adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Iyun 2017 11:25
187770
RUBRİKA
A- A+

"Yuxunu da həyat kimi yaşamaq lazımdır" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazar, jurnalist Sərdar Amindir. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

-Elə buna görə də mən elmə əsəbiyəm; elm hər şeyin mənasını çözmək yoludur. Təəssüf ki, çözə bilmədiklərinə də çox bəsit müstəvidə rəngsiz bir don geyindirməyi özünə borc bilir. Buna görə də düşünürəm ki, bu günə qədər bizə zaman, yer kürəsi, kainat, Allah haqqında gəlinmiş qənaətlər öyrədilməsəydi, insanlar kainatın sirrini çoxdan çözmüşdü. Çünki hər insan son dərəcə dərin potensial deməkdir. Hər bir insanın ən dərin mətləbləri çözmək kimi bir gücü var. Sadəcə bizə öyrədilənlər çox vaxt başımızı qatır və bəzən bu həqiqət adıyla bizə təqdim olunan nəticələr bizi azdırır. Bəzən düşünürəm ki, əgər biz Cənubi Amerika ilə aramızda Atlantik okenının olması həqiqətini bilməsəydik, arzuladığımız an - ən geci bir neçə saat sonra Meksikadakı İnniaritunu yanımızda görə bilərdik. Bu fikrim gedib Kvant nəzəriyyəsinə, Şrödingerin "qara pişik” paradoksuna çıxır. Yəni bizim həqiqətlərimiz möcüzələri öldürür. Kainatı öz reallığımıza uyğun nəticələr verməyə vadar edirik. Deyəsən mətləbdən çox uzağa getdim; sözümü ona gətirirəm ki, mənasını bəsitləşdirdiyimiz bu həyatda ən ciddi möcüzələrdən biri yuxudur. Yuxu haqqında bizə mənasız qənaətlər təqdim edilib; yuxu oyaq qalmış beyin hüceyrələrinin verdiyi reaksiyanın məhsuludur, nə bilim, beyin qabığının hansısa davranışlarının adıdır və s. Deyil! Yuxu bizə əslində çox ciddi mətləblərdən xəbər verir. Ən uzun yuxunun müddəti səhv etmirəmsə 12 dəqiqə olur. Amma biz bəzən bütün bir günü, həttə bir neçə günü də bu 12 dəqiqə ərzində, yəni yuxuda yaşaya bilirik. Bu fakt özü zamanın insan reallığında nisbiliyindən, ikinci, üçüncü yaşam parallellərinin mövcudluğundan xəbər vermirmi? Orxan Pamuk "Qara kitab”da deyir ki, "O vaxtlar yuxular yaşanar, həyatlar yozulardı”. Bu fikrin ucundan tutub o qədər düşünmək olar ki, sonda yuxuya da gedərsən.

- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Yuxular planlarıma təsir etməsə də, əhvalıma ciddi təsir edir. Bəzən bir yuxunun təssüratını bir neçə gün yaşayıram. Reallıq qədər, bəzən reallıqdan da artıq təsiri olan yuxularım olub. Gündəlik gördüyüm qadını yuxuda görüb aşiq olduğum vaxt olub. Bir neçə ay dəli kimi dolaşmışam. Əlim-ayağım əsirdi. Taqətim yox idi ki, başqa ciddi iş görüm. O qadınından soyuyum deyə o qədər yanlışlarını düşündüm ki... Olmadı. Ümidim ikinci xilas yuxusuna qalmışdı. Düzdür, ikinci yuxunu görmədim. Amma o qadının həyatımdakı yeri tamam dəyişdi.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Doğmalarımı yuxuda nadir hallarda görürəm. Yuxularım reallıqla adekvat olmur. Məsələn, nadir hallarda yenicə baş vermiş bir hadisənin detalları yuxuma girər. Amma yuxuda gördüklərimin rəngini daşıyan hadisələrin qısa müddət sonra həyatımda baş vermsi halları dəfələrlə olub. Mən bu uyğunluqdan mazoxistcəsinə həzz alan biriyəm. Və bu uyğunluqları demək olar ki, heç kəslə bölüşmürəm. Yuxu mənim üçün çox intim məsələdir.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Kimsəylə bölüşmədiyim və yuxu yozumları kitablarını da ciddiyə almadığım üçün bu barədə baş sındırmıram. Həm də yuxu yozulduqda heçnə dəyişmir. Həmin yuxumun həyatıma təsiri nə olacaqsa, olacaq. Yəni yozumu deyil, nəticəsi əsasdır. Yuxunu da həyat kimi yaşamaq lazımdır, onu yozaraq sürprizini pozmaq olmaz.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yuxuların birmənalı şəkildə möcüzə olduğuna əminəm. İnsan üçün açılmayan bir qapıdı yuxu. Yuxuda ikən bu dünyayla demək olar ki, əlaqəmiz kəsilirsə, yuxuda olduğumuzun fərqinə varmırıqsa, kim zəmanət verir ki, yaşadığımız bu həyat da böyük bir yuxu deyil? Yuxuda bir günü 10 saniyəyə yaşaya biliriksə, bəlkə də indi hansısa 20 gündür oyanmayan bir divin yuxusuyuq – bəlkə də kəpənəyin.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Vallah, yuxuların yozumlarını bilmirəm. Hansı yuxunun pisə, hansının yaxşıya yozulduğundan da xəbərim yoxdur. Ona görə çin olubsa da, xəbərim olmayıb.


