adalet.az header logo
  • Bakı 17°C

ƏBÜLFƏT MƏDƏTOĞLU YARADICILIĞININ MÖVZU VƏ MƏZMUN ÖZƏLLİYİ

5261 | 2017-06-24 10:05
(fərdi tənqidi interpretasiyada)

XX əsrin 80-ci illərindən, daha doğrusu "Gözləyənim var" (1983) şeirlər kitabı ilə poeziyamıza öz duyum tərzi, mövzuları və obrazları ilə qədəm qoymuş Əbülfət Mədətoğlu elə həmin dövrdən başlayaraq oxucuları ilə bir neçə dəfə görüşməyə fürsət tapıb. Və ardıcıl olaraq "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar" və s. kimi kitablar çap etdirib.
Əbülfətin yaradıcılığı janr və şəkil baxımından kifayət qədər zəngindir. O, gücünü şeirlə yanaşı, nəşr janrında da sınaqdan keçirib, uğurlar qazanıb. Bir-birinin ardınca qələmə aldığı "Qəhrəman İbad" (1995), "Zəhmli polkovnik" (1997), "Üfüqdə görünən adam" (2010) və "Göy üzünün nağılları" (2016) kimi povestlərində 1980-ci illərdən başlayan Qarabağ münaqişəsinin, Ermənistan-Azərbaycan müharibəsinin acı həqiqətlərini, erməni məkrini, Vətənimiz və torpaqlarımız uğrunda vuruşan cəngavər oğullarının şücaətini sənədli materiallar və hadisələr fonunda bədii cəhətdən görümlü təqdim edə bilmişdir. Əbülfətin yaradıcılığının kükrəyiş dövrü, demək olar ki, Qarabağ hadisələri ilə eyni dövrə təsadüf edir. Yəqin elə buna görə də şeirlərinin mayası, məzmunu bu hadisələrin müxtəlif məqamlarını çevrələməkdədir. Şeir kitablarında sevgi-məhəbbət kolliziyaları özünü nümayiş etdirsə də, bu mövzuların da episentrində məhz Vətən sevgisi, torpaq həsrəti daha çox öz göynərtisi ilə önümüzə çıxmaqdadır. Bu cəhət Əbülfətin sonrakı dövrlərdə də qələmə aldığı kitablarının magistral xəttini təşkil etməkdədir. Elə buna görə də şairin "Allah, məni unutma" (2006), "Mənim kimi sevə bilsən..." (2012), "Ürəyim sənlə danışır" (2015) və "Cəzayam sevdiyim qıza" (2017) kimi kitablarının bədii-poetik məziyyətləri, ideya-estetik qayəsi və problematikası bizi götür-qoylu fikirlər ortaya qoymağa sövq edir. Ədəbi tənqidin yönünün Əbülfət Mədətoğlu yaradıcılığına müraciətinə bu gün ehtiyac duyulur. Bu müstəvidən çıxış edərək biz Əbülfətin əvvəlki kitablarına toxunmadan onun sonda adlarını çəkdiyimiz kitabları ilə bağlı mülahizələr irəli sürməyi gərəkli hesab edərək "Allah, məni unutma" ilə bağlı təhlillərdən başlayırıq. Onun yaradıcılığının bu cəhətini bütün yazdıqlarından, xüsusən "Allah, məni unutma" kitabında, yer almış nümunələrdə qırmızı xətt kimi keçir və elə buna görə də -

Dünyamız o qədər kiçik ki, dar ki,
Taleyin o qədər oyunu var ki,
Sən məni özünlə götür apar ki,
Həmişə gözünün önündə olum -

deyə özü ilə onu istəyənlər arasında ülfət yaradır.
Əbülfət ömür və söz qarşısında özünü məsul etmiş şairlərimizdəndir. Elə buna görə də -

Mənə heç kim söz deməsin,
Qalmışam sözün altında.
Ömrümü girov qoymuşam -
Mən qaşla-gözün altında - deyir.

(Allah, məni unutma, s. 40)

Əbülfət poetik sözü oynadanda elə maraqlı kalamburlardan istifadə edir ki, onları sənətkarın poetik tapıntısı kimi dəyərləndirmək olar. Nümunə gətirdiyimiz bu şeirin başqa bir bəndində görün şair bunu necə təqdim edir:

Hər bəxtə düşmür ki, yatır
Yatır üstündə dərd yatır,
Bilmək olmur nələr batır -
Hər fərdin, özün altında.

