adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Iyun 2017 09:53
4134
GÜNDƏM
A- A+

SƏRHƏDLƏRİMİZİN MÜDAFİƏSİ ETİBARLI ƏLLƏRDƏDİR

Müstəqil dövlətimizin banisi Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respublikamıza böyük hörmət və nüfuz qazandıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf edərək dünyanın qabaqcıl, firavan və mötəbər tədbirlərə layiqincə ev sahibliyi edə biləcək dövlətlərdən birinə çevrilib. Dövlətimizin başçısının Vətənimizin sərhədlərinin mühafizəsinə göstərdiyi diqqət və qayğı nəticəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində də xeyli uğurlar qazanılıb, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində lazımi şəraitin yaradılması nəticəsində Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunub. Bu sahədə görülən işlərin verdiyi səmərənin bariz nümunəsini Dövlət Sərhəd Xidmətinin Yevlax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində görmək mümkündür.
Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində olduğu kimi, Yevlaxdakı "N" saylı hərbi hissədə də müntəzəm olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. Ünsiyyətdə olduğumuz hərbi qulluqçulardan gizir Tural Pirnəzərov deyir ki, Yeni il, Novruz bayramı ərəfəsində, Silahlı Qüvvələr Günündə təşkil edilən və artıq ənənəyə çevrilən tədbirlər çərçivəsində keçirilən "Valideyn günləri" şəxsi heyətin təlim-tərbiyəsində, mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində, xidməti vəzifələrin icrasına məsuliyyət hissinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayan bu tədbirlərdə DSX rəhbərliyinin, Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hərbi hissədə xidmət edən əsgərlərin valideynləri iştirak edirlər. Nümunəvi xidmət edən əsgərlər fəxri fərmanlarla, "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanları ilə, qiymətli hədiyyələrlə təltif olunur, onların valideynlərinə "təşəkkür məktubları" təqdim edilir. Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirir, hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçir. Bir çox hallarda tədbirlər Yevlax şəhər mədəniyyət evinin və DSX Zabitlər Evinin "Sərhədçi" vokal-instrumental ansamblının ifasında konsert proqramı ilə müşayiət olunur.
Onu da qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2011-ci ildən başlayaraq DSX-nin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilmiş "Valideyn günləri"nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, hərbi kollektivdə sağlam mənəvi mühitin yaradılması və valideyn, əsgər və hərbi hissə arasında əlaqələrin daha da möhkəmləndirilməsində əhəmiyyətini yüksək qiymətləndirir.
Hərbi hissələrdə şəxsi heyətin sosial şəraitinin yüksək səviyyədə təmin edilməsi bilavasitə intizama, yüksək döyüş hazırlığına müsbət təsir göstərən əsas amillərdəndir. Valideynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirir, övladlarını təbrik edərək onlara Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırırlar.
Valideyn Seyfəli Rzayevin dediklərindən: "Əsgər yeməkxanasında burada xidmət edən övladımla birgə nahar etmişik. Şahidi olmuşam ki, çox gözəl xidmət və məişət şəraiti yaradılıb. Hərbi hissə komandiri polkovnik Ramin Bağırov şəxsən özü buradakı şərait barədə təklif və rəylərimizi soruşur, biz valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparır".
Valideyn İnqilab Nəsirli də bu nümunəvi hərbi hissədə nizam-intizama ciddi fikir verildiyini təsdiqləyir: "Hərbi xidmətə yollanandan sonra oğlumu ilk dəfə hərbi andiçmə mərasimində gördüm və elə ilk baxışdan onun xasiyyət və davranışındakı müsbət dəyişiklikləri müşahidə etdim.Bu hərbi hissənin sıralarına qatılan gənclər təkcə Vətəni müdafiə etməyə hazır, yüksək döyüş qabiliyyətli əsgərlərə deyil, həm də sözün həqiqi mənasında əsl kişiyə çevrilirlər".
Yevlax rayonundakı "N" saylı hərbi hissənin hərbi qulluqçuları Dövlət Sərhəd Xidmətinin dəstək verdiyi ictimai tədbirlərdə də fəal iştirak edirlər. Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə may ayının 26-da Qax rayonunda "Tarixin canlı səhifələri" V Gənclər Festivalı keçirildi. Festivalda Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
"Tarixin canlı səhifələri" festivalı üçün müvafiq rekonstruksiya formatında xüsusi hazırlanmış Azərbaycanın müxtəlif dövrlərini canlandırılan kütləvi tamaşada Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və süvarilər qrupu, o cümlədən DSX-nin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgər və zabitləri də öz bacarıqlarını məharətlə nümayiş etdirmişlər.
Tamaşada Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, apardığı müdrik daxili və xarici siyasət, Azərbaycanın keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük uğurlar tarixi video görüntülərlə iştirakçılara təqdim olunmuşdur. Azərbaycan bəstəkarlarının simfonik muğamları, tarixi filmlərin musiqiləri əsasında işlənən video görüntülər, xüsusi işıqlandırma effektləri ilə müşaiyət olunan və çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla izlənən tamaşa Azərbaycanın şanlı dövlətçilik tarixinin təbliğ edilməsi və gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından çox əhəmiyyətli olmuşdur. Festival Azərbaycanın dövlət himninin səsləndirilməsi və atəşfəşanlıqla başa çatmışdır.
05 iyun 2017-ci il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilmişdir. Tədbirdə çıxış edənlər artıq tarixin yaddaşına qızıl hərflərlə həkk olunan IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə başa çatması və ən çox qızıl medal əldə etməklə oyunlarda komanda hesabında birinci yerə layiq görülmüş Azərbaycan yığmasının uğurlu çıxışı münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişlər. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti, qayğısı və dəstəyi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin rəhbərliyi ilə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə oyunların Azərbaycan modelini yaratmışlar.
Ölkə idmanına daima öz layiqli töhfələrini verən "Sərhədçi" idman klubunun üzvləri Azərbaycan yığma komandasının tərkibində IV İslam Həmrəyliyi Oyunlarına qatılmış, 3 qızıl, 2 gümüş və 2 bürünc medalı qazanmışlar. Medalçılar arasında DSX-nin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları da yer almışlar.
Öz qələbə sevinclərini bölüşən qalib idmançılar idmanın inkişafına göstərdiyi ali diqqət və qayğıya, idmançılar üçün yaradılmış ideal şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə, xalqımıza yeni idman qələbələri bəxş edəcəklərinə söz vermişlər. Görüşün sonunda IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak etmiş sərhədçi idmançılar mükafatlandırılmışlar.
Yeri gəlmişkən qeyd edək ki, yayda havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrimizin bütün hərbi hissə və birləşmələrində olduğu kimi DSX-nin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində də şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədi ilə xüsusi rejim tətbiq olunur. Bu məqsədlə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri havanın sərin olduğu səhər və axşam saatlarında keçirilir, hərbi qulluqçulara günorta saatlarında istirahət üçün vaxt da verilir. Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən, hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmurlar. Əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, digər xidməti və inzibati otaqlar kondisioner və ventilyatorla təmin edilir.
Şübhə etməyə dəyməz ki, bunca qayğı və diqqətin, yüksək səviyyəli təlimin qarşılığında sərhəd qoşunlarının hərbi qulluqçuları içdikləri hərbi anda sadiq qalaraq öz üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirəcək, ölkəmizin sərhədlərini etibarlı qoruyacaq, düşmən üzərində qazanacağımız çox da uzaqda olmayan Böyük Qələbənin əldə olunmasına sanballı töhfələr verəcəklər.