- Həyatınızda gördüyünüz ən yadda qalan və ən gözəl yuxu hansılardır?

-Bax, bunu deyə bilməyəcəyəm.


- Yunan filosofu Heraklit yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Milorad Paviçin Xəzərlər haqqında məşhur əsəri var – "Xəzər lüğəti”. Bu əsərdə yuxu məsələsinə dərin önəm verilir. "Yuxu ovçuları”adlı xüsusi peşə sahibləri olubmuş. Hansı ki, onlar insan yuxularına müdaxilə edə bilib, insanların yuxusunu yaşaya bilib. Düzdür, bu əsər daha çox bədiidir. Və Paviçin qüdrətli qələminin məhsuludur. Amma mən ötən əsrlərdə insanların daha müdrik, daha ruhani, daha təmiz və ideallarına daha yaxın olduğunu düşünürəm. Xəzər mədəniyyəti də həmçinin. Hazırda texnologiyanın inkişafının bizi əsl mətləbdən uzaqlaşdırdığına əminəm. Bütün bu yeniliklər insanın dünyəvi inkişafına xidmət edir. Dünyəvi inkişaf isə təkəbbürdür, insanın əzələ nümayişidir. Biz öz gücümüzü özümüzə göstərir, kiminsə boğazından kəsib digərinin ifratını təmin edirik. İnkişaf dediyimiz də budur. Bütün nailiyyətlər kimlərinsə geriləməsi sayəsində baş verib. Bir sözlə bizim xoşbəxtliyimiz kiminsə bədbəxtliyi üzərində qurulub. Yaxud bədbəxtliyimizlə kimlərisə xoşbəxt edirik. Ona görə bu günkü praqmatik sahələrin inkişafı ruhaniyyatı məhv edir. Bu gün bizim yuxu kimi möcüzə haqqında danışmağımız belə əksər insanlara nağıl kimi görünür. Sözüm ondadır ki, son dərəcə maraqlı mədəniyyətə malik olan Xəzərlərin dünya tarixinə ən çox məlum olan keyfiyyətlərindən biri də "Yuxu ovçuluğu” olub. Ciddiyə alınası şeydir yuxu.


- Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Xatırlamıram. Neçə vaxtdır fantastik yuxu görmürəm. Son zamanlar ən böyük yuxu arzum Mövlud Mövluddur. O gedəndən sonra yuxuma gəlməyib. Qəzetlərə maraq göstərdiyini bilirəm, ona görə Mövluda burdan da səslənirəm. Həmişə deyirdim ki, "Mövlud, adın yetərincə çətin addı, demək olmur – Mövlud. Sən də götürüb birini də əlavə eləmisən, olub Mövlud Mövlud”. Amma indi iki dəfə deməklə də yetmir... Mövlud... Mövlud... Mövlud... Yuxuma gəl.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Yəqin ki, çatdırmır. Amma inanıram ki, insan o qədər təmiz ola bilər ki, ona həqiqət yuxuda vasil olsun. Söhbət ali həqiqətdən gedir. Məncə bu həqiqət çox asandır. İnsan şüurunun vara bilmədiyi qədər asan. Təəssüf ki, biz inkişafı mürəkkəblikdə görürük. Amma bir də dönüb arxaya baxsaq... Məsələn, kilomterlərlə qaçan, bütün rəqiblərini arxada qoyan atlet finişə bir addım qalmış dursa, qollarını açıb geri dönsə, heyrətlə ona baxa-baxa qaçan rəqiblərinin üzünə baxsa, bəlkə həqiqət ordadı,o tərli, heyrət dolu, yorğun, sevincə çevrilməkdə olan təəssüflü simalarda... Bəlkə də başqa yerdə. Amma bizim getdiyimiz bu yolun üfüqlərində belə həqiqət görünmür. Nə qədər təmiz olmalıyıq ki, bu həqiqət bizə ənam kimi yuxuda verilə...