Əbülfət dərdi içində yaşadıb, onu lənətləməyi bacaran fikir daşıyıcısıdır. O, dərdlə vuruşlardadır, əlbəyaxadır, lakin heç bir halda dərdə təslim olmaq fikrində deyil. Buna görə də -

Qəribədi indicə
dərdlə
əlbəyaxaydım
Vuruşurdum,
yaxamı
əlindən qoparmağa.
(Dərddə güc göstərirdi
özüylə aparmağa) (s. 20)

- deyir.
Lakin elə hallar da olur ki, o, dərd əlindən bezar olub, "artıq adam" olmayıb "yığışıb köçüb" getmək istəyir bu dünyadan. Çünki başqalarına "dərd danışa bilmədi"yindən belə qərar verməyi üstün tutur. "Deməyin kig" şeiri bu tezisi yaxşı təsdiqləyir:

Mən heç kimlə görüşüb
dərd danışa bilmədim.
Boğdum dərdi içimdə,
Bərk danışa bilmədim
Qaldım dərdlə başbaşa,
Şərt danışa bilmədim. (s.19)

Görürsünüz, şair dərdi içində necə yaşadır, bu dərd onu cəzanə gətirsə də o, bundan usanmayıb dərdləri içinə yığır. Allahı göydə, dərdi canda görür. Dərdlə doğmalığından, tanışlığından söhbət açır və -

Bu qapıdan kim keçəcək içəri
Dərdə tanış, dərdə doğma tək mənəm.
Ay atını tumarlayan köçəri,
Mən dərdinin örüş yeri, təknənəm

- deyir. (s. 23)
Bəzənsə şair insanlardan bir az kənarlaşmağa, gen durmağa, dəryalara baş vurmağa üz qoysa da, onun bu şücaəti layiqincə dəyərləndirilmir:

Günah gəzməyin izimdə
hər şey yazılıb üzümdə.
Qalmışam dərya üzündə -
Kənardan üzmək sayılıb. (s. 21)
Əbülfətin içində indiki zamandan gələcəyə ürəklə getmək istəyi var. O, bununçün -

Vaxtı döyə-döyə
Sıxmışdım küncə
Ölçüb-biçmişdim
hər anı
İndi isə elə bil
vaxtı qoymuşam dincə
Xəzəl tək
dörd tərəfə
səpirəm mən zamanı!

- deyir (s.21)
Əbülfət vaxtı döyə-döyə ona görə küncə sıxır ki, qocalmağa gecikmək istəyir. Bunun özünəməxsus naxışları "Gecikim qocalmağa" şeirində uğurlu vurulub:

Başın qarışsın hər an,
Yaddan çıxsın qəm, kədər
Sənlə birgə olmağa
Vaxt qazanım bir qədər -
Gecikim qocalmağag! (s. 24)

Əbülfət Mədətoğlunun şeirlərindən gətirdiyimiz nümunələr nəinki şairin yaradıcılığı, onun mövzuları, həm də sənətkarın fərdi poetik "mən"i haqqında təsəvvürlər yaradır. Şairin qələmə aldıqlarında duyğusallıq, təbii hisslər, real həyat hadisələrinin lövhələri görümlü yaradılır:

İçimdəki dərdin
dişi kütləşib
tay sancmır...
ürəyimlə -
ayaq-baş yatıb,
bəxtəvərdi ürəyim.
Vurulubdu dərdimə -
Əvvəlki tək
ondan tay qaçmır.
Deyəsən,
Arzusuna çatıb
ürəyim!

