... Şah İrandan gəlir

ETİBAR CƏBRAYILOĞLU
44751 | 2017-06-30 23:58
Teatrlarımızın əksəriyyəti mövsümü artıq başa vurub, bəzilərində sonuncu tamaşalar oynanılır. Dövlət Musiqili Teatrında isə qızğın iş gedir, kollektiv məzuniyyətə çıxmazdan əvvəl yaradıcılıqla bağlı daha bir neçə vacib planları həyata keçirəcək. Truppanın bəzi üzvləri növbəti xarici səfərə hazırlaşır, çünki İran İslam Respublikasında təşkil olunacaq Azərbaycan Mədəniyyət Günlərində ölkəmizin teatr ictimaiyyətini məhz Dövlət Musiqili Teatrı təmsil edəcək. İyulun 3-dən 9-dək davam edəcək bu mühüm tədbirdə kollektiv iranlı sənətsevərlər qarşısında Üzeyir Hacıbəylinin "Ər və arvad" iki hissəli musiqili komediyasını oynayacaq.

Qonşuların bəyəndiyi
"Ər və arvad"

Dahi Üzeyir bəyin ilk musiqili komediyası sayılan "Ər və arvad" müxtəlif illərdə ayrı-ayrı tanınmış rejissorlar tərəfindən və fərqli yozumlarda səhnəyə qoyulub. Bir neçə il əvvəl Dövlət Musiqili Teatrı yenidən bu əsərə müraciət edib, mərhum rejissor Yusif Əkbərovun quruluşunda hazırlanan "Ər və arvad" teatrın repertuarında möhkəmlənə bilib. Yeri gəlmişkən, bu, "Ər və arvad"ın İrana ilk səfəri deyil, Dövlət Musiqili Teatrı qonşu ölkədə keçirilən ənənəvi Beynəlxalq Fəcr festivalında da bu tamaşa ilə çıxış edib və böyük uğur qazanıb.
Xatırladaq ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Əsas rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Hüseyn Əlili, Ağaxan Şərifov, Əliməmməd Novruzov ifa edirlər.

Qonşudan
çağırılan Şah

Dövlət Musiqili Teatrının fəaliyyətini yaxından izləyən teatrsevərlər yaxşı bilir ki, bu ilin martında kollektiv mədəni turizmlə bağlı orijinal bir beynəlxalq layihə reallaşdırdı. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin ideya müəllifliyi və bədii rəhbərliyi ilə "Bəxtəvər" tamaşası hazırlandı. Həmin layihə üçün qonşu İranda çalışan teatr xadimlərinin tərəfdaş seçilməsi və tamaşanın məhz Novruz bayramı ərəfəsində təqdim edilməsi heç də təsadüfi deyildi.
Çünki son illər İrandan Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilir. İranlı qonaqların çoxu ortaq bayramlarımızdan sayılan Novruzda istirahətini ölkəmizdə, onun paytaxtı Bakıda keçirməyə üstünlük verir. Məhz bunu nəzərə alan layihənin müəllifi və tamaşanın bədii rəhbəri Əliqismət Lalayev iranlı turistləri Dövlət Musiqili Teatrına cəlb etmək istəyi ilə "Bəxtəvər"in Bakıda səhnəyə qoyulmasına nail oldu. İranda gülüş ustası kimi yetərincə populyarlıq qazanan Babək Nəhreyini bu layihəyə cəlb etməklə tamaşaya iranlı turistlərin marağını daha da artırdı. "Bəxtəvər"in biletləri həm Bakıda, həm də İranın ayrı-ayrı şəhərlərində satıldı və qonşu ölkədən gələn turistlər bu müştərək layihəyə böyük maraq göstərdilər.
"Bəxtəvər" tamaşasında oynadığı Şah obrazı ilə azərbaycanlı tamaşaçıların da yetərincə diqqətini cəlb edən iranlı aktyor Camal Saqinejad yenidən bu teatrın səhnəsində çıxış edəcək. Yenə də Şah rolunda, amma bu dəfə fərqli bir tamaşada. Teatrın direktoru Əliqismət Lalayevin dəvəti ilə istedadlı aktyor "999-cu gecə" tamaşasında çıxış etmək üçün ölkəmizə dəvət olunub. Məhz bu tamaşada ilk dəfə olaraq iranlı sənətçi Azərbaycan aktyorları ilə bir səhnəni bölüşəcək. Bakıya gələn Camal Saqiqnejad artıq kollektivlə birgə məşqlərə başlayıb.
Dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında hazırlanan bu maraqlı tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı İradə Gözəlovadı. Son zamanlar Dövlət Musiqili Teatrı ilə sıx yaradıcılıq əlaqələri quran gənc və istedadlı rejissor iranlı aktyorun rola məsuliyyətlə yanaşmasından razı qalıb: "Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev daim orijinal və lazımlı layihələr üzərində çalışır. Bizim "999-cu gecə" tamaşasına iranlı aktyor Camal Saqinejadın dəvət olunması da Əliqismət müəllimin təklifi oldu. Camalın rol aldığı "Bəxtəvər" tamaşası oynanılanda Bakıda olmadığımdan onu səhnədə izləyə bilməmişəm. Bir neçə gündür ki, onunla "999-cu gecə" tamaşasındakı Şah obrazı üzərində birgə çalışırıq, çox istedadlı, daxilində sənət yanğısı olan aktyordur. İşinə peşəkar yanaşması, bizim aktyorlarla elə ilk gündən asan dil tapması tamaşanın quruluşçu rejissoru kimi məni razı salır. İnanıram ki, Camal Saqinejadın ifası tamaşaçıların xoşuna gələcək".
"999-cu gecə" tamaşasındakı Şah obrazına görə İrandan Azərbaycana dəvət olunmasından qürur duyduğunu deyən Camal Saqinejad bu şansı ona yaradan insanlara təşəkkür edir: "Musiqili Teatrın bizim İranda da çoxlu tamaşaçısı var. Teatrın rəhbəri Əliqismət Lalayevin təşəbbüsü ilə Novruz bayramında İranın tanınmış komediya ustası Babək Nəhreyinlə birgə "Bəxtəvər" tamaşasını hazırlayıb Azərbaycandakı qardaş və bacılarımıza təqdim etdik. Əliqismət müəllimə minnətdaram ki, məni yenidən dəvət etdi və "999-cu gecə" tamaşasında Şah rolunu mənə tapşırdı. Bildiyimə görə, Azərbaycan teatrında ilk dəfədir ki, hansısa bir rola İrandan aktyor dəvət edilir. Təbii ki, bundan qürur duyuram və hədsiz sevinirəm. Çox maraqlı roldu, düzdür, çalışdığım teatrda daha çox dramatik rollar ifa edirəm, amma komik obrazda da səhnəyə çıxdığım tamaşalar olub. Musiqili Teatrın repertuarında klassik əsərlərin çoxluq təşkil etməsi diqqətimi çəkdi. Klassik əsərləri oynan hər bir teatr mənsub olduğu xalqın mədəniyyətini yaşadır".
"999-cu gecə" tamaşasının quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Tamaşada rolları Mehriban Zalıyeva, Hüseyn Əlili, Elməddin Dadaşov, Səmədzadə Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Elçin İmanov və başqaları ifa edirlər. İranlı aktyor Camal Saqinejdın da rol aldığı "999-cu gecə" yeni teatr mövsümündə-sentyabrın sonunda teatrsevərlərə təqdim olunacaq.


TƏQVİM / ARXİV