adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ŞƏHİDİM

FƏRİDƏ RƏHİMLİ
33904 | 2017-06-30 15:03

Ramazan bayramı ərəfəsində məzarları ziyarət edərkən qaçqınlıq illərindən sonra kənd qəbiristanlığında məzarların sayının çoxaldığını müşahidə etdim. Burda yerli əhalidən başqa Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan qaçqınları da dəfn olunmuşdular. Həmişəki kimi üstündə bayraq dalğalanan məzarları da ziyarət etdim. Bir neçə ay getmədiyimdən daha bir şəhid məzarının olduğunu gördüm və ona tərəf addımladım. İlahi, bu o gənc idi...

Cəbhə zonasının insanları başqalarına nisbətən daha ürəkli, qorxmaz olurlar. İllərdi başlarının üstündən "uçan” güllələrə fikir vermədən çöldə, tarlada əkin-biçiniylə, mal-qarasını otarmaqla, gündəlik normal həyatları ilə məşğuldurlar. Gün-güzəranları ürək açan olmasa da, torpağa bağlı olan bu insanlar kəndi yenidən tərk etməyi düşünmürlər belə.

Martın son günləri atəşkəsin pozulması get-gedə daha da artırdı. Kənd sakinləri xəstəsindən, qocasından, körpəsindən nigaran olmağa başlamışdılar. Atılan güllələr, mərmilər evlərin dam örtüyünə, pəncərələrə, həyətlərə düşür, insanların əl-qolunu iş-gücdən soyudurdu. Kəndin kişiləri gecə yarısınadək bir yerə toplanıb vəziyyəti müzakirə edir, çıxış yolu düşünür, bununla həm də kəndə keşik çəkməli olurdular. Qadınlar da rahat yatmırdılar təbii ki. Bircə körpələr dünyadan xəbərsiz

yatır, güclü atışma olmayınca yuxudan ayılmırdılar. Bu vəziyyət bir neçə gün davam etdi. İldırım sürətiylə yayılan xəbər səksəkədə yaşayan camaata bir rahatlıq gətirdi – kəndə xüsusi təyinatlılar gəlir!

Kəndin palçıqlı yolunda onların döyüş maşınının batdığı xəbəri gəldi. Bir neçə gənc köməyə tələsdi. Bu zaman qarşı tərəfdən gələn Vaqif kişi onların məqsədini anlayıb, özünəməxsus zarafatla: A bala, onlar sizi iki loxmaya yeyərlər, onların sizin köməyinizə ehtiyacları yoxdur. Bunu eşidən körpə uşaqlar "yeyərlər” sözündən ürpənən kimi oldular. Vaqif kişi sözünə davam etdi: Yəni, mənim çiynimə bir Vaqif də qoysanız, boyum onlarınkından balaca olar. Onlar bir təkana texnikanı palçıqdan götürüb kənara qoydular. Kişinin sözünü söylərkən üzündəki məmnunluğu hamı sezdi. Demək rahatlamaq olardı.

Camaat onların tamaşasına durmuşdu. Onlar xüsusi tünd geyimli, üzlərinə o rəngdə boya çəkilmiş, boyları ən az bir metr səksən santimetr olan, müxtəlif müasir silahlarla silahlanmış bu gənclərə baxmaqdan qürur duyur, qadınlar bu qürurdan, sevincdən göz yaşı axıdır, kişilər eyni hissi keçirsələr də onların etdiklərini siqaret yandırmaqla əvəz edirdilər. bu görüntü uşaqlar üçün daha maraqlı idi. Hər kəsdə bir məmnunluq, rahatlıq, onların düşməndən qisas alacağına böyük ümid vardı. Xüsusi təyinatlıların üzlərindəki sərtlik, özgüvən, qorxmazlıq hər kəsə sözsüz, səssiz şəkildə: Arxayın olun, torpağımıza burnunu soxmuş düşmənin başını əzəcəyik! – deyirdi. Tək bir gənc döneb səmimiyyətlə camaata baxdı. Qaragözlü bu gənc qonşu kəndlərin birindən idi. Baxışıyla: Sizin hər birinizin neçə gündü

çəkdiklərinin hesabını çəkəcəyik, mənim ailəm də siz çəkəni çəkdi- dedi sanki...

O gecə kənd sakinləri neçə günlük yuxusuzluqdan sonra rahat yata bildilər. Aprelin 2-si səhərə yaxın güclü atışma başladı. Yer-göy bir-birinə qarışdı. Atılan güllələrin, mərmilərin gurultusundan evlərin şüşələri cingildəyir, partlayış sanki hər kəsin yanında baş verirdi. Gələn xəbərlərsə ürəkaçan idi. Düşmən qısa zamanda geri oturdulmuşdu. Kəndin üstündən aşağısından gedən döyüş texnikaları, əsgərlər əsl müharibənin olduğunu göstərirdi. Düşmən əsgəri postu buraxıb qaçır, silahlarını belə götürməyə macal tapmır, yaxud buna cəhd etmirdilər. Yaralanan, ölən yoldaşlarına kömək etməyi ağıllarından da keçirmirdilər. Ölənlər arasında livandan gəlmiş muzdlular, zəncilər də vardı. Dağlıq Qarabağdakı bütün xəstəxanalar, hospitallar yaralıyla, meyitlə dolu idi. Artıq yaralıları Yerevana daşımağa başlamışdılr... Döyüş müvəffəqiyyətlə başa çatmışdı - kəndimizin üst tərəfindəki Lələtəpə yüksəkliyi düşməndən geri alınmışdı! İllərdi düşmən o yüksəklikdən kəndlərimizi, strateji əhəmiyyətə malik olan Horadiz şəhərini nəzarətdə saxlayırdı.

Tezliklə kənd camaatını məyus edən xəbərlər də gəlməyə başladı – çox sayda şəhidlərimiz vardı... Müharibədə udan tərəf olmur deyirlər, hər iki tərəf uduzur. Çünki çirkin siyasətin qurbanı qəlbi həyat eşqi ilə dolu olan gənclər olurlar.

Bütün kənd camaatı şəhidlər üçün ağlayır, minnətdarlıq hissiylə onları uğurlayırdılar. Amma onların kim olduqlarını görmə şansımız yoxdu. Buna icazə verilmirdi. Geri dönənlər içində gözüm nədənsə o, qaragözlu gənci axtardı. Özümə təskinlik verərək, yəqin başqa yolla gedib, deyə düşünürdüm.

Amma o gün – Ramazan bayramında üstündə bayraq dalğalanan məzarlıqda gördüyüm, qara gözləriylə mərmərdən səmimiyyətlə baxan gənc o idi – Şəhidim, Qeyrətlim, Təəssübkeşim, Vətənin Ən layiqli oğlu... Cənnət sakini...


TƏQVİM / ARXİV