- deyir. (s. 13)
Əbülfət Mədətoğlunun yaradıcılığına ümumi kontekstdə nəzər saldıqda, onun şairlik stixiyasının özəl xətlərinin yalnız xalq şeiri ənənələrini ardıcıl davam etdirən sənətkarlardan olduğunu görmərik. Çünki Əbülfətin öz üslubu, öz poetik ölçüləri, sözü öz ülgüsüylə biçmə və mənalandırma bacarığı var. Çünki şairi mətnaltı ibarələr, ifadələr daha çox düşündürür. O, ənənənin əsəri deyil, novasiyanı isə başqalarının qəlblərindəki kimi ortaya qoymağa səy göstərmir, fərdi təfəkkürünün künc-bucağında olanların köməyi ilə öz poetik fikrini reallaşdırmağa çalışır:

Məndən inciməyin
mən bu şəhərdə
sıra nəfəriyəm, bəlkə də
heç kiməm.
Sözüm evimdə keçir,
Günüm veyillənməkdə...
Məndən inciməyin
Məni bu şəhərdə
bir dilənçilər tanıyır,
bir də
qələmlə işləyənlər...
Birincilər
Ərklə yolumu kəsir,
ikincilər
işləri düşəndə... (s. 64)

Əbülfətin şeirlərində hər şey təbii, öz axarında və bir az da özəl biçimlidir. Bunu "Olmadı" şeirindən gətirəcəyimiz parça da yaxşı sübut edir:

Özümə bəsdi öz dərdim,
Ömrüm uzunu söz dərdim.
Hamıya kömək göstərdim,
Özümün odam olmadı. (s. 67)

Əbülfətin "Allah, məni unutma" kitabında təqdim olunmuş əsərlərində həm də çağdaş Azərbaycan şeirinin mənzərəsi aydın görünür. "Ana" mövzusu nəinki Azərbaycan, həm də digər xalqların poeziyasında daim aparıcı mövqedə olmuşdur. Hər bir şair də öz ilmələri, öz naxışları ilə Anaya çələng hörüb, poetik sözün köməyi ilə ananın başına tac qoymuşdur. Amma Əbülfətin "Anama" şeirində "ana" məfhumunun bədii-estetik çevrəsində və qavrayışında tamamilə fərqli məsələ dayanıb. Elə buna görə də -

Telefonda
qırıq-qırıq
səsini eşitdim,
Elə bil
Xəncər yeridi
ürəyimə...
Zorla danışdığını
təxmin etdim
Telefon
xəcalət çəkirdi
sanki mənim
yerimə.
Çadır taleli anam,
bacarırsan bağışla
İndi nə söz urvatdadır,
nə qələm
Əli ciblərinə yük
sual işarəsi tək
boynu bükük
günahkar bəndə
mənəm -
Sənin fərsiz oğlunam
heç nə edə bilmirəm.
Ancaq başa düşürəm -
Çat vermiş ürəyində
mən ən böyük
ağrınam...
bacarırsan bağışla (s. 25)

- deyərək içində qovrulur.
Göründüyü kimi, Əbülfət Mədətoğlu bu şeirdə ana obrazını qeyri-adi yanaşma və ifadələrinin köməyi ilə yaradıb. Burada ana nə güllə müqayisə olunmur, nə də onun yuxusuz gecələri təsvir obyekti deyildir, əksinə, oğulun ana qarşısındakı xəcaləti tamamilə başqa rakursdan ön plana çəkilir. Çünki Əbülfətin şeirində anaya müraciətin mövzusu, istəyi də başqadır. Burada eyni zamanda müəyyən mənada ana ilə oğulun dərdi eyniləşir, oğul ananın düşdüyü vəziyyətə görə özünü günahkar sayır, ana isə oğulun ağrısını çəkir.

Şair həyatında və yaradıcılığında düşdüyü çətin vəziyyətə baxmayaraq, o, əlini allahın ətəyindən heç vaxt üzmək istəmir. Qəm yükü daşıyan şair Tanrısına əl açıb yalvarır. Qəm dəryasına qərq olmuş, sinəsi ahla, vayla, ünlə dolu olan şair yenə də ondan imdad diləyir və bir gülüş qismət etmək üçün özünü Tanrının yadından çıxarmamasını təvəqqe edir:

Qəm bələnmiş ömrüm, günüm
Sinə dəlir ahım, ünüm.
Olarımı mən də bir, gülüm -
Məni də yada sal, Tanrım!

