Dnepr Bakıya axdı gəldi...

ETİBAR CƏBRAYILOĞLU
41082 | 2017-06-24 09:49
Tanınmış aşıq Pənah Pənahovun bir zamanlar dillər əzbərinə çevrilən "Ana Kürüm" adlı bir bəstəsi var idi. Sadə el şənliklərində də oxunardı, televiziya və radioda da, çeşidli rəsmi tədbirlərin bədii hissələrində də:
Kür Bakıya axdı gəldi,
Döşə çiçək taxdı gəldi.
Sevinməyin vaxtı gəldi,
Ay mənim ana Kürüm.

İndi bizim televiziya məkanında özgə bir tozanaq var, aşıqlar efirdə ya pizza bişirirlər, ya da bir-biri ilə söyüşürlər. Kürün Bakıya qədər axıb gələn bulanıq suyundan mahnı oxumaq artıq dəbdə deyil.
Elə mənim də yayın bu vədəsində Kürü vəsf eləmək, aşıq Pənahın sözü olmasın, Abşeronun boz çöllərinə həyat verdiyinə görə onu tərifləmək fikrim yoxdu. Yayın başqa bir aktual mövzusu da var -futbol. Bax, bu başqa məsələ. Ona görə də Kürdən yox, "Dnepr"dən yazmaq istəyirəm. Ukraynanın Dnepropetrovsk şəhərini təmsil edən klubdan. "Dnepr" sovetlərin zamanında sayılıb-seçilən komandalardan idi, hətta iki dəfə SSRİ çempionu olmağı, bir dəfə də ölkə kubokunu evə aparmağı bacarmışdı. Futbol mövzusunu beş barmağı kimi bilən, bu mövzuda maraqlı köşələr yazan, "Uembli arayışı"nın müəllifi Məzahir Əhmədzadə yazının bu hissəsinə etiraz edib deyə bilər ki, Cəbrayıloğlu, "Dnepr" sovet komandaları arasında heç vaxt top-komanda sayılmayıb. Bu iradla razıyam, "Dnepr" nə Moskva "Spartak"ı, nə "Dinamo"su, nə MOİK-i kimi elit komanda deyildi. Ukraynanın digər bir təmsilçisi- Kiyev "Dinamo"su ilə heç müqayisəyə də gəlməzdi. Amma hər halda ən zəif bəndlərdən də deyildi. Xüsusi ilə 80-ci illərdə "Dnepr"in heyətində Protasov, Taran, Litovçenko kimi bacarıqlı futbolçular top qovurdu.
Ukrayna müstəqillik qazandıqdan sonra da "Dnepr"in işləri pis getmirdi, klubun futbolçuları tez-tez milli çempionatın müxtəlif əyarlı medallarına əl toxundura bilirdilər. Dnepropetrovsk şəhərinin təmsilçiləri Avropa miqyaslı yarışlarda da ölkələrini uğurla təmsil edə bilirdilər. Hətta iki il öncə "Dnepr"ə Avroliqanın finalında oynamaq da qismət olmuşdu. Lakin təəssüf ki, indi "Dnepr" heç öz milli çempionatındakı ən güclü klublarla yarışmaq gücündə deyil, aşağı dəstəyə üzüaşağı yuvarlanıb.
Bu günlərdə aparıcı idman saytlarında qarşıma çıxan xəbərdə "Dnepr"in acınacaqlı durumu barədə oxudum. Elə bu yazını da həmin klubu yenidən ən güclülər arasında görmək ümidi ilə yazdım. Amma "Dnepr" ölkəsindəki böyük klublarla necə yarışsın? Məncə, bu problemi asanca həll etmək olar, müdriklər demişkən, ən çıxılmaz situasiyadan belə azı bir çıxış yolu var.
Götürək elə bizim gözəl premyer-liqamızı, "Dnepr"i çempionatımıza niyə dəvət etməyək? "Dnepr" niyə Bakıya gəlməsin ki... Onsuz da çempionatımızda top qovmağa komanda tapılmır, səhv etmirəmsə indi ortada cəmi 8 klub qalıb. "Qarabağ" və "Qəbələ"dən başqa digər 7 klubun əli ilboyu AFFA-nın cibindədi, 7 əlinin girdiyi cibi özünüz təsəvvür edin də... Çempionatımıza maraq-filan da qalmayıb, ona görə də stadionlara gedib premyer-liqamızı izləyən azarkeşləri barmaqla saymaq olur. Ötən mövsümü klublar birtəhər başa vurdular, bu dəfə görək nə olacaq. Nə olacaq ki? Avropa miqyaslı yarışlar qapını döyür, bəzi klublarımız gələn həftə artıq oyuna çıxmalıdı, amma düz-əməlli transfer edən yoxdu.
Belə bir durumda "Dnepr"in Bakıya gəlməsi bəlkə bizim çempionatı bir balaca maraqlı edərdi. Olmasın Dnepropetrovsk, olsun, Bakının Dərnəgül qəsəbəsi. Qoy paytaxtın bir klubu da artsın, onsuz da klublarımızın yarıdan çoxu elə Bakını təmsil edir. Mingəçevirdə, Şirvanda, Yevlaxda, Lənkəranda, Qubada, Masallıda, Bərdədə, Neftçalada futbolu çoxdan öldürüb ehsanını da səxavətlə paylayıblar. Bir dənə "Dnepr"in də gəlib Dərnəgülü təmsil etməsi ilə dünya dağılmaz.
Kür Bakıya axıb gəlibsə, qoy Dnepr də gəlsin. Amma çay yox e, futbol klubu...

TƏQVİM / ARXİV