- Adam var.
- Olsun da! Adamnan da belə qorxarlar? Şəkərə tutularsınız, ey!
- Kişi vardı, kişi.
- Aaz, kişi olanda nə olar? Kişi görməmisiniz?
- Yarıçılpaq idi. Kentavra oxşayırdı.
Qadınların gözü ayaqyoluna dikəlsə də, biri cürət eləyib içəri keçmirdi.
- Ay Bəhlul, - Elmira xanım azsaylı kişilərdən gözə dəyən Bəhlula üz tutdu - keç içəri, gör nə məsələdi.
- Bura qadınların yeri döymü?
- Ə, olanda nə olar? Görürsən ki, kişi girib içəriyə.
Bəhlul içəriyə yaxınlaşsa da, tərəddüd içindəydi, kentavr adı içinə qorxu salmışdı. Ola bilərdi ki, hansısa vəhşi heyvan başqa planetdən uçub gəlsin. Ancaq ona ehtiyac olmadı, qapı içəridən açıldı və Xansuvar müəllimin yarıçılpaq silueti göründü. Bir an hamı sükutla səksən dörd yaşlı iş yoldaşları Xansuvar Şahsuvarovu başdan-ayağa süzdü, sonra Bəhlul özünü ona yetirdi.
- Xansuvar müəllim! Xansuvar müəllim!
- Ayə, mənim o ağlar qalmış şalvarım hardadı? Onu görən olmayıb ki? Burya, qapının başına keçirmişdim.
- İçəri keç, Xansuvar müəllim, ayıbdı, camaat, qadınlar görürlər.
- Keçərəm. Gör şalvarı kim götürüb.
Bəhlul onu qucaqlayıb açıq bədənini örtmək istəyirdi, gördü ki, mümkün deyil, onun kostyumunu zorla əynindən dartıb çıxardı, şal kimi belinə bükdü.
- İçəri keç, indi taparıq! - Sonra ona tamaşa edənlərə açıqlandı. - Nə gözünüzü zilləyib baxırsınız? İş-gücünüz yoxdumu?
Kişini içəri salıb qapını örtdü, ancaq hələ dəhlizdə dayanıb nə olacağını gözləyənlər vardı və onların söhbəti getdikcə şirinləşirdi. Həmzəli özünü direktorun otağına salıb vəziyyəti ona danışdı.
- Bütüncə biabır olduq, Əvəzxan müəllim. Tarixində belə şey görünməmişdi. Qızlar qorxudan hələ də özlərinə gəlməyiblər. Nə deyim? Əyani olsun deyə uşaqlar mobil telefonnan da çəkiblər, istəsəniz baxa bilərsiniz.
- Görüm! - Həmzəli hazır saxlamışdı, o saat telefonu açıb Əvəzxan müəllimə uzatdı, Əvəzxan müəllim baxıb güldü, sonra yarımçıq qaytardı.
- İndi hardadı?
- Qadınların tualetində.
- Bəhlul da yanındadı?
- Hə.
- Şalvardan xəbər yoxdu?
- Kimə lazımdı, ay Əvəzxan müəllim, onun köhnə şalvarı?
- Yox ey, mən də bilirəm, heç kimə lazım deyil. Bəs şalvar hara yoxa çıxıb? Yeriyib getməyib ki? Götürüblər də!
- Bilinmir.
- İndi neyləyək?
- Mat-məəttəl qalmışam.
- Evinə xəbər göndərmisinizmi?
- Oğlunun mobili cavab vermir.
- Onda, Həmzəli, təcili get mağazaya, kişiyə bir şalvar, iki dənə də tuman al gətir.
- Ay Əvəzxan müəllim, siz...
- Tez elə.
- Məllim, vallah, o bir də heç kimin yanına gedəsi, nəsə şikayət eləyəsi döy, ağlını bütüncə itirib, heç o adamın varlığından-yoxluğundan xəbəri yoxdu.
- Sən mənə öyrədirsən? Bu dəqiqə get soruş ki, filankəslə neçənci ildə, harda seleksiya işləri aparmısınız, əgər saniyəsinə qədər deməsə... onda mən heç nə bilmirəm. Get, ağıllı ol, dediklərimi elə, maşınnan da evinə göndər. Hə, sənin qızın neçənci kursda oxuyur?
- Əvəzxan müəllim, üçüncüdədi.
- Hələ verib-eləməmisən?
- Hələ yox.
- Gedə bilərsən.

* * *
Həmzəli alan şalvarı geyinib çıxanda qapıda süpürgəçi Bəstiylə qarşılaşdılar.
- Burda neynirsiniz, ay Bəhlul müəllim?
- Heç.
- Bura qadınlar üçündü. - Vedrədən qara əskini çıxarıb asanda Xansuvar müəllim qışqırdı.
- Tapdım. Odey mənim şalvarım. Xadimə oğurlayıbmış...