adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Iyul 2017 11:57
34057
ƏDƏBİYYAT
A- A+

Bizə iki qəbir qazın - Zəhranın xatirəsinə

Adalet.az yazıçı Azad Qaradərəlinin "Bizə iki qəbir qazın" hekayəsini təqdim edir.


Balaca Zəhranın xatirəsinə

O nə səs idi elə? Göylər bir anda qəzəbləndi. İşıqlı, odlu-alovlu dolular yağdı başımıza. Dolu işıqmı saçar, ay ana? Nənə, ay nənə, sənə nə oldu? Bəs həmişə mənə qorxma deyirdin, niyə qışqırırsan? Qorxma e, ay nənə, qorxma. Göy guruldayır. Allah baba qəzəblənib, başımıza dolu tökür... Amma bilmirəm ki, bu dolular niyə işıq saçır?

Mən niyə dura bilmirəm? Üzüm aşağı axan nədir? Qandır? Bəs niyə istidir? Yandırır e üzümü... Bəlkə şəkil çəkəndə rəng bulaşıb üzümə? Hə? Niyə bəs yandırır?

Ana, ay ana. Niyə qışqırırsan? Ata, sizə nə olub? Deyəsən axı mən ölmüşəm? Nənəm də ölüb? Ölmək belə olur? Hamı ayaq üstə, təkcə sən yerə uzanmısan. Özü də ha qışqırsan da, səni eşitmirlər. Eeee... Bu nədi e üstümə örtüblər? Nəfəs ala bilmirəm axı, götürün bunu...

Nənə, ay nənə! Barı sən məni eşit! Biz ölmüşük? Ermənilər öldürdü bizi? Əgər biz ölmüşüksə, erməninin əsgərləri bizi öldürübsə, onda niyə bu adamlar ağlaşırlar? Niyə hücuma keçmirlər?.. Amma yox, hücuma keçsinlər, erməninin uşaqlarını öldürməsinlər... Axı uşaq hər yerdə uşaqdır... Özü də günahsız... Mən bir azca böyüsəydim, əlim qələm tutsaydı, bütün dünyanın uşaqlarına məktub yazardım, bütün uşaqları birliyə çağırardım! Hamımız ölkələrimizin sərhədlərinə yığışıb müharibəyə etiraz edərdik... Eheyyyyyy! Dünya uşaqları! Siz məni eşidirsiniz??????

Bu nədir? Bizi hara gətirirlər?

Hə. Anladım. Bir dəfə eşitmişdim ki, ölüləri torpağa dəfn edirlər. Bizi də nənəmlə burada – qəbiristanda dəfn edəcəklər yəqin? Dayan, dayan... Qəbirin biri yekə, biri balacadır. Lap əl boyda... Yəqin o balaca yerdə məni dəfn edəcəklər. Yox, e, yox. Olmaz axı! Birdən ağac kimi, ot kimi torpağın altında bitdim, kök atdım, böyüdüm? Bəs onda mən bu balaca əl boyda qəbirə necə sığaram?

Olmaz, e, olmaz. Mən axı burda tək qorxaram! Nə olar, nənə, atama de, qoy məni sənin qucağında dəfn etsin... Qorxuram o dar qəbirdə təkcə...

...Eheyyyyyyy! Dünya uşaqları! Siz məni eşidirsiniz!? Sizi də böyüklər güllə ilə öldürəcəklər! Ananızdan ayırıb əl boyda balaca qəbirdə basıracaqlar! Qoymayın, qışqırın! Deyin ki, ya müharibələri dayandırın... ya da heç olmasa bizə iki qəbir qazın: birində də arzularımızı dəfn etmək üçün...