- deyir. (s.82)

Şair başqa bir "Allahım" şeirində, demək olar ki, əvvəlki kimi yenə də əlini Allahının ətəyindən götürmür. Ona elə gəlir ki, Allahı onu görmür. Buna görə də onun yadına salır ki, dünyaya gəlişinə Allahının özü "qol qoyub, cığır açıb, yol qoy"ubsa, qəm payını da bu qədər gen-bol etməməliydi. Çünki o, Allahının inamlı bəndəsi olduğundan -

Aç gözünü, bax, gör məni
Söz qalana al hör məni.
Kim istəsə pay ver məni -
Sənin inamlı bəndənəm (s. 97)

- deyirdi.
Əbülfət özünəməxsus poetik konstruksiyalar, ibarələr, ifadələr yaratma ustasıdır. Onun "tumurcuq güllərin böyüməsi", "muncuq günlərin üyüdülməsi", "sevgi nübarının üzülməsi", "kirpiklərin tumurcuqlar", "kirpik çəpərlər", "yuvadan uçmuş ürək", "qanın yaxası", "qanı qaçmış şəkillər", "dirsəklənmiş əklillər", "sevgimiz tanrı çörəyi", "ögey zaman", "dost çartlağı", "yanmış şəkil yükü", "göy cibində əl", "günəş şüasının hönkürtüsü" və s. kimi naxışlı ifadələri oxucunu misraları əzbərləməsindən daha çox onların üzərində müşahidələr aparıb ümumiləşdirmələr etməyə sövq edir.
Əbülfət Mədətoğlu təkcə poetik hörgüləri, ilmələri ilə fərqlənən yox, həm də mənəvi baxımdan özünə hörmət qazandıran, nüfuz yüksəldən qələm sahibidir. O, "ağrılar imkan versə, səhəri açıb şəfəqlərin yaxasından asılıb, qəfəsləri sındırıb ağrılara sədd çəkib, özünü dara çəkməyə daha böyük üstünlük verir. Buna görə də eynindən "Başımı" şeirindəki fikirlər keçir:
Başımı
Salıb aşağı,
Çıxıb gedəcəm,
gedəcəm üzü aşağı
Yuxarılar
mənlik olmadı,
guya orta münasibdi
Ortada da duranda
biri aşağı
beşi yuxarı yamadı.
Yaxşısı aşağıdı -
torpağın üstü
Dizimi yerə atıb,
çatacam ocağımı,
Təki bacadan
Düz çıxsın tüstü!

- deyərək qənaətini ortaya qoyur (s. 140)
"Allah, məni unutma" şeirində də biz Əbülfətin deyim ustası olduğunun şahidiyik. Buradakı poetik anlam, hissi duruluq, xalq dilinin imkanları hesabına yaranan ibarələr müəllifin dil sadəliyinin və gözəlliyinin göstəricisi kimi diqqətimizi cəlb etməkdədir. Elə buna görə də onun poetik dəst-xəttində özünü nümayiş etdirən təfəkkür tərzi özünəməxsus çalarlarla zəngindir:

Allah, yolum-yolağam,
Çığnayır dağı-daşı.
Dərd də ki bir çalağan
Şığıyır addım başı. (s. 144)

- deməkdə haqlı görünür.
Əbülfət "Allah, məni unutma" şeirində fikirlərini ismin tək halından ifadə etsə də, burada Allaha müraciət heç də tək halda anlamına gəlmir, bu, həm də xalq istəyinin, milli qayğılarımızın istifadəçisi kimi səslənir.
Bütün qeyd etdiklərimiz yaxşı sübut edir ki, Əbülfət Mədətoğlu ədəbi tənqidimizin diqqətini öz mövzuları ilə daha çox cəlb etməyə yönlü şairlərimizdəndir. Çünki yazdıqlarına nəzər salıb, onları təhlillər çəkdikdə Əbülfətin təqliddən kənar olub, öz yolunu seçmək istəyində bulunduğu görünür. Əbülfət Mədətoğlu yaradıcılığından danışdıqda onun fərdi, şəxsi cizgilərini yaradıcı ampluası ilə eyni kontekstdə götürmək zəruridir. Hər şeydən əvvəl o, əsərlərinə də özünün abır-həyasını hopdurur və özünün xarakterik xüsusiyyətlərini fərdi cizgilərini də əsərlərinin mahiyyətinə qarışdırır. Əbülfətin bir fərqli keyfiyyəti haqqında da danışmaq da zəruridir ki, o, öz yaradıcılığını hiperbolalaşdırmağa, gözə soxmağa meyilli deyil. O, nə özünü ənənəçi, nə novator, nə modernist, nə postmodernist, nə sürrealist, nə də neorealist hesab edir. Poeziyamızdakı vəznlərdən imkanları daxilində və səmərəli yararlanır. Elə buna görə də onun hecada və sərbəst vəzndə yazdıqları da kifayət qədər təbii alınır. Sözün, fikrin zorlanmasını qafiyə, rədif xatirinə məqbul saymır, öz yolu ilə gedir, uğurları da göz qabağındadır. Elə "Gücümüz çatmadıg" şeirində olduğu kimi:

Çadırda hamılıqla
qollu-budaqlı
yekə bir dərdi
yıxdıq yerə...
Və başladıq döyməyə...
başladıq
Sonra...
Sonra isə gülməyə
Çünki
o qədər böyük idi
Gücümüz çatmadı
öldürməyə...
oturduq
başladıq
özümüz-özümüzü
ağlamağa... (s. 142)

Bu Əbülfətin sərbəst vəzndə yazdığıdır. Zənnimizcə, kəsirsizdir, həm də hədəfə dəyəndir. Əbülfət narahatdır. Bu narahatçılıq onun yazdıqlarının əksəriyyətinin içindən boylanmaqdadır. Əbülfətin sifətində, üz gözündə və yaradıcılığında zahiri baxımdan görünən təmkinlilik belə şairin həyəcanını büruzə verməkdədir.
Sərbəst düzüm üçün səciyyəvi olan ritm, intonasiya, ahəng və melodiya və estetika şairin poetik tonunun ifadəçisi kimi çıxış etməkdədir. Əbülfət, ümumiyyətlə, qəzəl, qoşma havasında pərvazlansa da (çünki onun böyüyüb boya, başa çatdığı Qarabağımızda bu vəznlər daim işlək və mükəmməl olmuşdu), o, sərbəst vəznə özünün içindən gələn səsi ilə ilham vermişdi və elə uğur da özünü çox gözlətməmişdir. Biz Əbülfət Mədətoğlunu sərbəst vəzndə nə qədər sərbəst görürüksə, qoşmada da onun qələmindən çıxanların ülgüsü diqqət çəkəndir. Yuxarıda adını çəkdiyimiz kitabda şairin bu vəzndə xeyli nümunələri təqdim olunmuşdur. Bu baxımdan onun "Baxıb qəhərlənmə, bir az mətin ol", "Tər tökdüm bu uzaq yolu", "Özün şeytan, dilin bal", "Bəxtəvərlik göydən yağır", "Nahaq sevdin sən məni", "Mənə heç kim söz deməsin", "Olmuşam", "Quzu kəsim", "Baxmır", "Qoşma", "Məndən başqa", "Gedəcəyəm", "Hayındayam", "Tanrım", "Gəlmir", "Bircə xoşbəxtlik", "Üzü bəri", "Nəyim qalar", "Ondan sonra" və s. şeirləri səciyyəvi və diqqətə layiqdir. "Olmuşam" qoşmasından nümunəyə baxaq:

Təntiyib nəfəsim, əsir dodağım,
Nisgilli ünvandır çadır otağım.
Dərdini daşıyır canım o dağın -
Bu dağa tor basmış yolaq olmuşam.

Demərəm mən buna heç vədə qismət,
Dərd də tanımıram dərdimə nisbət.
Bir də nə fərqi va, mənfi, ya müsbət
Hələlik neytral zolaq olmuşam. (s. 47)

Əbülfətin bu tipli şeirlərində xalq poeziyasından rişə alıb kükrəmə şairin, ona fərdi bucaqdan yanaşması özünü göstərməkdədir. "Allah, məni unutma" kitabında təqdim olunmuş şeirlər sənətkarın uğurlu duyum tərzini, diqqət mərkəzinə çəkdiyini mövzunu fəlsəfi, psixoloji və estetik rakurslardan doğru-düzgün mənalandırma ustalığını ortaya qoymaqdadır. Bütün bunlar hiss və duyğularını yığcam və lakonik şəkildə çatdırmağı bacaran müəllifin indən belə də oxucularla uğurlu görüşlərinin şahidi olmaq ümidimizi daha çox közərtməkdədir.

TƏQVİM / ARXİV